Modern.az

Çəkələk

Ədəbi̇yyat

2 Noyabr 2023, 11:08

Vaqif Səmədoğlu Strasburqdan Ankaraya gəlirdi.

Deyəsən AŞPA-nın növbəti sessiyasından.

Bir gün əvvəl zəng elədi ki, heç yerə tərpənmə, çoooox vacib işim var.

Arxasınca da dedi ki, aeroporta gəlmə, evdə otur, məni gözlə.

Ha düşündüm, ha daşındım ki, bu nə vacib iş ola bilər… ağlıma bir şey gəlmədi.

Ertəsi gün günorta naməlum bir nömrədən zəng gəldi. Cavab verdim, “Bu işi həll etməliyik, bax haaa, çox vacibdir”, – Vaqif əmi idi. Dedim çartlatdın axı məni maraqdan, nə baş verir?

Dedi gəlirəm, yoldayam, “Şeraton”a gəl tezcənə.

Evim (həm də Home office) Çankayada, məşhur Üsküp Caddəsində, “Şeraton” otelinin yaxınlığında idi. Maşına minmişdim ki, yenə zəng elədi, “Maşınla gəlmə” dedi.

Marağım artıq əndişəyə çevrildi, dedim ki, nəsə əlləm-qəlləm bir iş çıxarıb yəqin.

Otelə gələndə baxdım ki, 7-8 millət vəkili girişdəki lobbidə oturublar.

Ortada isə İlham Əliyev.

Bir neçə millət vəkili nəsə danışır, indiki prezident isə diqqətlə qulaq asırdı.

Mən bir az yaxınlaşıb dayandım.

Uzaqdan məni görən gələcəyin prezidenti əli ilə boş kreslolardan birini göstərdi.

Salam verib oturdum. Gözlərimlə Vaqif əmini tapıb diqqətlə üzünə baxdım. Üz ifadəsindən nəsə bir şey oxumağa çalışırdım.

İlham Əliyevin vacib bir görüşü var idi, qalxıb gedəndə məni də axşam yeməyinə dəvət etdi.

Vaqif Səmədoğlu üzünü turşutdu, yaxınlaşıb “Bu axşam yeməyi heç yerinə düşmədi. Bizim vacib işimiz var” dedi.

Artıq özümü saxlayammadım, “Əşşi nə işdi axı bu, niyə iki gündür intizarda, qorxu içində saxlayırsan məni?” deyə etiraz etdim.

“Dərdiş, kirimiş dur” deyib, məni kənara çəkdi.

Sağa-sola baxdı, heç kimin eşitmədiyinə əmin olandan sonra əyilib yavaşca qulağıma “Çəkələk tapmalıyıq” dedi…

Bir müddət özümə gələ bilmədim.

Sakitləşib “Çəkələk nədir” deyə soruşdum.

“Tapoçka, dərdiş tapoçka. Xavər xalana çəkələk almaq lazımdır”, – ciddiyyətini pozmadan dedi.



Axşam yeməyinə bir neçə saat qalmışdı. Tez “Şeraton”un arxasındakı Karum alış-veriş mərkəzinə getdik. Onlarla mağazaya girdik, ancaq anasının istədiyi çəkələyi tapa bilmədik ki, bilmədik.

Axşam yeməyində Vaqif əmi ayağa qalxıb sağlıq dedi və çıxışını özünün “Salam, Ata” şeiri ilə bitirdi. Mənim bu şeiri çox sevdiyimi bilirdi. Çəkələk məsələsinə görə könlümü almaq istəmişdi.

Ertəsi gün nümayəndə heyəti Bakıya uçdu.

Gedəndə “Çəkələk məsələsi çooox vacibdir. Artıq sən həll eləməlisən” dedi Vaqif əmi.

Bir neçə həftə sonra Bakıya gedirdim. Tunalı Hilmidə yeni açılmış “Mark & Spencer” mağazasından 2 cüt çəkələk aldım – birini Xavər xalaya, birini isə anama.

Anam Xavər xalanın çox sevdiyi döşəmə plov dəmlədi. Aybəniz xala, Aygün və Xavər xala ilə atamgildə gözəl bir axşam keçirdik. Çay süfrəsində iki cüt çəkələyi çıxarıb verdim. Anamın üz ifadəsindən bir şey anlamadım. Xavər xala isə dönə-dönə təşəkkür elədi, “Gör bir Vaqif nə əziyyət verib” dedi.

Ertəsi gün anam məni məzəmmət elədi – çəkələkləri nə o bəyənmişdi, nə də Xavər xala.

Vaqif əmi zəng elədi – “Dərdiş, sənə dedim axı çəkələk çooox vacib məsələdir”…
 

SALAM, ATA
 

Salam, ata, salam.

Bilirəm,

arxamdasan.

Məzarından cəmi əlli-altmış

addım bu yanda dayanıb

trolleybus gözləyirəm.

Trolleybusa minib,

sənin yanına

gələnə qədər

yaşamağa gedəcəyəm.

Ömür bu imiş, ata?

Gəldi...

Salam trolleybus,

əlvida ata...
 

Əziz, doğma, bənzərsiz Vaqif Səmədoğlunu hər keçən gün daha böyük həsrətlə anıram...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?