Modern.az

"Peyğəmbərin nəğməsi" yüksək mükafat aldı

Ədəbi̇yyat

28 Noyabr 2023, 00:48

2023-cü ilin “Buker” mükafatı faciənin astanasında olan ailənin və ölkənin hekayətini təsvir edən "Peyğəmbərin nəğməsi" (Prophet Song) romanına görə irlandiyalı yazıçı Pol Linçə verilib.

 

Modern.az xəbər verir ki, P.Linç sayca beşinci olan bu romanında Qərb demokratiyalarındakı iğtişaşları və Suriyada alovlanan münaqişə kimi fəlakətlərə laqeydlikləri göstərməyə çalışır.

 

“Bu əsər emosional təsvirin təntənəsidir, ruhlandırıcı və cəsarətli romandır. "Peyğəmbərin nəğməsi", hal-hazırda mövcud olan sosial və siyasi təlatümləri əks etdirir. Oxucuları təsirli və həqiqətə yaxın əsərlə tanışlıq gözləyir, onlar kitabda əksini tapan tövsiyələri hələ uzun müddət xatırlayacaqlar” – “Buker” mükafatının təşkilat komitəsi kitab haqqında bu sözləri yazıb.

 

"Peyğəmbərin nəğməsi" əsəri elə ilk misralardan bizi totalitarizmə qərq olmuş İrlandiyada öz ailəsini qorumağa çalışan qadının dəhşətli həyat şəraiti ilə tanış edir, bizi alışdığımız sakit və durğun vəziyyətimizdən çıxarır” – deyə, 2023-cü ilin “Buker” mükafatının münsiflər heyətinin sədri, Kanadalı yazıçı Esi Educan qeyd edib.

 

“Oxucunu kitabdakı hadisələrə elə kökləmək istəmişəm ki, əsərin sonunda o bu problemi özlüyündə bütün təfərrüatı ilə hiss edə bilsin” – yazıçı “Buker” mükafatının saytında dərc olunan şərhlərində yazıb.

 

Müsabiqə təşkilatçılarının bildirdiyinə görə, o, Ayris Merdok, Con Banvil, Roddi Doyl və Enn Enraytdan sonra “Buker” mükafatına layiq görülən beşinci İrlandiya yazıçısıdır. 2018-ci ildə bu mükafatı Şimali İrlandiya yazıçısı Anna Berns qazanıb.

 

Pol Linç 1977-ci ildə İrlandiyanın Limerik şəhərində sahil mühafizəsi əməkdaşının ailəsində anadan olub. O, yazıçılıq karyerasına 2013-cü ildə başlayıb, o vaxta qədər isə kino tənqidçisi kimi fəaliyyət göstərib. P. Linç bir çoxu ədəbiyyat sahəsində mükafatlara layiq görülən “Səhər saatlarında qırmızı səma” (Red Sky in Morning), “Qara qar” (The Black Snow), “Qreys” (Grace) və “Dənizin arxasında” (Beyond the Sea) kitablarının müəllifidir.

 

İrlandiyalı ədibin sözlərinə görə, onun yaradıcılığına Fyodor Dostoyevskinin “Yer altından məktublar”, Herman Melvillin “Katib Bartlbi”, Cozef Konradın “Tayfun” və Uilyam Folknerin “Mən ölərkən” əsərlərinin çox güclü təsiri olduğunu vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi