Modern.az

"Həsrət", "Heyif o sevgiyə" - Abbas Əliyevin lirik şeirləri

Ədəbi̇yyat

15 Oktyabr 2023, 09:24

Modern.az Abbas Əliyevin lirik şeirlərini təqdim edir:

 

Həsrət...

 

Yaman sənsizliyə öyrətdin məni
Daglar qarsız qalıb, təpə dumansız.
Tutub əllərindən acı həsrətin
Bir ömürdü gedir, səssiz, gümansız.

 

Mən odu sovrulmuş ocağam indi.
Bir dəli sevgini döndərdin külə
Bəlkə də vicdanın danışdı, dindı
“Əlvida” deməyə gələrək dilə

 

Özünə yolunda qıyan qəlbimi
Sən daşa döndərdin günün birində.
Bu yol hara gedir, görən bilirmi
Nizamı dəyişib göyün, yerin də.

 

Getmək istəyirəm bu daş dünyadan
Bir soyuq aləmə, sənsiz aləmə
Orda nə həsrət var, nə də yandıran
Son dəfə görüşək, “Hələlik” demə.

 

Uzat əllərini  bir “Sağ ol” üçün.
Uzat ki, əllimdə izlərin qalsın.
Bir xoş kəlmə söylə, bu son yol üçün
Gözümdə əbədi gözlərin qalsın.

 

Bilmirəm, bəlkə də darıxdım orda
Səni çağırsam da, gəlmə, qıymaram
Mənə bu dünyada yaşatdığını
Gəl orda yaşatma, vallah, qoymaram.

 

Qaçmaq istəyirəm səsdən, səmirdən
Sakitcə yox olum, qaralım, sönüm.
Səni haylayıram, niyə dinmirsən
Hardasan ay ölüm, başına donüm.


Heyf o sevgiyə...

 

Nə yaman incitdin dünyada məni
Birgə getdiyimiz yollara yazıq.
Qol-qola gəzərdik çölü, çəməni
Sənə uzatdığım qollara yazıq.

 

Ürəyim sənsizdi, dumandı, çəndi
Sanma ki, bu duman gəlib keçəndi
Deyəsən fərqi yox, mənsiz ya mənli
Bir ömür yaşanır, illərə yazıq.

 

Gözündə yuyulan kədərəm indi
Həsrətdə sonlanan qədərəm indi
Mən elə yanmışam, hədərəm indi
Bu oda-alova, sellərə yazıq. 

 

Ürəyim bumbuzdu, donubdu mənim
Saçıma ağ kədər qonubdu mənim
Bir ömür yaşadım, sənindi, mənim?
Heyf o sevgiyə, min kərə yazıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi