Modern.az

“Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabı təqdim olunub

“Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabı təqdim olunub

Ədəbi̇yyat

31 Yanvar 2024, 14:04

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullanın ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı  keçirilib. Tədbirdə etnik və dini icmaların rəhbərləri, Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, elm və ictimaiyyət xadimləri iştirak ediblər.
 

Modern.az-ın məlumatına görə, tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Multikulturalizm anlayışının coğrafiyamız üçün əhəmiyyəti böyükdür. Bu gün ayrı-ayrı bölgələrdə etnik münaqişələr baş verir. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Bunu qoruyub saxlamaq isə bizim üçün əsas hədəfdir. İcraçı direktor bildirib ki, Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə gələcək üçün atdığı ən mühüm addımlardan biri də Azərbaycanın tarixi ənənələrini qoruyub saxlamaqla bağlı idi. Ulu öndər multikultural dəyərləri Azərbaycanın gələcəyi üçün önəmli xətt seçib. Lakin bu gün dünyada monoetnikliyi seçən dövlətlər də var. Belə dövlətlərdən biri də qonşu Ermənistandır. Multikultural ölkə olaraq Azərbaycan üçün multikultural təhlükəsizlik vacib məsələdir. Azərbaycanda olan multikultural təhlükəsiz mühit Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də həlledici rol oynadı. Vətən müharibəsində milli mənsubiyyətindən, dini inancından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı “Dəmir yumruq” ətrafında birləşdi, Vətənimizin suverenliyini təmin etdi. Akademik Kamal Abdullanın “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabı Azərbaycanda olan multikultural mühitin öyrənilməsinə və təbliğinə bir töhfədir.
 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu söyləyib.
 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bu gün multikulturalizm həm siyasi, həm dini, həm elmi, həm də təhlükəsizlik məsələsidir..
 

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib ki, müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən biri milli, irqi və dini müstəvidə artan ayrı-seçkilikdir.
 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq ənənələri çox yüksək inkişaf yolu keçib. Bizim ölkədə müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar. İslam dinində digər dinlərə münasibət də tolerantlığa söykənir.
 

Bakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev diqqətə çatdırıb ki, tolerantlıq Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Elnur Əfəndiyev vurğulayıb ki, mədəni müxtəliflik Azərbaycanın zənginliyidir. Azərbaycanda multikulturalizm tarixən formalaşmış həyat tərzidir.
 

Tədbirin sonunda kitabın müəllifi akademik Kamal Abdulla deyilən fikirlərə görə təşəkkürünü bildirib. Qeyd edib ki, kitab 2014-cü ildən bəri üzərində işlədiyi multikultural təhlükəsizlik ideyasının nəticəsidir.

Kitabda həmçinin Rəcəb Tayyib Ərdoğanın, Vladimir Putinin, Corc Buşun, Toni Bleyerin, Gerhard Şröderin Ulu öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada