Modern.az

Nə üçün “Xankəndiyə”, “Xankəndidə” şəklində yazmalıyıq?

Nə üçün “Xankəndiyə”, “Xankəndidə” şəklində yazmalıyıq?

Ədəbi̇yyat

23 Dekabr 2023, 16:30

Yer adları, mürəkkəb sözlər və söz birləşmələrinin yönlük halda hallanması zamanı aşağıdakı məqamlara diqqət etmək lazımdır.

1.ll və lll növ təyini söz birləşmələrində olduğu kimi ll növ əsasında əmələ gəlmiş yer adları yönlük halda bir qayda olaraq "n" bitişdiricisi ilə işlənir. Müqayisə edək:

a) ll növ təyini söz birləşmələrində:

dağ havasına, sinif otağına, divar saatına, gül ətrinə və s.

b) lll növ təyini söz birləşmələrində:

məktəbin direktoruna, sözün mənasına, yolun uzunluğuna, gülün rənginə və s.

c) II növ təyini söz birləşməsi əsasında yaradılmış və ayrı yazılan yer adlarında:

Xəzər dənizinə, Aral gölünə, Araz çayına, Qız qalasına, Bəy yurduna Xan kəndinə və s. Burada hər bir sözün öz vurğusu var.

Nümunələrdən də görünür ki, ayrı yazılan coğrafi adlar və söz birləşmələri hallandıqda "n" bitişdiricisi ilə işlənir.

Bəs söz bitişik yazıldıqda necə olar?

2. İkinci növ birləşmə əsasında əmələ gəlmiş bitişik yazılan, yəni bir vurğu ilə tələffüz olunan sözlər və yer adları yönlük halda həm "n", həm də "y" bitişdirici samitləri ilə işlənir.

a) II növ təyini söz birləşməsi əsasında yaranmış sözlər bitişik yazılırsa və sözün ikinci tərəfi III şəxsin təkində -ı⁴ mənsubiyyət şəkilçisi ilə bitirsə, "y" bitişdirici samiti ilə işlənməlidir:

ayaqqabıya, əməkhaqqıya, suitiyə, dəvədabanıya və s.

b) ikinci tərəfi -ı⁴ saitli və -ı⁴ mənsubiyyət şəkilçili şəxs adları və soyadların hallanması da bu qaydaya əsaslanır:

Allahverdiyə, Nağısoyluya, Koroğluya, İmanverdiyə, Ənvərqızıya və s.

b) ikinci tərəfi -ı⁴ mənsubiyyət şəkilçiləri ilə işlənən yer adlarında da "y" bitişdiricisi işlənir:

Bazardüzüyə, Qalaaltıya, Pirallahıya, Xankəndiyə, Daşaltıya və s. Bu qəbildən olan coğrafi adlar yerlik və çıxışlıq hallarında bitişdirici samit qəbul etmir, çünki bitişdirici samit iki sait arasında işlənir. Məs.: Xankəndi adı saitlə bitdiyi (i) və ona qoşulan şəkilçi samitlə (da) başladığı üçün bitişdirici samitə ehtiyac yoxdur. Ona görə də Xankəndidə (dən), Daşaltıda (dan), Pirallahıda (dan) şəklində yazılmalı və tələffüz edilməlidir.

3.İkinci tərəfi lll şəxsin təkində -sı⁴ mənsubiyyət şəkilçisi qəbul etmiş mürəkkəb sözlər isə "n" bitişdiricisi ilə işlənir: dağkeçisinə, yeralmasına, dağlaləsinə və s.
Gördüyünüz kimi, -sı⁴ mənsubiyyət şəkilçiləri ilə işlənən mürəkkəb sözlər və söz birləşmələri yönlük halda bir qayda olaraq "n" bitişdiricisi ilə işlənir. Bu məqam "hansı" sözünün hallanmasında da (hansına) özünü göstərir.

N Ə T İ C Ə

Bu kiçik yazıda yer adları, söz birləşmələri və mürəkkəb sözlərin hallanması ilə bağlı əsas və mübahisə doğuran məqamlara diqqət yetirdik.

Xankəndi adı bitişik yazılan mürəkkəb söz olduğu, yəni söz birləşməsi olmadığı üçün yönlük halda "Xankəndiyə" şəklində yazılır.

Bu qəbildən olan coğrafi adlar yiyəlik halda o zaman "n" bitişdiricisi qəbul edə bilər ki, onları da bir çox yer adları kimi (Mil düzü, Qız qalası, İsa bulağı və s.) ayrı yazaq.

Şahlar Göytürk
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri, 
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada