Modern.az

Azadlığınız mübarək, Azad müəllim...

 Azadlığınız mübarək, Azad müəllim...

Ədəbi̇yyat

11 Fevral 2024, 15:33

Nə vaxt tanış olduğumuz günü xatırlamıram. Amma onu kəşf etdiyim gün dəqiq yadımdadır. Həmin gün Azad Şükürov yenə də səhnədə idi. Çiyinlərində ağır yurd dərdi daşısa da, içində qaməti bükülsə də o, səhnədə dik dayanmışdı, sözə meydan oxuyurdu, olanlardan, keçənlərdən utandığını Şahmar Ələkbərzadənin misraları ilə dilə gətirirdi:

Utanım yerinə qoç Koroğlu, din!

Düşmənin kimiydi? – Həsən Paşaydı.

“Leş bir yana, baş bir yana” – deyirdin,

Qalağa vurduğun qardaş başıydı...

Azad müəllim misraları sadəcə bir-birinin ardınca düzmürdü, onları çox incəliklə, həssaslıqla insanların ürəyində yerbəyer edirdi, səliqəsi, sükutu pozulmuş bu dünyanın həqiqətlərinə, gerçəklilərinə bir aydınlıq gətirmək istəyirdi.

Azad Şükürovun peşəkarlığının bir səbəbi onun biliyi, intellekti, yaradıcılıq potensialıdırsa, digər səbəbi səmimi olmasıdır. Azad müəllimin yaradıcılığında, səhnə performanslarında pafos ən yad ünsürlərdən biridir və onun uğurunun düsturu da çox sadədir: ürəyinin diktəsi ilə istedadının vəhdəti. Elə həyatda da belədir Azad müəllim, səmimi, mehriban və təvazökar.

Azad müəllimin yaradıcılığı və pedaqoji fəaliyyəti bəlkə də bir neçə kitabın mövzusudr. Bir kiçik yubiley təbrikinə bunları sığışdırmaq mümkünsüzdür. Heç onun saysız hesabsız titulları, mükafatları haqqında da söhbət açmaq fikrində deyiləm. Yetərlidir təkcə onu qeyd edim ki, Azad Şükürov Xalq Adamıdır.

Fərqli tədbirlərdə dəfələrlə tanıdığı və tanımadığı adamların Azad müəllimə səmimi münasibətlərinin şahidi olmuşam. “Xoş gördük, Azad müəllim”, “Sizinlə görüşməkdən məmnun oldum, Azad müəllim” və s. kimi ürəkdən gələn ifadələri tez-tez eşitmişəm. Sözsüz ki, hər bir sənətkar üçün bu səmimiyyət olduğca xoşdur. Amma yaxın otuz illik tariximizdə hər dəfə öz Azad adını eşidən Azad Şükürov heç də özünü azad saymayıb. Torpaqlarımızın iyirmi faizi, doğulub boya-başa çatdığı Ağdamın işqal altında olması Azad Şükürovun iç dünyasını bu illər ərzində sanki əsirlikdə saxlayıb.

Bu gün isə tam fərqli mənzəridir. Azad Şükürov azad və bütöv Azərbaycanın sənətkarıdır və 65 illik yubileyini “Qarabağ Azərbaycandır!” şüarı altında qeyd etmək dəyərli sənətkarımız üçün ömrünün ən qürurlu məqamlarıdır. Yubileyiniz və azadlığınız mübarək, Azad müəllim!!!

 

İlham Cəmiloğlu  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok