Modern.az

Tanınmış şairə Rusiyada Azərbaycanı təmsil edib

Tanınmış şairə Rusiyada Azərbaycanı təmsil edib

Ədəbi̇yyat

26 Sentyabr 2023, 12:05

O, həmin tədbirə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyi münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi kimi dəvət olunmuşdu

Sovet dövründə “Mənim Dağıstanım” əsəri və milli koloritli şeirlərilə milyonlarla oxucunun dərin rəğbətini qazanaraq, geniş şöhrət tapmış Rəsul Həmzətovun yubiley komissiyası hələ iki ay əvvəl şairə həsr edilmiş esse müsabiqəsi elan etmişdi. Fərəhli haldır ki, Rusiyanın və digər ölkələrin, o cümlədən Dağıstanın ədəbi nümayəndələrinin iştirak etdiyi həmin beynəlxalq müsabiqənin qalibi “Dağıstan günəşi” adlı maraqlı xatirə essesi ilə Azərbaycan şairəsi, Respublika Yazıçılar Birliyinin üzvü Xatirə Fərəcli müsabiqənin qalibi hesab edilmiş və bugünlərdə Rusiya Federasiyasının IX Parlament Forumunun Rəsul Həmzətovun yubileyi münasibətilə Dağıstan Respublikasının paytaxtı Mahaçqalada keçirilən yubiley tədbirinə Azərbaycandan yeganə nümayəndə olaraq dəvət edilmişdi.  

Mahaçqalanın Rəsul Həmzətov adına Milli Kitabxanasında “Rusiyanın tarixi-mədəni irsi” adı altında təşkil edilmiş mötəbər Forumda Rusiya Dumasının Federasiya Şurası sədrinin beynəlxalq məsələlər üzrə birinci müavini Vladimir Cabbarov və sədr müavini Konstantin Kosaçov, Federal Agentliyin milli məsələlər üzrə rəhbəri İqor Barinov, Dağıstanın Milli məsələlər və dini işlər üzrə naziri Enrik Müslümov, həmçinin dövlət orqanlarının, elmi və ekspert cəmiyyətlərinin, Rusiyanın ənənəvi dini konfessiyalarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, İrandan, Özbəkistandan, Tacikistandan, Tatarıstandan və digər ölkələrdən olan qonaqlar iştirak etmişlər.

Tədbirdə Xəzəryanı ölkələrin dünya iqtisadiyyatına, elm və texnikasına, mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrdən, o cümlədən Dağıstanın Xalq şairi Rəsul Həmzətovun bəşəriyyəti birliyə, sülhə səsləyən poeziyasından, həmçinin ürəkləri riqqətə gətirən mahnı qoşulmuş məşhur “Durnalar” şeirindən söhbət açılmışdır. Plenar yığıncaqda tədbirin 20-yə qədər iştirakçısının, o cümlədən Azərbaycan nümayəndəsi, Sumqayıt “Zərif” Qadın ədəbi məclisinin sədri Xatirə Fərəclinin çıxışları böyük maraq və rəğbətlə qarşılanmışdır.

Yubiley tədbiri Rusiyanın müxtəlif vilayətlərinin folklor ansambllarının, tanınmış müğənnilərinin və rəqs kollektivlərinin geniş konsert proqramı ilə başa çatmışdır.  
 

Rəhman ORXAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok