Modern.az

Çingiz Aytmatov: şəcərəsi, özü, ailəsi, sevdiyi qadınlar... - MARAQLI

Çingiz Aytmatov: şəcərəsi, özü, ailəsi, sevdiyi qadınlar... - MARAQLI

Ədəbi̇yyat

7 Dekabr 2023, 11:00

2023-cü il dekabr ayının 12-də Çingiz Aytmatovun doğulmasının 95 ili tamam olacaq. Böyük yazıçı haqda nələri bilir və nələri bilmirik?

Çingiz Aytmatov sevdiyim yazıçılardan biridir. Onun zəngin yaradıcılığı təkcə qırğız ədəbiyyatına deyil, dünya mədəniyyətinə əvəzsiz töhfədir.

Mən bir neçə dəfə Aytmatovla necə deyərlər, “eksklüziv” şəkildə görüşmüşəm. Böyük yazıçı ilə bağlı zaman-zaman qələmə aldığım parakəndə, dağınıq qeydlərin bir qismini Aytmatovsevənlərlə bölüşmək qərarına gəldim. Təbii ki, həmin qeydlərin bir çoxu mətbuatda gedən yazılar əsasında meydana gəlib. Xüsusən,  Qırğızıstanın (ilk) Prezidenti olmuş Əsgər Akayevin mətbuat katibi Osmankun (Osmangün) İbrahimovun yazdığı xatirələrdə Aytmatovla bağlı maraqlı detallar vardır.

Aytmatov dünya şöhrətli sənətkar idi. Onun müxtəlif qitələrdə çoxlu dostları vardı: yazıçılar, rəssamlar, bəstəkarlar...və təbii ki, həm də siyasi xadimlər. Sonunculardan biri SSRİ-nin ilk və son Prezidenti Mixail Sergeyeviç Qorbaçov idi. Aytmatov məhz onun zamanında təsis edilmiş “şuranın” üzvü idi. Tez-tez Baş katib (və Prezident) ilə görüşməsi yazıçının ölkə daxilində  ictimai-siyasi proseslərə təsir imkanını genişləndirilmişdi. Beləliklə, Əsgər Akayevin Qırğızıstan Prezidenti postuna irəli sürülməsi Aytmatovun təklifi və Qorbaçovun təqdimatı ilə baş tutmuşdu. Ondan bir qədər əvvəl Nursultan Nazarbayevin Qazaxıstan Respublikasının rəhbərliyinə gətirilməsi də həmin qaydada icra olunmuş, yəni bu iki şəxsin təşəbbasü ilə reallaşmışdı...

...Çingiz Törökul (Terekul) oğlu Aytmatovun maraqlı şəcərəsi vardır. Aytmatovlar nəsli Şəkər aulu ilə bağlıdır. Çingizin bacısı Roza Aytmatovanın dediyinə görə, onların ulu babası Karanay və Kıtay adlı şəxslər olub. Bəs nə üçün bu sonuncu  şəxsin adı məhz Kıtay olub? Məsələ burasındadır ki, Karanay bir gün çinlilərlə (kitaylarla) döyüşdən sonra evə qayıdarkən eşidir ki, oğlu dünyaya gəlib. İndi yeni anadan olmuş uşağa ad qoymaq lazımdır. Karanay göyə baxanda gözünə yeni doğmuş parlaq Ay sataşır, çox fikirləşmədən uca səslə deyir: “Kutu Ay... Kutay...”.  Beləliklə, adı Kutay olan həmin şəxs sonralar Kitay (Kıtay) kimi tanınır. Kıtayın övladı Tulqu, onun oğlu Baytikə, Baytikənin oğlu Tontoğor, Tontoğorun oğlunun adı isə Şəkər olub. Şəkər bildiyimiz kimi Aytmatovun ata-baba yurdunun adıdır. Şəkərin oğlu Xudaynəzər, onun oğlu Asan, Asanın oğlu Tabıldı (Tapdıq), onun oğlu Koncujok, onun oğlu Tınalı, Tınalının oğlu Kimbildi, Kimbildinin oğlu Aytmat (və Birimkul) idi. Aytmatın oğlanlarından birinin adı Törökul idi. Törökulun iki oğlu və iki qızı olub ki, onlardan da biri Çingiz idi. Çingiz Aytmatov öz şəcərəsi və ulu babalarının həyatı ilə maraqlanırdı. O, bu barədə söhbət düşərkən həmişə zarafatla deyərdi ki, “mən Kitay imperatorluğunun varisiyəm... Mənim babam Kitay imperatoru olub...”.  Bununla da o, ulu babalarından birinin –Kutayın (Kitayın) adına işarə edərdi. Əslində isə Aytmatov nəslinin çinlilərlə heç bir qohumluğu olmayıb...

 ...Dünya şöhrətli Aytmatovun əsərləri geniş oxucu kütləsinə yaxşı məlumdur. Amma çoxları bilmir ki, ədəbi və siyasi elitadakı kişilər arasında paxılları, düşmənləri çox olsa da, o, qadınların sevimlisi idi...

  ...  Bəli, milyonlarla pərəstişkarı olan Aytmatov qadınların ürəyini də fəth etməkdə idi. O, daxilən zəngin olduğu kimi, zahirən də yaraşıqlı idi. Ucaboy, gursaçlı yazıçının dostlarının deməsinə görə o, idmançılara məxsus sağlam və tökmə bədən quruluşuna malik idi... 

Çingiz Aytmatov rəsmən iki dəfə ailə qurub. Birinci həyat yoldaşı Kerez (Kərəz) Şamşibayeva ixtisca həkim idi. O, Çingizi və ədəbiyyatı ürəkdən sevirdi. Bu ədəbiyyat həvəskarı- həkim qız, hətta, bir müddət Moskvada Ədəbiyyat İnstitunda təhsil almışdı. Lakin sonralar təhsilini davam etdirməmiş və  onların bu qarşılıqlı sevgisi evliliklə nəticələnmişdi. Oların  iki övladı – Səncər və Əsgər dünyaya gəlmişdi. Amma uzun, maraqlı, mənalı və çətin həyatın müəyyən bir dönəmində məşhur ədib həyat yoldaşından, indiki təbirlə desək, “dost kimi” ayrılmış, başqa bir xanımla ailə həyatı qurmuşdu. 

Çingizin ikinci həyat yoldaşı Mariya Urmatovna (çox güman ki, Məryəm Hörmət qızı-F.M.) da ona iki övlad bəxş etmişdir. Mariya Moskvada ssenarilik kursunu bitirmiş, bir yapon vətəndaşı ilə ailə qurmuşdu. Onun Çolpan adlı qızı birinci evlilikdən dünyaya gəlmişdi. Yapondan boşanan xanımın vətənə qayıtmasına kömək edən yazıçı ona vurulur və öz istəyini bildirir. Bu məsələdən xəbərdar olan birinci xanımı Kerez dərin psixoloji böhran keçirir. Yaxınlarının dediyinə görə Aytmatov xanımın qarşısında diz çöküb üzrxahlıq edir,  iki övlad bəxş etdiyinə görə təşəkkür edir və... yeni ailə qurmaqda israrlı olduğunu bildirir.

Yeni evlilikdən iki ovlad dünyaya gəlir: oğlu Eldar və qızı Şirin.

Amma... Çingiz Aytmatovun həyatının ən maraqlı və ən coşqun çağları məşhur bir qadınla bağlıdır. Bəs onbeş il davam edən bu gizli sevginin ikinci “qəhrəmanı” kim və o, nəçi idi? Bibisara Beyşanəliyeva Qırğızıstanın ən gözəl və ən məşhur qadınlarından biri hesab olunurdu. O, Qırğızıstanın ilk peşəkar rəqqasəsi, SSRİ xalq artisti, SSRİ Ali Sovetinin deputatı, pedaqoq idi, vaxtilə Ulanovanın tələbəsi olmuşdu.  İki dəfə ailə qursa da, uğursuz bir tale yaşamışdı. Xanım az qala bütün kişilərdən uzaq gəzməyi qərara almışdı; oğlu Ərməkin (Ermek) tərbiyəsini isə həyatının başlıca qayəsi hesab edirdi..

Lakin dünya şöhrətli yazıçı ilə yaxın tanışlıq onun həyatını tamamilə dəyişmişdi. Onlar uzun illər odlu-alovlu, təkrarsız, coşqun bir eşq yaşamışdılar.

Yeri gəlmişkən, onu da deyim ki, bu eşq faş olandan sonra böyük ədibin düşmənləri ona qarşı hücuma keçmiş, onu “sovet həyat tərzinə” zidd çıxmaqda, məişət pozğunluğunda, “kommunistə-partiyaçıya yaraşmayan hərəkətdə” və nəhayət, bütün bu hərəkətləri cəmiyyətdən gizlətməsində ittiham etməyə başladılar. Onu öz əsərinin qəhrəmanı Daniyarla, sevgilisini isə Cəmilə ilə müqayisə edir, hədyanlar yağdırırdılar.

Çingiz Aytmatov öz “səhvini” etiraf etməli oldu. Amma necə? Yazıçı öz məşhur həmkarı- Qazax ədibi Muxtar Şaxanovla (Yeri gəlmişkən, mən Muxtar ağa ilə tanışam-F.M.) geniş söhbətində, habelə öz xatirələrində Bibisara Beyşenəliyeva ilə münasibətlərinə işıq salmış, aydınlıq gətirmiş, sevdiyi qadınla əlaqələrini parlaq bir üslubda təqdim edərək demişdi:

“Əlbəttə, biz bu sevgidə bəxtəvər idik, amma ailədə yox... Mən özümə hərdən sual verirəm: buna dəyərdimi?.. Doğrusu konkret cavab verməyə çətinlik çəkirəm... Sevəndə evlənmək məsələsi nə zəfərdir, nə də qələbə; bu, bütün hisslərin mürəkkəb qammalarının təzahürüdür... Biz Bibisara ilə bir-birimizi axtarmadıq, hər şey birdən, öz-özünə baş verdi...Və bu gözlənilməz görüş mənim taleyimin ən qiymətli hədiyyəsi idi... Həyatıma işıq gətirmiş bu Qadın- qırğız incəsənətinin ulduzu, balerina- bu gün də  yuxularıma gəlir, mənim qəlbimi keçmişə aparır... Bəs biz onunla niyə ailə qurmadıq? Mən ona  bu təklifi edəndə Bibisara özünün uydurduğu, mənim ad-soyadımı birləşdirən müraciət forması ilə deyərdi: “Açinov, bir-birini ürəkdən sevənlər heç vaxt birləşə bilməz... Blkə də belə yaxşıdır. Axı gündəlik ailə məsələləri bütün böyük hissləri məhv edir...”.

Aytmatovun sevdiyi qadın 1971-ci ildə sağalmaz xəstəliyə düçar oldu, 1973-cü ildə Kreml xəstəxanasında- Çingizin gözləri önündə həyatla vidalaşdı... Bibisara Beyşenəliyeva ilə vida mərasimi Opera və Balet Teatrında təşkil edilmişdi. Çingiz Aytmatov cənazə önündə hönkürərək uşaq kimi ağlayırdı. Ümumiyyətlə, Aytmatov təbiətən iradəli adam idi, bütün ağrı və itkiləri təmkinlə, soyuqqanlıqla qarşılayırdı. Amma, deyilənə görə, o, həyatında üç dəfə göz yaşları tökərək ağlamışdı: anası Naqimə (Naqıyma) Həmzə qızı, ilk həyat yoldaşı Kerez və sevgilisi Bibisara vəfat edərkən...

Sonralar bu sevgi tarixçəsi incəsənət adamlarının da diqqətini cəlb etdi. Belə ki, 2009-cu ildə rejissor-ssenariçi Canış Gülməmbətov tərəfindən lentə alınmış “Çingiz və Bibisara” film-lirik dramda, habelə publisist Canıbek Canızakın yazdığı “Aytmatovun qadınları” kitabçasında ədibin sevgi hekayəsindən bəhs edilir. Hər iki əsər tamaşaçı və oxucular tərəfindən birmənalı qarşılanmayib...

...Aytmatovun atası Terekul Qırğızıstan dövlətinin rəhbərlərindən biri olmuş,1938-ci ildə güllələnmişdir. Gənc Terekul Aytmatov 1921-25-ci ildə Moskvada, Şərq Xalqları Universitetində təhsil almışdı. Yeri gəlmişkən, Məhəmməd  Əmin  Rəsulzadə də 1922-ci ildə həmin tədris ocağında Şərq Ədəbiyyatından dərs demişdi. Ehtimal edirəm ki, “millətçi” damğası ilə güllələnən ata Aytmatovun müəllimlərindən biri də Rəsulzadə olmuşdu.

Qeyd: Mən qələmə aldığım və nəşr edilmiş “Tarixin kölgəsi” adlı tarixi dramda bu məsələyə aydınlıq gətirməyə çalışmışam (F.M.)...

Çingiz Aytmatov öz atasının nəşini yalnız 50 ildən sonra tapa bilmişdi; bu, DNK testi vasitəsilə dəqiqləşdirilmişdi.

Ata-oğul Aytmatovlar Bişkek yaxınlığındakı “Ana-Beyit” məzarlığında dəfn ediliblər.
 

Firuz Mustafa

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək