Modern.az

Məleykə Abbaszadə Məşədi İbadın “varis”idirmi?

Məleykə Abbaszadə Məşədi İbadın “varis”idirmi?

8 Avqust 2013, 22:33

Mahir Qabiloğlu


Proloq
 

TQDK - Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası. Yarandığı gündən ürəklərə ümid toxumları səpib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dünyaya gəlib. Onun zamanında  iki müsbət hadisədən biri sayırlar bu addımı. İkinci addım rus qoşunlarının Azərbaycandan çıxarılması idi.

TQDK-nın yaradılması ilə ali məktəblərə qəbulda xoşagəlməz halların, loru dildə desək, rüşvətin qarşısı alındı. Təsadüfi deyil ki, yaradıldığı il ali məktəblərə qəbul olunanlara əlləri yağlı tikədən çıxan institut müəllimləri ironiya ilə “bəylərin (Xalq Cəbhəsinin) övladları” adı vermişdilər. O zaman bir il əvvəl qızıl medalla məktəbi bitirən, amma süni maneələrə görə qəbul ola bilməyən dayım qızı da testin sayəsində yüksək balla Tibb İnstitutuna daxil olmuşdu.

TQDK-nın bəhrəsini bir ailə başçısı kimi mən də dadmışam. İki qızım eyni ildə ali məktəbə daxil olub. Əlbəttə ki, öz başlarıyla. Düzdür həkim olmaq istəyirdilər, amma 4 balları çatmadı. BDU-nun biologiya fakültəsinə daxil oldular.  

Ata qumar oynayır və... qızını uduzur...

Üzeyir Hacıbəylini klassik adlandırırlar. Onun iki əsərinə çəkilən “O olmasın, bu olsun” və “Arşın mal alan” filmlərini kinomuzun şedevrləri sayırlar. Amma səhv edirlər. Məndən olsaydı Sovet vaxtı dünyaya kino ilə yayılan bu əsərləri fonddan yox, həyatımızdan silərdim. İzi-tozu da qalmazdı.

Belə çıxır ki, 20-ci əsrin əvvəllərində Azərbaycanda belə atalar varmış?  Həm də böyük publisist olan Üzeyir Hacıbəyli inanmıram ki, bu qədər böyük səhv edə və əclaf ata surətini ekrana gətirə. Deməli olub ki... Nə olsun komediyadır?

Ata qumar oynayır. Uduzur. Sonra əlacsız olaraq gəlir baqqal Məşədi İbadın yanına. Qızını ona verəcəyinə əmin edərək, dəfələrlə ondan pul qoparır. Ata qızını ərə verirmi? Yox! Deyəcəksiniz ki, satır. Əsla! Satmır! Ata dolayısı yolla qızını qumarda uduzur. Görəsən 19-cu əsrin axırlarında, 20-ci əsrin əvvəllərində belə atalar çox idimi?

Nəzəriyyədə buna tipik surət deyirlər

Tipik surət. Ümumiləşdirilmiş surət. Ədəbiyyatımızda hər hansı bir obraz canlandıqda ədəbi tənqidçilər bunu tipik surət kimi təhlil edirlər. Onda Gülçöhrənin atası bizim üçün kimdir? Azərbaycanda belə atalar çox idimi ki, Üzeyir Hacıbəyli bunu ədəbiyyata gətirməyə, hətta onu vizuallaşdırmağa ehtiyac duydu? Gülnazın atası qızını satır, qumarda uduzur. Sonra da Sərvərlə gizli sövdələşməyə girərək namuslu, qeyrətli, dinli-imanlı, başı halalca işinə - alverə qarışdığından evlənməyə vaxt tapmayan oğlan uşağı Məşədi İbadı tora salır. Pulunu da mənimsəyir, qızı da vermir. Əvəzində qulluqçu Sənəmi ona sırıyır. Məşədi İbad da naəlac qalıb ne desə yaxşıdır? Deyir ki, “o olmasın, bu olsun”

Yaxud da ki, “Arşın mal alan”dakı ata surəti. Qızının qaçırılması planını qurur. Qaçıranlar əvvəl səhvən Asyanı, sonra isə Gülçöhrəni aparırlar. İndi də bir şey alanda bu misal dilimin əzbəridir.

Kafel alırdım. Vitrində olan bir çeşidi bəyəndim. Çek yazıb, pulumu aldılar. Gətirib ustalara təhvil verdilər. Ertəsi gün gəlib gördüm ki, artıq yarısını divara yapışdırıblar. Kafellər isə mən bəyəndiyim deyil. Demə satıcı səhv edib. Geri qayıtdım. Qışqırığım mağazanı götürdü: “Deməli belə çıxır ki, Siz mənə Gülçöhrəni göstərib, Asyanı sırımısınız?”. Əlbəttə ki, satıcılar heç nə başa düşmədilər. Çünki artıq 21-ci əsrdir. Bundan betər hadisər də baş verir.

Amma dəxli yoxdur. Üzeyir Hacıbəyli necə yazıbsa, elə də davam edir. Hətta formaları da çoxalır. Elə biri bizim TQDK və onun sədri, hörmətli Məleykə Abbaszadə. Bu kinolara o qədər baxıblar ki, tələbə qəbulunda bu formatdan qırağa çıxa bilmir.

İnsan arzuları və bal

Mən həkim olmaq istəyirəm. Uşaqlıqdan arzum budur. Niyə axı sənədi dolduranda müxtəlif cür ixtisas, institut adı yazmalıyam. Sonda lazımi qədər bal toplamayıb, biologiya fakültəsinə düşməliyəm. Yaxud da ki, bioloq olmaq istəyən digəri qandan qorxa-qorxa niyə gedib həkim olmalıdır. Yaxud da cərrah olmaq istəyən əczaçılıq fakültəsinə girməlidir. Pulu olan ödənişsizə, pulu olmayan isə ödənişliyə düşməlidir. Pulu ödəmək qabiliyyətində olmasa, hətta intihar etməlidir. Atasının, anasının boğazından kəsməlidir. Təhsilini başa çatdırmaq üçün səhər dərsə, gecələr isə... Çünki Sizin TQDK-nın seçim sistemidir bu neqativ halları yaradan. Məleykə xanım, konkret olmaq olmazmı?

Niyə axı, ata, ana  Sizin bu qəbul siyasətinizə görə balasına uydurma  təsəllilər verməlidir:

“Bala nə olsun ki, “leçfak” olmadı olmadı da, “farmfak” da pis deyil. Diplom eynidir də...”. Yaxud da – ““leçfak”a girsəydin, sonra da rezidentura duracaqdı qabağında. Səni nə vaxt evləndirəcəkdim və ya nə vaxt ərə verəcəkdim? Qız qalıb evdə qarıyacaqdın. Biz də nəvə görmək istəyirik axı?”.

Yaxud da “ay qızım, neyləyirsən e ATU-nu, biologoya fakültəsi də pis deyil. Qız uşağısan da. Elçilərə nə lazımdır? Bircə onu desinlər ki, “gəlinimiz ali təhsillidir”. Fərqi nədir e... ATU və ya APU-nun biologoyası. İkisi də ali təhsildir də. Təki diplomun olsun”.

Məleykə xanım, abituriyentlər Sizin TQDK-ya həkim olmaq üçün gəlirlər, bioloq olurlar. Tarixçi olmaq istəyirlər, kitabxanaçılığa daxil olurlar. Neftçi olmaq istəyirlər, kanalizasiya turbası çəkirlər. Prokuror olmaq istəyirlər... Hamısı da Sizin 21 ildir ki, tətbiq etdiyiniz yarıtmaz seçim etalonunuza görə. Bu siyasət isə bir şeyə hesablanıb. Sonda qolu-qanadı qırılmış valideynlər və abituriyentlərin bircə ifadəni işlətməsinə: “Neynəyək ki, alınmadı. Məşdibad demişkən “o olmasın, bu olsun”. Yaxud da “Gülçöhrənin dalıyca getmişdik, Asyanı sırıdılar”.

Siz və TQDK səlahiyyətlərinizdən istifadə edib insanların taleyini  təyin etməyin. Həkim olmaq istəyir, lazımi bal yığa bilməyibsə, qarşısına digər ixtisas və institutlar qoymayın.
“Ödənişliyə müsabiqə balı aşağıdır, ödənişsizə yüksəkdir” deyib şirnikləndirməyin. Ali təhsil ocaqlarını isə təhsil haqlarını qaldırmağa ruhlandırmayın. Keçid balını aşağı salmaqla institutların tələbə planını doldurmayın. Savadlılar planını doldurmağa çalışın. Savadı azdırsa,  geri qaytarın. Oxusun, öyrənsin, gələn il gəlsin. Özünü sınasın. İstəyinə çatsın. Gələcəyini Sizin kompüterlərin hesabladığı keçid balları yox, qoy özləri təyin etsinlər. Dövlət institutlarında ödənişli təhsilin ləğv olunmasıyla bağlı prezidentin qarşısında məsələ qaldırın.

İmtahanları 21 ildir ki, necə obyektiv aparmısınızsa, eləcə də davam edin. Buna heç bir iradımız yoxdur. Hələ ki, adınız neqativ müstəvidə hallanmayıb. Amma Məşəd İbadın “varisliy”indən imtina edin. Valideynlərə, abituriyentlərə “O olmasın bu olsun” dedirtməyin.  

TQDK bunun adını ixtisas seçimi qoyub. Düzgün deyil. Bunun adı “İxtisas seçimi” yox, “institut seçimi” olmalıdır. Məsələn, mən filoloq olmaq istəyirəm. Bu ixtisas üzrə Azərbaycanda 10 ali məktəb var. BDU, APU, AMU, SDU, LDU və özəl universitetlər. Bax burda seçim etməyə dəyər. Mən lənkəranlıya maddi cəhətdən Bakıda filoloq olmaq sərf edər, yoxsa Lənkəranda?

Hazırki ixtisas seçimi sistemi isə əlləri uşaqlıqdan arzusunda olduqları sənətdən üzülən, prestij ixtisaslara balların və ya müsabiqənin ilbəil yüksək sürətlə artdığını göz önünə gətirən insanlarda gələcəyə bir ümidsizlik sindromu yaradır. Onları “birdən gələn il girə bilmədim. Əsgərliyə aparacaqlar. Ali təhsil ali təhsildir də... O olmasın bu olsun” deməyə vadar edir.

Məleykə xanım, fənlər, suallar, testlər çox ola bilər, çətin, qəliz də yazıla bilər. Bununla razıyam. Rəqabət güclü olmalıdır. İnsanın uşaqlıqdan yiyələnmək istədiyi sənət - arzu isə yeganədir. Alternativi yoxdur.

Məleykə xanım, Sizin qanunlara görə, ballar hesablananda bir neçə səhv cavab bir düzgün cavabı ləğv edir. Çox “düzgün” qaydadır. Həyatda da pis yaxşıya həmişə qalib gəlir.

Məleykə xanım, üzr istəyirəm. Bütün yazı boyu bu qədər tələblər qoydum, amma sehrli sözləri yazmaq yadımdan çıxmışdı: “Xahiş edirəm”.

Epiloq

- Ay bala, böyüyəndə nə olmaq istəyirsən?

- Bilmirəm.

- Necə yəni bilmirəm?

- Birinci bal yığmalıyam. Sonra isə Məleykə xanım nə istəsə, ondan da olacam. Deyəcək prokuror ol! Olacam. Həkim ol! Yenə də olacam. Lazım olsa, kanalizasiya xətləri də çəkəcəm. Əlbəttə ki, balım yol versə. Səhv cavablarım düz cavablarımı yeməsə.

- Bunu hardan çıxartdın? Ola bilməz?

- Necə yəni ola bilməz? Məni Sizin üçün hacıleylək gətirə bilər, gələcək sənətimi Məleykə xanım təyin  eləyə bilməz?

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi