Modern.az

“Dövlət, Adam ol!” Yevtuşenkonun Kremlə atdığı “bomba”

“Dövlət, Adam ol!” - Yevtuşenkonun Kremlə atdığı “bomba”

Ədəbi̇yyat

28 Sentyabr 2023, 13:36

"Dövlət, Adam ol!", "Vətəndaşlar, eşidin məni", "Ana və neytron bombası" və s. kimi şeirləri ilə Sovet sisteminə, onun rəhbərliyinə, dünyanın ədalətsizliyinə, haqsızlıqlarına qarşı çıxan məşhur rus şairi Yevgeni Yevtuşenko ötən əsrin 80-ci illərinin əvvəllərində SSRİ-nin 1 №-li qəzeti olan "Pravda"da dərc etdirdiyi "Дороги" ("Yollar") adlı publisistik poeması ilə Kremlə sanki bomba atmışdı. Əsərin törətdiyi "partlayış" Kremli möhkəm titrədib-silkələmiş, əks-sədası bütün ölkəyə yayılmışdı. Bu, gözlənilməz bir "partlayış" idi. Heç zaman ipə-sapa yatmayan, cəsarətli şeirləri ilə milyonlarla oxucunun sevimlisinə çevrilmiş Y.Yevtuşenko Sovetlərin əsas, baş qəzetində SSRİ-nin çox yerlərdə bərbad vəziyyətdə olan, çala-çuxur, yamaqlı-yırtıqlı yollarına təhqiredici müqayisə verərək, onları... əxlaqsız, namussuz qadınlara bənzətmiş, ancaq “5 illik planlar” barədə düşünən “yuxarılar”ın ölkənin yol infrastrukturuna laqeydliyini pisləmişdi.


Kremli silkələyən, onun liderlərini dəhşətə gətirən isə həm də poemanın hansısa bir əyalət qəzetində deyil, "Lenin partiyası"nın əsas tribunası olan "Pravda"da dərc edilməsi idi. Kreml "bossları"nda daha çox hiddət doğuran o idi ki, az-az hallarda, həm də yalnız Kommunist partiyasını, Sovet "qardaşlığını" tərənnüm edən, SSRİ-nin böyük Qələbəsi və hansısa bayramlarla bağlı yalnız kişik, qısa şeirlər verən "Pravda" birdən-birə "nə əsaslasa" özünün bütöv bir səhifəsini sosialist sisteminə meydan oxuyan "Doroqi" poemasına ayırmışdı. 1937-38-ci repressiya illəri olsaydı, şübhəsiz ki, həm qəzetin baş redaktoru, həm də poemanın müəllifi "əlli-ayaqlı" gedəcəkdilər – ya güllələnməli olacaq, ya da ömürlük Sibirə sürgün ediləcəkdilər...


Yolverilməz "ÇP" ilə bağlı Kremldə təcili olaraq keçirilən "Politbüro" yığıncağında Andrey Qromıko kimi kişi (o, uzun illər SSRİ-nin Xarici işlər naziri olmuşdu, böyük beynəlxalq nüfuza malik idi) və daha bir-iki obyektiv, sözünü cəsarətlə deyə bilən dəyanətli Büro üzvü olmasaydı (elələri də istisna deyildi), onların hər ikisinin aqibəti çox acınacaqlı olacaqdı. Onsuz da Y.Yevtuşenkonun bioqrafiyasında "qara ləkələr" az deyildi. O, hələ 15 yaşında ikən dəcəlliyinə görə məktəbdən qovulmuş, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda "özünü yaxşı aparmadığına" görə həmin nüfuzlu ali məktəbdən xaric edilmişdi. Sonrakı illərdə özünün kəskin, mübariz ruhlu şeirləri, "sistem"ə qarşı barışmaz mövqeyi ilə dissident həyatı yaşayırdı (təsadüfi deyil ki, 1991-ci ildə SSRİ dağılan kimi Rusiyaya "əlvida" deyərək, həmişəlik olaraq Amerikaya, Oklaxoma ştatına köçmüşdü), lakin xalq onu çox sevdiyindən hakimiyyət ona dəyib-dolaşa bilmirdi. Bu, həmin Y.Yevtuşenko idi ki, onun 70-dən artıq kitabı çıxmış, şeirlərinə 80-ə qədər mahnı bəstələnmişdi.


..."Politbüro"da onun nüfuzlu, sözükeçən üzvü Aндрей Qromıkonun fikirləri ilə razılaşmalı olmuşdular. O, cəsarətlə bildirmişdi ki, poemadakı fikirlər nə qədər kəskin olsa da, acı həqiqət budur: SSRİ-də nəinki ucqar vilayətlərdə, kənd və qəsəbələrdə, hətta böyük şəhərlərdə belə yollar çox bərbad vəziyyətdədir. Yəni, tənqidə görə cəzalandırmaq yox, tədbir görmək, ölkənin yollarını qaydaya salmaq lazımdır. Axı, nəinki A.Qromıkoya, həm də SSRİ-nin bütün "başbilənlərinə" yaxşı məlum idi ki, paytaxt Moskvadan fərqli olaraq İttifaqın digər şəhərlərində, əksər regionlarda yollar bərbad, yararsız olduğundan çoxlu avtomobil qəzaları baş verir, il ərzində 25 mindən çox adam yollarda həlak olurdu. Bu, danılmaz, acı bir fakt idi. Hətta bununla bağlı yerlərdən SSRİ rəhbərliyinə minlərlə şikayət məktubları daxil olurdu. Ölkə yollarının acınacaqlı vəziyyəti hamıya məlum idi. Və Y.Yevtuşenkonun həyəcanlı haray qopartması, bu problemə diqqət yönəltməsi təsadüfi deyildi, şairin mövzu qıtlığından irəli gəlmirdi. Bu, onun şair-vətəndaş qəlbinin etirazı, "vulkan püskürtüsü" idi. Yəni şair də, baş redaktor da əslində tam haqlı idilər. Lakin bununla belə "dərs" olması üçün “Pravda” qəzetinin Baş redaktoru, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik Viktor Afanasyevə partiya töhməti verilmiş, Y.Yevtuşenkoya isə SSRİ Yazıçılar İttifaqı tərəfindən "ciddi xəbərdarlıq" edilmişdi. 500 nəfərə qədər yüksək peşəkarlığa malik əməkdaşın çalışıdğı, ölkənin ən nüfuzlu bir qəzetinin 13 il baş redaktoru olan, xalq arasında və Kremldə də böyük rəğbət qazanmış V.Afanasyevin təsadüfən səhfə yol verdiyini düşünmək sadəlövhlük olardı. O, sadəcə acı həqiqətə göz yuma bilməmişdi. Və verilən töhmət düzlük, həqiqət tərəfdarı, son dərəcə prinsipial olan redaktora "dərs" olmamışdı. Bir-neçə il sonra - 1989-cu ildə o, yenidən "səhvə" yol vermişdi - italyan qəzetlərindən birində dərc edilmiş "Boris Yeltsin alkoqolizmi" adlı tənqidi məqaləni "Pravda"da dərc etdirmişdi. Yeltsin eyforiyası dövrü olduğundan ona inanan pərəstişkarlarının orda-burda redaksiyaya qarşı kütləvi etirazları təşkil edilmişdi.


Vəziyyəti belə görən V.Afanasyev özü istefa verməli olmuş, 21 il çalışdığı "Pravda"dan birdəfəlik ayrılmışdı. Məsələ onda idi ki, o zaman rus xalqı İtaliya mətbuatının yazdığının real fakt - Yeltsinin həqiqətən "alkaş" olduğunu bilmirdi... SSRİ Dövlət mükafatı laureatı olan, L.Brejnev, K.Çernenko, Y.Andropov və M.Qorbaçovla işləmiş, SSRİ-nin ali məktəblərində onillələ istifadə olunan “Fəlsəfi biliklərin əsasları” dərsliyinin müəllifi Viktor Afanasyev sonralar Sovet mətbuatı və SSRİ rəhbərləri, "yuxarılardakı" müşahidələri ilə bağlı "4-cü hakimiyyət və 4 Baş katib" adlı çox maraqlı bir kitab da yazmışdı.
 

Rəhman ORXAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu