Modern.az

Məmməd Arazın 90 yaşı tamam olur - qızı incik DANIŞDI

Məmməd Arazın 90 yaşı tamam olur - qızı incik DANIŞDI

Ədəbi̇yyat

12 Oktyabr 2023, 15:32

14 oktyabr tarixi Xalq şairi Məmməd Arazın doğum günüdür.

Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz bütün ömrü boyu bir vəzifəni icra edib: o da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir.

Nə itim var – daş atalar, hürdürələr,
Nə atım var – çubuq çəkib hürküdələr,
Nə qoyunum, nə quzum var – qurda qismət…
Varım – yoxum beş – on sözdür – yurda qismət.

Bu il Məmməd Arazın yubileyidir – 90 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, mərhum şairin qızı İradə Tuncay sosial şəbəkədə atasının yubileyinə biganəlikdən incidiyini gizlətməyib:

“90 illiyidir Məmməd Arazın - nə dövlət qurumları, nə də təşkilatlar qımıldanır...
...Amma məncə nə isə tədbir keçirə bilərdilər. Şair hər zaman xalqın ruhunu diri saxlayıb axı...”.

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbəri olduğu ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib.
1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub.
Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Xidmətlərinə görə 1991-ci ildə Xalq şairi adına, 1995-ci ildə “İstiqlal” ordeninə layiq görülüb.

Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. 

Şairin “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları fundamental məsələlərə həsr olunub.

2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu