Mahir Qabiloğlu
DOĞUM EVİ
- Doktor, xəstə gəlib.
- Nə xəstə?
- Vot-votdur.
- Ay qız, tez elə. Keçirin zala. Akuşerka, neonatoloq da hazır olsun. Xəstənin adamları necə, burdadırlar?
- Gəlini “Mersedes”də gətirmişdilər. Atası da hökumət maşınında. Nömrəsi də “AA”.
- Az, “AA” nədir?
- Ay doktor, Məzən olsun, guya bilmirsən? “AA”, yəni “Ağa Ağayev”.
- Ba, onda keyfdəyik ki... belə xəstələrdən Allah gündə yüzünü yetirsin. Diqqətli olun. Hər şeyi də yüksək səviyyədə etməliiyik. Səhərdən qanım qaralmışdı. Dörd doğuşumuz olub. Biri “çeçen”, biri “qaçqın”, biri “fəhlə”, biri də “bic”.
- Doktor, Allah yetirəndə yetirir. Belə xəstələrdən çox olsun. Görəsən qız olacaq, yoxsa oğlan?
- Əşşi nə fərqi var? Təki doğuş olsun, yanında da yiyəsi.
- Amin.
- Amin.
UŞAQ BAĞÇASI
- Müdirə, valideynlər gəlib.
- Kimdirlər? Ucundan, qulağından?
- Bilmirəm kimdirlər? Amma babasının biri cağ “Mersedes”dən düşdü, biri də hökumət maşınından. Nömrəsi də “AA”.
- O nədir, aaz?
- Müdirə, guya ki, bilmirsən? “AA”,yəni ki, “Ağa Ağayev”. Vəzifəlidir.
- Demək, nə istəsək verəcək?
- Əlbəttə. Bir baba 50-lik paçkası çıxarsa, o biri 100-lük verəcək. Bəhsə bəhsə.
- Şükür. Yoxsa ki, acından ölərdik. Görəsən oğlandır, qız?
- Əşşi, nə fərqi var? Oğlan, ya qız... belə uşaqlardan çox olsun.
- Amin.
- Amin.
ORTA MƏKTƏB
- Direktor, yanınıza gələn var
- Kimdir?
- Uşağın valideynləridir.
- Bilmirsən kimdir?
- Vallah, hallı-kallı adama oxşayırlar. Bahalı maşından düşdülər.
- Şükür xudaya. Süpürgə pulu, remont pulu yığmaqdan qurtulduq. Bu cür valideynlər çox olsa, məktəbin bütün problemlərin həll edərəm. Heç olmasa-olmasa yay tətilində uşağının dərs aldığı otağı yüksək səviyyədə təmir edəcəkmi? Bax, bu bəsimdir. Təhsil müdiri də gələndə göztərməyə bir şeyimiz olar.
- Ay müdir, hələ sənə görüm-baxımı demirəm.
- Sən də mənə dil verərsən...Oğlumu yanına işə düzəltsə bəsdir.
- Şükür. Yoxsa ki, acından ölərdik. Görəsən şagird oğlandır, yoxsa qız?
- Əşşi, nə fərqi? Belə şagirdlərdən çox olsun.
- Amin.
- Amin.
ALİ MƏKTƏB
- Rektor, yanınıza gələn var.
- Kimdir.
- Nəsə böyük adama oxşayır. Qəttəzə “Mersedes”dən düşdü.
- Nə deyir?
- Deyir ki, “oğlum 149 bal toplayıb. İstəyirəm rektorla 50 min manatdan mərcə girim ki, uşağım onun institutunda oxuya bilməyəcək”.
- Nə? Ay prorektor, sən nə vaxt görmüsən ki, mən mərci uduzum?
- Necə udacaqsan? Bəs TQDK?
- Ay başıva dönüm, nə TDQK? Belə getsə TQDK özü balı 150-dən aşağı salacaq. Salmasa, apellyasiya vasitəsilə keçirərəm. O da olmasa Dağıstana qəbul elətdirərik, sonra da perevod.
- Ay rektor, vallah, sən dahisən. Yoxsa, bu oxuyanların hesabına adam uzağa gedə bilməz. Yaxşı ki, bu cür yaxşı atalar var. Görəsən abituriyent oğlandır, yoxsa qız?
- Əşşi, nə fərqi var? Atası, babası varlı olsun. Denən, Allah bərəkət versin.
- Amin
- Amin.
NƏHAYƏT... MƏSCİD
- Necəsən, mürdəşir? İşlər necədir?
- Belə də...
- Bazar kasaddır?
- Bəli, axund. Yaydır da, Hamı kefində, damağında. Heç kim ölmək istəmir. Biz isə ölü güdürük.
- Qəm yemə. Yaxşı olar. Ruzunu Allah yetirir. Bir də gördün ki, hardasa avariya oldu... dörd ölü birdən gəldi.
- Allah, ağzından eşitsin. Yoxsa acından ölürük. Yumağa ölü tapmırıq. Qabaqdan uşaqların məktəbi gəlir.
- Allah yetirəcək. Narahat olma. Sənə demişəm də. Gələn olsa bacıoğlunu yaddan çıxartma.
- Bu nə sözdür, hacı? Yuyub, kəfənləyən kimi bacıoğluya zəng edirəm, kondinsionerli ölü maşınını verir qapıya. Üstəlik qardaşoğlunun VİP çadırları da nəzərimdədir. Sağ olsunlar... mənə faiz də verirlər.
- Allah, razı olsun. Allah ruzunu yetirsin. Müştərin çox olsun. Özü də kişi olsun. Arvad olsa Xanımnisə mürdəşir sənə bir şey verən deyil.
- Düz deyirsən, Hacı. O dua edir ki, arvad ölsün, mən dua edirəm ki, kişi ölsün.
- Amin.
- Amin.
QƏBİRİSTANLIQ
- Nəsə gələn var.
- Maşın “Mersedes”ə oxşayır.
- İçindən çıxanlar da bazburutlu adamlardlr.
- Allah səsimizi eşitdi.
- İki gündür ölən yoxdur ki, basdıraq. Acından ölürük.
- Sənə demişdim ki, hövsələli ol. Allah böyükdür.
- Şükür. Şükür.
- Görəsən ölən qadındır, ya kişi?
- Əşşi nə fərqi var?
- Necə yəni “nə fərqi var?” Arvad olsa deyərik ki, qəbir dərin qazılmalıdır. Pulun da çox alarıq. Kişi olsa minnət qoyub “skidka” edərik.
- Naşükür olma. Denən “ABV”
- O nədir?
- Ay “tupoy”, yəni ki, “Allah Bərəkət Versin”.
- Amin.
- Amin.