Modern.az

“Azərbaycan dili və Ədəbiyyatı Forumu”ndan narazılar: “Köhnə problemlər danışıldı” - TƏNQİD

“Azərbaycan dili və Ədəbiyyatı Forumu”ndan narazılar: “Köhnə problemlər danışıldı” - TƏNQİD

4 Sentyabr 2023, 14:08

Sentyabrın 1-3 aralığında keçirilən “Azərbaycan dili və Ədəbiyyatı Forumu” əvvəlcə Şamaxıda, sonrakı iki gün isə Bakıdakı Gülüstan Sarayında təşkil olunub. Forumun keçirilməsini müsbət hadisə kimi qiymətləndirənlərlə yanaşı, onun işi haqda tənqidi fikirlər də səsləndirənlər də var.
 

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz ilk dəfə keçirilən tədbirdə əsasən köhnə problemlərin müzakirə edildiyinə diqqət çəkib:


“Ölkədə ilk dəfə “Azərbaycan dili və Ədəbiyyatı Forumu” keçirilib. Faydalı addımdır.

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və AMEA əsas təşkilatçılar olub.

Düşündüm ki, bəlkə hazırda olduqca vacib olan Azərbaycan dilinin milli korpusu-azcorpus məsələsini də müzakirə ediblər.

Forumla bağlı məlumatları bir az araşdırdım, gördüm ki, ancaq köhnə ədəbi problemlər, kitab və mütaliə məsələləri müzakirə predmeti olub.

Düşünürəm ki, bu sahədə daha aktual, müasir və daha strateji olan azcorpus məsələsini müzakirə etmək çox faydalı olardı.

Hələ də müəyyən deyil ki, Azərbaycan dilinin milli korpusunu kim hazırlayacaq.

Ana dilimizdə süni intellekt həllərinin və NLP (təbii dilin emalı) layihələrinin inkişafı, ana dilimizdəki mətnlərin emalı və riyazi-statistik təhlili, kompüter dilçiliyinin inkişafı üçün bir nömrəli məsələ milli korpus və onun inkişafı məsələsidir.

Bu istiqamətdə hazırda müxtəlif qruplar, təşkilatlar və şirkətlər müəyyən addımlar atır, nəsə etməyə çalışırlar. Heç olmasa onları foruma dəvət etmək, dinləmək olardı.

Fikrimcə RİNN, AMEA, ETN bu məsələyə ciddi önəm verməlidir.

Düşünürəm ki, azcorpus-la məşğul olan qruplara kömək etmək, Azərbaycan dilində mövcud olan nəhəng datanı bir yerə toplamaq lazımdır.

Bu işə ciddi resurslar ayrılmalı, onun üzərində tədqiqatlar aparılmalı və modellər işlənməlidir, milli korpus istifadə üçün faydalı bir hala gətirilməlidir”.
 

Şair Aqşin Yenisey yeni nəsil yazarların forumda arxa planda qalmasından narazılıq edib.

A.Yeniseyin “Azərbaycan dili və Ədəbiyyatı Forumu”ndan gəldiyi nəticə bundan ibarətdir ki, köhnə nəsillərlə yeni nəsillərin dialoqu mümkün deyil.

“Çünki məqsədləri bir-birinə ziddir. Köhnələr keçmişi qorumaq, yenilər gələcəyi yaratmaq istəyir. Dövlət ikisindən birini seçməli və prosesin ağırlıq mərkəzini seçdiyinin üzərində qurmalıdır”.
 

Şair bildirib ki, mədəniyyətin inkişafı dedikdə hər kəs özünü, təmsil olunduğu təşkilatı, qrupu mədəniyyətin mərkəzinə qoyduğu, öz dovşanının davasını etdiyi üçün inkişaf strategiyası mədəniyyəti təmsil edən adamların müdaxiləsi olmadan həyata keçirilməlidir.
 

“Forum göstərdi ki, bürokratik heyət daha hazırlıqlı və uzaqgörəndir. Mədəniyyətimizin mövcud intellektual potensialı özünü yeniləmək gücündə və niyyətində deyil. Ümumi düşüncədə gələcək haqqında aydın təsəvvür yoxdur, çünki belə bir qayğısı olmayıb.

Strateji məsələlərdə mədəniyyətdən el şənliyi atmosferi yığışdırılmalı, məsuliyyət "intellektual nüvə"nin üzərinə qoyulmalıdır. Məsələn, forumun Şamaxı boyunda bircə qəfildən qız-gəlinin üstünə şığıyan cöngə çatışmırdı.

Mədəniyyətin daxilində "Xüsusi təyinatlılar", yaxud "Asan xidmət" modelləri kimi praktik bir qrup yaradılmalı, şəxsləri deyil, əsərləri önə çıxaran meyarlar müəyyən olunmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı