Modern.az

Seyran Səxavət Çingiz Abdullayevdən DANIŞDI: Bu "körpə uşaq"dan nə istəyirsiz...

Seyran Səxavət Çingiz Abdullayevdən DANIŞDI: Bu

Ədəbi̇yyat

4 Sentyabr 2023, 17:06

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək niyyətində olduğunu bildirib. O, sosial media hesabında Bakı ləhcəsində danışdığı üçün qınanıldığını yazıb.

 

“Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!” - deyə yazıçı vurğulayıb.

 

Modern.az Çingiz Abdullayevin paylaşımı ilə əlaqədar yazıçı Seyran Səxavətin mövqeyini öyrənib. O, saytımıza açıqlamasında Azərbaycan xalqının Çingiz Abdullayev kimi bir şəxsiyyətdən imtina etməməli olduğunu bildirib.

 

“Mənim üçün sosial şəbəkə 98% mövcud deyil. O, nə ictima rəydir, nə real, sərbəst münasibətdir. Mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Çingiz Abdullayev mənim qələm yoldaşımdır, dünya şöhrətli bir yazıçıdır. Kitabları dünyada ən çox çap edilən azərbaycanlı yazıçıdır. Azərbaycan uğrunda hər zaman cəngavər kimi göstərib özünü, döyüşüb. Xüsuilə II Qarabağ müharibəsi zamanı Rusiya kanallarında, ekranlarında...

 

Çingiz onu tənqid edənlərin bundan 100 il sonra da edə bilməyəcəklərini yarım saata, 40 dəqiqəyə edib. Çingiz sadə, uşaq kimi adamdır. Onun içində balaca bir Çingiz var. O, mən baxan tərəfdən uşaq kimi görünür. Amma böyük əməllər sahibi olan bir uşaq kimi görünür. Sosial şəbəkədə yaşlı-yaşlı adamlar, bu "körpə uşaq"dan, məsum varlıqdan nə istəyirsiz?

 

Çingiz Abdullayev çıxıb gedə də bilər. Onda o qədər böyük Azərbaycan sevgisi var ki, gedəndə içində böyük bir Azərbaycanı da özü ilə aparacaq. Amma Azərbaycanın içində Çingiz qalmayacaq. Biz niyə o boyda kişidən, qələm sahibindən imtina edirik axı? Azərbaycanda məmurlar tanıyırdım, Azərbaycan dilində iki kəlmə söz deyə bilmirdilər", - yazıçı deyib.

 

Seyran Səxavət Çingiz Abdullayevin ölkədən getməyəcəyini düşünür:

 

"Çingiz həm də Sovet dövründən qalma bir adamdır. Əgər söhbət Azərbaycan dilindən gedirsə, o indi reanimasiyadadır. Sosial şəbəkələrin Çingiz vasitəsilə Azərbaycan dilinin qeyrətini çəkməsinə inanmıram. Bu əslində Çingizlə bağlı deyil, dillə bağlıdır. Çingiz sadəcə bir ünvandır. Çingiz heç hara gedən deyil. Mən hiss etdiklərimi deyirəm. Sadəcə dilinə gətirib. Adamı nə qədər bezdirərlər axı? İnsan canından da bezir. Canından bezən adamın vətənindən bezməyi elə də çətin məsələ deyil. Bezdirməyək, ziyalılarımızın qədrini bilək. Çingiz  Abdullayev sözün ağır artirelliyalarından biridir. Azərbaycada neçə yazıçı tapmaq olar ki, Moskvada rus dilində düşmənlərimizi məhv etsin, onların qarşısında dayana bilsin?!”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir