Modern.az

Ondan bir də olmayacaq...

Ondan bir də olmayacaq...

Ədəbi̇yyat

25 Fevral 2024, 18:50

Şair yaxşı söyləyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bu gün əbədiyyətə qovuşan Gülhüseyn Kazımovu yaxşı tanıyırdım. İçi dolu, məzmunlu və dəyərli dostlarımdan biri idi. Kim deyibsə düz deyib, həqiqətən də insanlar işdə, vəzifədə, fəaliyyətdə bir-birini əvəz edə bilsələr də, amma həyatda heç kim əvəz olunmur. Barmaq izləri bir-birini təkrarlamadığı kimi, insanlar da bir-birini təkirarlamırlar, fərqli-fərqli təyinatları icra edirlər. Onun da öz təyinatı vardı, varlığına biçilən, taleyinə yazılan İlahi təyinat…


1950-ci il fevralın 4-də Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlmişdi. Dörd ali təhsili vardı. Muzey işçisi də olmuşdu, redaktor da işləmişdi, dövlət qulluğunda da çalışmışdı. Üstəlik dövri mətbuatda xeyli elmi-publisistik yazıları da çap olunmuşdu. Filologiya elmləri namizədi idi…


Deyirdi ki,- “Hara getsəm də filologiya, jurnalistika sahəsində qazandığım təcrübə həmişə əlimdən tutub. 10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s.. Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam. Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var.


Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insanlığa yönəlmiş təbliğat olsun”…


Şair, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov çox işgüzar adam idi. Yaşı yetmiş dördü keçsə də bir yerdə dayanmağı xoşlamırdı, necə deyərlər, civə kimi qaynayırdı.


Son illər özünü Azərbaycan musiqisinin şahı- muğama həsr etmişdi. Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edirdi. Doğrudur, bu tədbirləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində icra edirdi, amma böyük ürəklə, xüsusi həvəslə həyata keçirirdi. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil etmişdi. Onların arasından Kor Əhəd və Bülbülcan haqqında iki kitab da ərsəyə gətirmişdi...


1978-ci ildən üzü bəri ona yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görmüşdü. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnılar da bəstələmişdi. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa etmişdilər…


Marqlı insan idi. Səyahət etməyi xoşlayırdı. Ömrü boyu otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olmuşdu. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alırdı. Muğamın vurğunu idi. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarırdı. “Muğam mənim yaralı yerimdir”- söyləyirdi.


Arzuları çox idi. İstəyirdi ki, ata-baba yurdu Cəbrayıla rahat gedib gələ bilsin...


Deyirdi;- “Mən qarabağlıyam. O torpaqlar mənə çox əzizdir. Babalarımın ruhları orada toxtaqlıq tapıb. Kaş biləydiniz, dogma Cəbrayılım üçün nə qədər darıxıram. Ömrümün bir hissəsi orada qalıb. İnanın ki, Cəbrayıl, eləcə də doğma kəndim Kavdar məndən ötrü Məkkə-Mədinə qədər müqəddəsdir...”


Bəli, hər kəs varlığına biçilən taleyi yaşayır. Gülhüseyn Kazımov da öz taleyini yaşayıb, sonda əbədiyyətə qovuşdu. Ondan bir də olmayacaq. Yeri behişt olsun! Allah rəhmət eləsin!


Dərin hüznlə, Elman Eldaroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!