Modern.az

Ölkə rəhbərinin qəzəbinə tuş gələn, iş otağında intihar edən məşhur ALİM

Ölkə rəhbərinin qəzəbinə tuş gələn, iş otağında intihar edən məşhur ALİM

Ədəbi̇yyat

3 Aprel 2024, 18:25

Aprelin 3-də Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri və vitse-prezidenti, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycanın ən böyük filosof alimlərindən biri, 1908-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olmuş və cəmi 42 yaş yaşamış, akademik Heydər Hüseynovun doğum günüdür.
 

Modern.az saytı sabiq təhsil naziri Misir Mərdanovun akademik Heydər Hüseynov haqqında hazırladığı məqaləsini təqdim edir:
 

Heydər Nəcəf oğlu Hüseynov 1908-ci il aprelin 3-də Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanın - Təpəbaşı məhəlləsində anadan olmuşdur. Atası Nəcəf Hacı Hüseyn oğlu ilə, anası Gülsüm Məmmədəli qızı Fərəcovanın izdivacdan altı uşağı dünyaya gəlmişdi: oğlanları Yusif, Əkbər, Yaqub, qızları Ruqiyyə, son beşik Heydər.

1918-ci ilin martında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri soyqırımı zamanı qardaşı Yusif ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Bu hadisədən sonra anası Gülsüm xanım övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Onlar 1920-ci ildə Bakıya köçürlər və İçərişəhərdə kirayədə qalırlar. Bu vaxt Heydərin artıq 12 yaşı var idi.

Heydər Hüseynov orta təhsilini Bakı şəhərindəki 18 nömrəli məktəbədə alır. Həmin məktəbdə Heydərlə yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov da oxuyurdular.

Heydər Hüseynov 1927-ci ildə 18 nömrəli məktəbi bitirdikdən sonra Heydər Hüseynov Bakı Pedaqoji Taxnikumunda oxumağa başlayır. Bu illərdə komsomol sıralarına qəbul olunur. Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədi ilə o, kitabxanada işə düzəlir, eyni zamanda 16 yaşından fəhləlik edir.

Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq, gənclik dövrü yaşayan Heydər 18 yaşında daha bir zərbə alır. 1926-cı il aprelin 25-də anası Gülsüm xanım 60 yaşında vəfat edir. Ailəsinin bütün ağırlığını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin işləməli olur. 1931-ci ilə kimi 59 nömrəli məktəbdə dərs deyir.

1927-1931-ci illərdə Heydər Hüseynov Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin linqvistika ixtisasının tələbəsi olur. Universitetdə oxuduğu illərdə ərəb və fars dillərinə mükəmməl yiyələnir.

1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirən Heydər Hüseynov Azərbaycan Dövlət Elmi tədqiqat İnstitutunun fəlsəfə şöbəsinin aspiranturasına göndərilir.

1934-cü ildə 26 yaşlı Heydər Hüseynov tacir Süleyman Abdullayevin qızı Tale xanımla ailə həyatı qurur. Onların ailəsində üç qız uşağı – 1935-ci ildə Sara, 1939-cu ildə Leyla, 1941-ci ildə Sevda dünyaya gəlirlər. Musavat Partiyasının üzvü olan qayınatası Süleyman 1937-ci ildə güllələnib.

1934-cü ildə Heydər Hüseynov Mirzə Fətəli Axundovun “Kəmalüddövlə məktublar”nı redaktə edərək üç dildə - Azərbaycan, fars və rus dillərində çapa hazırlamışdı.

1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının və orada aparılan elmi işlərin təşkilində böyük xidmətləri olan Heydər Hüseynov, ilk vaxtlar – 26 yaşında ikən Filialın sədr müavini, 1944-cü ildən 36 yaşında ikən sədri olur. 1936-ci ildən etibarən Heydər Hüseynov Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Sovet Ensiklopediyası Komitəsində işləməyə başlayır. Həmin komitədə əvvəlcə elmi işçi, sonra elmi katib kimi fəaliyyət göstərir. Komitə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna çevrildikdən sonra həmin institutun direktoru vəzifəsinə təyin edilir.

1939-cu ildə onun rəhbərliyi ilə “Rusca-Azərbaycanca lüğət”, “Rusca-Azərbaycanca məktəbli lüğəti”, “İzahlı Azərbaycanca-Rusca lüğət” çap olunur.

1939-cu il martın 23-də Heydər Hüseynova SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə Sənaye İnstitutunun “Dialektik və tarixi materializm” kafedrası üzrə dosent elmi adı verilir. 1939-cu il iyunun 15-də o, Tiflis şəhərində “M.F.Axundovun fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir, 1944-cü ildə professor elmi adını alır.

Avtoritar bir dövrdə, hər şeyin respublika başçısının münasibətindən asılı olduğu illərdə Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovun gənc alimə rəğbəti, onun taleyində böyük rol oynayır. Heydər Hüseynovun həyatı ilə bağlı aparılan tədqiqatlar bunu deməyə əsas verir ki, Mir Cəfər Bağırov bu istedadlı gənc alimə xoş münasibət bəsləmiş, onun vəzifəcə irəli çəkilməsində, müəyyən məqamlarda təhlükədən kənarlaşdırılmasında rol oynamışdır. Belə ki, 1937-ci ildə repressiya dalğası SSRİ-ni ağuşuna alanda Azərbaycan Sovet Ensiklopediyası işçilərinin əksəriyyəti həbs olunur, bir hissəsi güllələnir. Lakin tacir ailəsindən çıxan, qaynatası Musavatın üzvü kimi repressiyaya məruz qalan Heydər Hüseynova toxululmur, hətta ara soyuyana qədər Azərbaycandan uzaqlaşdırılır.

1940-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Heydər Hüseynov elmi və pedaqoji sahələr üzrə yeni kadrların yetişdirilməsində göstərdiyi xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif olunur.

Ona göstərilən diqqətdən daha da ruhlanan Heydər Hüseynov respublika və ümumittifaq miqyasında daha böyük işlər görməyə, Azərbaycan elminin həm təbliği, həm də inkişafı istiqamətində yeni layihələr həyata keçirməyə başlayır. 1943-cü ildə “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildi, 1944-cü ildə isə ikinci cildi çap olunur. Müharibənin ağır illərində bu kitabların işıq üzü görməsi Azərbaycan alimlərinin böyük zəhmətinin, Heydər Hüseynovun yüksək təşkilatçılıq qabiliyyətinin nəticəsi idi.

1944-cü ildə Üzeyir Hacıbəyova dərin hörmət bəsləyən Heydər Hüseynov onun 60 illik yubileyinin keçirilməsində əlindən gələni əsirgəmir, onun təklifi ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti İncəsənət institutuna dahi bəstəkarın adını verir. Üzeyir Hacıbəyovun kitablarının çapı prosesinə şəxsən özü nəzarət edir.

“Rus artilleriyasının allahı” hesab olunan Əliağa Şıxlınskinin “Xatirələrim” kitabının yazılmasında və çap edilməsində Heydər Hüseynovun müstəsna rolu olmuşdur.

Elmi, pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə bir çoxlarına örnək olan Heydər Hüseynov müharibə dövründəki fəaliyyətinə görə “Qırmızı əmək bayrağı” ordeni, “Qafqazın müdafiəsi üçün” medalı, “1941-1945-ci illərin Vətən müharibəsində şərəfli əmək üçün” medalı ilə təltif olunur. 1945-ci ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının üzvü seçilir.

27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təsis edilir. Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk təsisçiləri – akademiklər müəyyən olunur. Akademik Mirəsədulla Mirqasımov Akademiyanın prezidenti, Heydər Hüseynov və Şamil Əzizbəyov Akademiyanın vitse - prezidentləri, Mirəli Qaşqay akademik-katib seçilir. Ümumi yığıncaqda eyni zamanda 5 nəfərdən ibarət ilk Rəyasət Heyəti üzvləri formalaşdırılır: Mirəsədulla Mirqasımov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mirəli Qaşqay və Yusif Məmmədəliyev.

Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinə üzv seçiləndə onun cəmi 37 yaşı var idi.

1946-cı ildə Mir Cəfər Bağırovun təqdimatı ilə Heydər Hüseynov Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi yanında Marks-Engels-Lenin institutunun (sonralar Partiya Tarixi İnstitutu adlanırdı) Azərbaycan filialının direktoru vəzifəsinə təyin olunur.

Heydər Hüseynov Marksizm-Leninizm institutunun direktoru olduğu vaxtda Moskvadan göndərilən komissiya və onun sədri erməni Burçalovun qarşısında zəiflik göstərmir, Azərbaycana, onun tarixinə göstərilən sayğısızlıq barədə danışır. Alimin bu cəsarəti Mir-Cəfər Bağırov tərəfindən dəstəklənsə də, respublikanın rəhbər dairələrində çox vaxt qıcıq doğurur.

1947-ci ilin fevralında Heydər Hüseynov Azərbaycan Ali Sovetinə deputat seçilir.

Müharibədən sonrakı qıtlığın, aclığın tüğyan etdiyi illərdə gənc akademik Azərbaycanda milli fəlsəfə məktəbi yaratdı. Yetişdirdiyi ilk milli kadrlara- Firudin Köçərliyə, İrşad Əliyevə, Aslan Aslanova, İqrar Əliyevə, Hüseyn Abbaszadəyə, Qədriyyə Salmanovaya, Məqsəd Səttarova, Ziyəddin Göyüşova və başqalarına atalıq qayğısı göstərirdi.

1948-ci ildə Heydər Hüseynov, Miryusif Mirbabayev və Əliheydər Orucovun 4 cildlik “Tam rus-Azərbaycan lüğəti” kitabları II dərəcəli Stalin mükafatına layiq görülür.

Azərbaycan K(b)P MK Bakı Komitəsinin 1948-ci il 5 may tarixli plenumunun qərarı ilə Heydər Hüseynov Bakı Şəhər Partiya Komitəsi Bürosuna üzv seçilir.

Alimin bu uğurları onun mərkəzdə və Azərbaycanda olan düşmənlərini bir qədər də fəallaşdırır. Yuxarı təşkilatlara ünvanlanmış məktublar və teleqramlar Heydər Hüseynova xoşagəlməz olaylar yaşadır. Atası, qardaşları, yaxın qohumları barədə aparılan “araşdırmalar” onun 1948-ci il noyabrın 15-də Mircəfər Bağırovun adına izahat yazması ilə nəticələnir. Mərkəzi Komitədə onun izhatını müzakirə edib töhmət vermək qərarına gəlirlər. Bu qərar Heydər Hüseynova çox pis təsir edir. Bu xəbəri eşidən Bağırov həmin qərarı ləğv edir.

1949-cu ildə Heydər Hüseynovun yaradıcılığının zirvəsi, eyni zamanda faciəsinin səbəbkarı olan “XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” kitabı Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı tərəfindən çap olunur.

Kitabın giriş hissəsində müəllif zəngin mədəniyyətimizin, fəlsəfəmizin ilk rüşeymlərinin hələ zərdüştlük dövründə yarandığını, sonrakı mərhələlərdə Hafiz Əziz oğlu, Əbdüləziz Həsən oğlu, Məkki Əhməd oğlu, Abdulla Abdul Məlik oğlu, Bəhmənyar, Əbu Üla, Xaqani, Nizami, Məhsəti Gəncəvi, Əbülhəsən Şirvani, Məhəmməd Fələki, Əcəmi Naxçıvani, Mahmud Şəbüstəri, Nəsimi, Füzuli, Hacı Zeynalabdin Şirvani və başqaları tərəfindən davam etdirildiyini, özü də bir çox xalqların inkişafına böyük təsir göstərdiyini qeyd edir. Əsərdə müəllif Bəhmənyar, Əbülhəsən Şirvani, Məhəmməd Fələki, Əbdül Qədir, Şükrülla Şirvani kimi adları ilk dəfə çəkmiş, XIX əsa tarixinə həsr olunmuş hissədə isə Mirzə Kazım bəy və Mirzə Cəfər Topçubaşov haqqında geniş oxucu kütlələrinə ilk dəfə məlumat vermişdir.

Kitabda Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi XIX əsr mütərəqqi ziyalılarının zəngin elmi bədii yaradıcılığı arxiv sənədlərinə əsaslanaraq fəlsəfi aspektdən təhlil olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Heydər Hüseynovun “XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” əsəri dövrünə görə bütün SSRİ məkanında bir millətin ictimai və fəlsəfi fikir tarixinə həsr edilmiş ilk nümunə idi və sonralar nüfuzlu alimlər bu nümunədən geniş istifadə etdilər.

Alimin ittihamına səbəb olan 734 səhifəlik kitabın cəmi 5 səhifəsini əhatə edən Şamil hərəkatını və müridizm təlimini müsbət tərəfdən dəyərləndirən məqalənin bu qədər səs-küyə səbəb olacağını heç kəs ağlına belə gətirmirdi. Bu fəsildə Heydər Hüseynov araşıdırmalarını davam etdirərək, Rusiya şərqşünaslıq elminin banilərindən biri, Sankt-Peterburq İmperator Elmlər Akademiyasının həqiqi üzvü, Paris Asiya Cəmiyyətinin, Kopenhagen Kral Şimal Antikvariyalar Cəmiyyətinin, Amerika Fəlsəfə Cəmiyyətinin, Amerika Şərqşünaslar Cəmiyyətinin, Berlindəki Almaniya Şərqşünaslar Cəmiyyətinin fəxri üzvü, hələ 180 il bundan əvvəl Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini yaratmış, “Azərbaycan dili” terminini ilk dəfə elmi cəhətdən əsaslandırmış, dərin şərq təhsilinə malik, Avropa elmləri ilə əsaslı surətdə tanış olan, rus, ərəb, fars, türk, ingilis, fransız dillərini yaxşı bilən və bütün bu altı dildə yazan və əsərlər çap etdirən azərbaycanlı Mirzə Kazım bəyi doğma vətənində daha yaxından tanıtmaq məqsədi ilə arxiv sənədlərinə, Mirzə Kazım bəyin özünün xatirələrinə, nüfuzlu elm adamlarının yazılarına müraciət edir onun həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları oxuculara təqdim edir.

1949-cu il sentyabrın 21-də Nizami adına Ədəbiyyat İnstitutunun, Nizami muzeyinin və Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun birgə yığıncağında Heydər Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” əsərinin Stalin mükafatına təqdim olunması ilə bağlı məsələ müzakirə olunur. Müzakirələrdə dövrün tanınmış alimləri Məmməd Arif Dadaşzadə, Əlövsət Quliyev, Məmməd Ağa Quluzadə, Həmid Araslı, Yevgeniy Alekseyeviç Tokarjevskiy və Mir Cəlal Paşayev çıxış etmişlər. Yığıncaq əsərin Stalin mükafatına təqdim olunması haqqında müsbət qərar qəbul etmişdir.

Bu barədə Xalq yazıçısı Mirzə İbrahimovun xatirələri çox maraqlıdır. O, yazır ki, “o vaxt mən Moskvada idim. Bir gün dedilər ki, Aleksandr Fadeyev məni görmək istəyir. O, həm SSRİ Yazıçılar İttifaqının, həm də “Stalin mükafatları komitəsi”nin sədri idi. Mən də həmin komitənin üzvü olduğumdan Fadeyev görüşümüz zamanı özünəməxsus bir işgüzarlıqla söhbəti birbaşa Heydər Hüseynovun kitabından başladı. Çox mənalı və qiymətli tədqiqat əsəri olduğunu və Stalin mükafatına irəli sürmək istədiyini bildirib, mənim rəyimi soruşdu. Söz yox ki, fikir mənə də xoş gəldi və sevinclə dedim ki, əla olar. O zaman mənim ağlıma gəlməzdi ki, bu təklif kimə və ya kimlərəsə xoş gəlməyə bilər. Kitabı SSRİ Yazıçılar İttifaqı Stalin mükafatına irəli sürəndə respublikanın rəhbər təşkilatları buna etiraz etmədilər. Mukafatlar komitəsində müzakirə zamanı danışamlar kitabı təriflədilər. Həm açıq, həm də gizli səs vermədə əsər mükafata layiq görüldü. Bu münasibətlə Heydər Hüseynovu təbrik edənlər saysız-hesabsız idi”.

Kitab böyük müvəffəqiyyət qazanır, Heydər Hüseynovun ünvanına Azərbaycan, Gürcüstan, Estoniya, Qazaxstan, Özbəkistan, bir sözlə, SSRİ-nin hər yerindən təbrik teleqramları gəlir. Onu da qeyd edək ki, Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov və Mehdi Hüseyn kitaba rəy yazmışdı.

1949-cu il dekabrın 21-də başda Mir Cəfər Bağırov olmaqla Azərbaycan nümayəndə heyəti Moskvaya Stalinin doğum gününə həsr olunmuş tədbirə getmişdilər. Həmin tədbirdə Heydər Hüseynov da iştirak etmişdi. 1949-cu il 27 dekabrda nümayəndə heyəti Bakıya qayıdır və həmin gün elan verilir ki, 28 dekabrda indiki İqtisad Universitetinin binasında Heydər Hüseynovun Stalinlə görüşü haqqında məruzəsi olacaq. Həmin tədbirdə iştirak edən Fuad Qasımzadənin dediyinə görə zal dinləyicilərlə dolu idi və o heç bir konspektdən istifadə etmədən 3 saat sinədən danışdı.

Moskva səfərindən sonra Heydər Hüseynovun ümumittifaq və respublika miqyasında nüfuzunun artması, respublika rəhbərinin xüsusi münasibəti bəzi vəzifəli şəxsləri narahat etməyə başlayır. Həmin şəxslər onu gözdən salmaq üçün müxtəlif vasitələr axtarır, ətrafında olan adamları öyrədir, haqqında donoslar yazılır.

Həmin dövrdə Azərbaycan Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyən Həsən Həsənov xatirələrində yazır ki, “o vaxt Stalin mukafatı Komitəsinin üzvü olan Mirzə İbrahimov Moskvadan mənə zəng etdi ki, Heydər Hüseynovun kitabını Stalin mükafatına təqdim ediblər, Azərbaycanın fikrini soruşurlar, mən bu barədə Mir Cəfər Bağırova zəng etdim, o dərhal razılığını bildirdi”.

Həsən Həsənov xatirələrini davam etdirərək yazır “Mir Cəfər Bağırov nədənsə Heydər Hüseynovun kitabını oxumağa başladı. Bir gün mənə zəng edib dedi ki, Heydər Hüseynovu, Zevini, Kirsanovu götür gəlin mənim yanıma. Mən Heydər Hüseynovu tapa bilmədim, onda o, dedi ki, onun müavinini tap, onunla birlikdə gəlin. Mən elə də etdim. Biz Mir Cəfər Bağırovun kabinetinə daxil olan kimi, o, Tokarjevskiyə hücum etdi, bu nə kitabdır, siz nəşr etdirmisiniz? Bu ziyanlı kitabdır. Şamilin müridizmi burada mütərəqqi hadisə kimi göstərilir. O, Tokarjevskiyə dedi, sabah sən səhər tezdən gələrsən, oturarsan onun yerində, nə vaxt o işə gəlsə deyərsən ki, burada direktor mənəm, sən get Mərkəzi Komitəyə”.

Burada qeyd etmək lazımdır ki, əvvəla, kitabın redaktoru Tokarjevski yox, akademik A.Makovelski idi, ikincisi necə olmuşdu ki, Heydər Hüseynovu heç yerdə tapa bilməmişdilər.

Beləliklə Mir Cəfər Bağırov bu məsələdə qaranlıq məqamların olması qərarına gəlir və alimin ondan xəbərsiz kitabla bağlı rezenziyalar və məqalələr toplaması, iclaslar keçirməsi, A.Fadeyevlə əlaqə saxlaması onu əsəbiləşdirir.

Fevralın 15-i Akademiyaya işə gələn Heydər Hüseynov müavini Y.Tokarjevskinin onun yerində oturduğunu görür, seyfindən sənədlərin, partiya biletinin götürüldüyünü bilir. Heydər Hüseynov bir kəlmə də danışmadan dönüb kabinetdən gedir. O, çox yaxşı başa düşürdü ki, “yuxarı”da artıq onun taleyini həll etmişlər və onun üçün “artıq hər şey bitmişdir”.

Mir Cəfər Bağırovun tapşırığı ilə Həsən Həsənov əsərin zəif olması barədə Stalin Mukafatı Komissiyasına məktub yazır. Mukafat komissiyası bu məktuba məhəl qoymayaraq Heydər Hüseynova ədəbi tənqid və sənədşünaslıq üzrə Stalin mükafatını verir. Bu qərar Ümumittifaq mətbuatında və “Bakinski raboçi” qəzetinin 8 mart 1950-ci il tarixli nömrəsində dərc olunur.

Bu Mir Cəfər Bağırovun alimə qarşı qəzəbini son həddə çatdırır və Heydər Hüseynov üçün bütün qapılar bağlanır. İndi ancaq üzüaşağı yuvarlanmaq qalır. Artıq heç kəs ona yardım edə bilməz. Bunu hamı yaxşı başa düşür, yavaş-yavaş uzaqlaşmağa başlayırlar. Dünən onu ağız dolusu tərifləyən, kitabı haqqında gözəl rəylər yazanlar indi “səhv”lərini etiraf etməyə, bir-birini qabaqlayaraqdaha kəskin məqalələr yazmağa, çıxışlar etməyə tələsir, onsuz da psixoloji gərginlik keçirən Heydər Hüseynovu daha dərin, çıxılması mümkün olmayan vəziyyətə salırlar.

Bu mənəvi və ədalətsiz hücumlara tab gətirə bilməyən alim 1950-ci ilin mart ayının əvvəlində Akademiyadakı iş otağında hər iki biləyinin damarlarını kəsir. Onu xəstəxanaya yerləşdirirlər.

Alimin bu hərəkətindən düşmənləri məharətlə yararlanır, onun bu addımını partiyaya qarşı protest kimi qiymətləndirirlər. Heydər Hüseynovun yanında təkcə ən doğmaları və bir-iki yaxını qalır.

Xəstəxanada olarkən və daha sonra dəfələrlə Mir Cəfər Bağırova rəsmi müraciət edərək. “səhv”lərini bağışlamasını xahiş edir. Ancaq onun bu müraciətlərinin Bağırova çatıb-çatmaması haqqında heç bir məlumat yoxdur.

Bundan sonra Mir Cəfər Bağırov ona qarşı “saymazlıq” göstərən alimi axıra qədər təqib etmək qərarına gəlir. Elmlər Akademiyasına, Azərbaycan KP MK-nın Partiya Tarixi İnstitutuna göstəriş verir ki, alimin hərəkətlərini müzakirə etsinlər. Onu partiyadan, Akademiyanın həqiqi üzvlüyündən və Partiya Tarixi İnstitutunun direktoru vəzifəsindən çıxarırlar.

Mir Cəfər Bağırov ilk növbədə Lavrenti Beryaya müraciət edir və onun köməyi ilə bu xəbəri Stalinə çatdırır. Bağırov Moskvaya gedir və orada keçirilən müzakirədə Şamil müridizminin xalqa zidd, mürtəce xarakter daşıdığını sübut edir. Şamil hərəkatının mütərəqqi xarakterini müdafiə etmiş moskvalı alimlər səhv etdiklərini etiraf etməyə, Bağırovu dəstəkləməyə başlayırlar. Beləliklə o, Heydər Hüseynovun kitabına Stalin mükafatı vermiş Komitənin qərarının ləğv olunmasına nail olur. Bu barədə “Pravda” qəzetində kitabda olan kobud səhvlərə görə mükafatın ləğv olunması barədə rəsmi məlumat dərc olunur.

Mir Cəfər Bağırov bununla kifayətlənmir və qərara gəlir ki, son zərbəni endirmək üçün böyük bir yığıncaq keçirmək lazımdır. 1950-ci il iyulun 14-də Filarmoniyanın yay salonunda 2000 nəfərin iştirakı ilə Azərbaycan ziyalılarının yığıncağı keçirilir. Yığıncaqda Mir Cəfər Bağırov “Azərbaycan ziyalılarının növbəti vəzifələri” mövzusunda məruzə edir.

18 iyul 1950-ci ildə Heydər Hüseynov Akademiyanın üzvlüyündən, 31 iyul 1950-ci ildə isə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılır.

Heydər Hüseynovun əsərlərinə qadağa qoyulur, onunla bağlı materiallar məhv edilir, şəxsi işi yandırılır, “ziyanlı” kitabın redaktoru A.O.Makovelski ittiham olunur, Məmməd Arif Dadaşzadə Yazıçılar İttifaqı sıralarından, Mehdi Hüseyn Yazıçılar İttifaqı idarə heyəti üzvülüyündən xaric edilir.

Beləliklə, tarixdən bixəbər olan Mir Cəfər Bağırov bir şou ilə yalnız Azərbaycan tarixçilərinə deyil, sovetlər ittifaqının bütün görkəmli tarixçilərinə meydan oxuyur. Şamilə qarşı ittifaq miqyasında vüsət alan ədalətsiz kompaniyaya onun öz vətəni Dağıstanda da qoşulanlar çox olur.

Haqsız tənqid və təqiblərdən, təhqirlərdən sarsılmış, ciddi əsəb gərginliyi keçirmiş Heydər Hüseynov hələ də ümidini itirmir və həyatını davam etdirmək üçün son ümid kimi 15 iyul 1950-ci ildə yenidən Mir Cəfər Bağırova teleqram göndərir: “Özümdə cəsarət taparaq sizdən xahiş edirəm ki, mənim işlə təmin olunmağım barədə göstəriş verəsiniz”.

Alimin qızı Leyla xanımın xatirələrindən aydın olur ki, Mir Cəfər Bağırov atasının işlə təmin olunmasına dair göstəriş verir. Həsən Həsənovun xatirələrində də alimin işlə təmin olunmasına razılıq verildiyi qeyd olunur. Hətta alimin bəraət alması haqqında söhbətlər gedir. Evinə gələnlərin sayı artır. Lakin sonradan məlum olur ki, bu xəbərlər doğru olmur.

Bu Heydər Hüseynova vurulan sonuncu zərbə idi. Alimin psixoloji durumu o həddə çatır ki, heç bir dərman kömək etmir. Bunları görən həyat yoldaşı Tale xanım yeganə çıxış yolunu ərini mövcud mühitdən uzaqlaşdırmaqda görür. Bu məqsədlə ailə bağa köçməli olur. Əfsuslar olsun ki, burada da rahatlıq tapa bilmirlər.

1950-ci ili avqustun 13-də Heydər Hüseynovun qardaşı Yaqubu həbs edirlər. Qardaşının həbsindən sonra onun da tutulacağı gün kimi aydın idi.

Həmin günlər həyat yoldaşı Tale xanım onu bir dəqiqə də gözdən qoymur, onlar hamısı bir otaqda yatırdılar. Avqustun 15-i günü səhər tezdən Tale xanımı yuxu aparır. Bundan istifadə edən Heydər Hüseynov ehtiyatla çarpayıdan qalxıb axırıncı dəfə balalarının üzünə baxır, xeyli fikrə dalır, Tale xanımım tərpəndiyini görəndə tələsir, qərarını həyata keçirməyə imkan tapa bilməyəcəyindən qorxur və həyətə çıxır.

Tale xanım Heydərin ayıq olduğunu hiss etsə də, son günlərin gərginliyi onu yormuş, bir anlıq sayıqlığını əlindən almışdı. Oyananda isə iş işdən keçmişdi. Bağın ortasındakı tikilinin qapısının arxasında faciə baş vermişdi.

Beləliklə, sovet cəmiyyətinin yetirməsi olan, kommunist ideologiyasının, markisist-leninci fəlsəfənin mərkəzində dayanan, lakin milli varlığına bağlılığı qəlbindən çıxarıb ata bilməyən, sosialist cəmiyyətinin verdiyi bütün imkanlardan məhz millət üçün, xal üçün istifadə etməyə çalışan, milli mənıviyyatımız, mədəni-mənəvi dəyərlərimiz, ədəbi-bədii və fəlsəfi abidələrimizi kommunist ideologiyasının labirintlərindən keçirib yaşatmaq uğrunda çalışan və bu sahədə böyük uğurlar qazanan Heydər Hüseynov 1950-ci il avqustun 15-də 42 yaşında həyatla vidalaşdı.

Heydər Hüseynovun qızı Sara xanım xatirələrində qeyd edir ki, “atam dünyasını dəyişəndən bir qədər sonra DTX-dən adamlar gəldilər, evimizdə axtarış apardılar, meyiti yük maşınının arxasına atdılar, biz də anamla onlarla bərabər getdik. Sonra bizi geri qaytardılar, qapımız artıq möhürlənmişdi, gedəsi yerimiz yox idi. Heç kəs bizi evinə buraxmaq istəmirdi, axırda qonşumuzun biri bizi evinə gətirdi. Günün ikinci yarısı DTX-dən yenə gəldilər, evimizdə yenidən axtarış apardılar, atamın bir çox kitablarını və məktublarını apardılar. Avqustun 16-da atamın meyitini gətirdilər və onu beynəlxalq qəbirstanlıqda dəfn etdilər. Qorxudan yasına da çox adam gəlməmişdi. Üstündə molla da oxumadı, onu son mənzilə Quransız, Fatihəsiz, Yasinsiz yola saldıq”.

Dəfn mərasimində iştirak etdiklərinə görə tələbələri Firudin Köçərli Universitet həmkarlar komitəsinin sədrliyindən, Ziyəddin Göyüşovu isə Universitet komsomol komitəsinin rəhbərliyindən azad etdilər.

Cəmiyyətdə böyük nüfuz sahibi olan bir insanın ölümü barədə heç bir rəsmi məlumat verilməsə də, xəbər tez bir zamanda Azərbaycandan çox-çox kənara yayılır. Bir saat sonra Türkiyə radiosu Heydər Hüseynovun ölüm xəbərini dünyaya bəyan edir.

Deyirlər, hər qaranlıq gecənin bir işıqlı sabahı olar. 1953-cü ildə Stalinin ölümü, Mir Cəfər Bağırovun həbsi ilə Hüseynovlar ailəsinin iztirablarına son qoyulur. 1954-cü ildə Azərbaycan KP MK-nın birinci katibi seçilmiş İmam Mustafayev Heydər Hüseynovun ailəsini diqqətdə saxlayır, Tale xanıma akademikin həyat yoldaşı kimi xüsusi təqaüd verir, onunla telefon əlaqəsi saxlayır, əllərindən alınan dərin psixoloji sarsıntının izləri otaqları özlərinə qaytarır, evlərinə telefon çəkdirir.

Bəraət alandan sonra 1956-cı ildə Heydər Hüseynovun cənazəsi birinci Fəxri xiyabana köçürülür, Azərbaycan SSR EA-nın həqiqi üzvlüyündən çıxarılması haqqında qərar ləğv edilir. 1958-ci ildə uzun illər yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulur. Bütün bunlar Heydər Hüseynovun ailəsinə sonsuz sevinc yaşatsa da, keçirdikləri bu psixoloji sarsıntıların izləri uzun müddət bu fədakar insanları tərk etmir.

Yalnız 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Heydər Hüseynovun adı yüksək tribunadan çəkilir. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev akademik Heydər Hüseynovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayır. Yubiley ölkəmizdə təntənə ilə qeyd edilir.

Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 11 iyul 2008-ci ildə Heydər Hüseynovun 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayır. Akademikin yubileyi respublikada geniş qeyd edilir. Onun kitabları yenidən çap olunur.

Bəli, adına, əsərlərinə nə qədər qadağa qoyulsa, şəxsi işi məhv edilsə də zamanın ələyindən başı uca çıxdı Heydər Hüseynov! Azərbaycan xalqı üçün etdiklərinə görə yüksək qiymətini aldı.



Misir Mərdanov,
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!