Modern.az

"Bura istedadlı yazıçılar, şairlər birliyi deyil" - Yazıçılar Birliyinin katibi

Ədəbi̇yyat

6 May 2024, 13:06

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Birliyə qəbul məsələləri ilə bağlı mətbuat konfransı keçirilir. Konfransda AYB-yə qəbul qaydalarının yeni prinsipləri, mexanizmləri, üzvlüklə bağlı mətbuat nümayəndələrinə məlumat verilir.

 

Modern.az xəbər verir ki, mətbuat konfransında AYB katibi, Qəbul komissiyasının sədri Səlim Babullaoğlu, AYB katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi və yazıçı Həmid Herisçi və başqaları iştirak edirlər.

 

Səlim Babullaoğlu deyib ki, AYB-yə üzv olmaq da, çıxmaq da könüllüdür. Azərbaycan ədəbiyyatının ən yaxşı mətnlərini birliyə üzv olanlar yaradır. Yazıçılar birliyi polemikalara açıqdır. Onun sözlərinə görə, müəlliflər istədikləri vaxt birliyə sənəd verə bilməzlər:

 

"Mən birliyə üzv olan müəllifləri də, olmayanları da xarici dillərə tərcümə etdirmişəm. Biz ədəbi prosesi işıqlandırmaq baxımından dəyərli hesab etdiyimiz mətnləri dərc etdirmişik. Bu, işi sistemsiz eləyir. Qərara gəldik ki, 8 həftə öncədən mətbuatda dərc olunmaqla sənəd qəbulu təşkil edək. 3 il ərzində minə yaxın sənəd verilib. Hər adam bir kitab versə, bu, min kitab deməkdir. Məqsədimiz prinsipsizliyin qarşısını almaqdır. Sənəd verənlərin yarısını rədd eləmişik. Sonra təzyiqlərlə üzləşirik. Deyirlər ki, necə mənim rəy verdiyim adamı seçmirsiniz? Bəzən də rəy verənlərin qarşısında aciz qalırıq..."

 

O qeyd edib ki, üzvlüklə bağlı bəzi müəlliflərə birlik müraciət edir: "Bəzən biz özümüz müraciət eləyirik müəlliflərə. Məsələn, Həmid Herisçi. O, artıq ədəbiyyatımızın klassikidir. Onun rəy verilməyə ehtiyacı yoxdur. Bəzən xaricdə yaşayan müəlliflərimizə də üzvlüklə bağlı müraciət edirik. Ancaq əvvəlcə səfirliklə əlaqə saxlayırıq. Bəlkə, o adam erməni abidəsinə gül qoyub?"

 

Elçin Hüseynbəyli isə AYB-yə hücumların "terror mahiyyətli" olduğunu bildirib. Onun sözlərinə görə, başqa ölkələr birliyin maliyyələşməsinə paxıllıq edirlər: "Bura istedadlı yazıçılar, şairlər birliyi deyil. Əxlaq çox vacibdir. Tam obyektivlik mümkün deyil. Bacardığımız qədər obyektiv olmağa çalışırıq. Pribaltikada bizim maliyyələşməyimizə həsəd aparırlar. Deyirlər, nə yaxşı, sizdə bürokratik deyil. Ona görə də bəzi bədxahlar spekuliyasilar eləyirlər. Qəsdən eləyirlər. Bəzən yaxınlaşırlar ki, üzv olmaq istəyirəm. Elə qəzetin, saytın adını çəkir ki, heç yerdə bilinmir. Üzvlük üçün bizim mətbu orqanlarımızda çap olunmalısan. Həmidə gəlincə, onun zəmanətə ehtiyacı yoxdur. Onu üzvlük münasibətilə təbrik eləyirəm."

 

İlqar Fəhmi isə qeyd edib ki, AYB-ni tənqid eləyənlərin 90%-i buranın bütün imtiyazlarından yararlananlardır. Onun sözlərinə görə, birliyin məsul şəxsləri onların tənqid olunduğu sosial şəbəkələrdən istifadə etmirlər:

 

"Kimin kimdən xoşu gəlmir, başlayır tənqidə. Azlıq çox aktiv olanda adama çox görünür. O tənqidlərin çoxundan heç xəbərimiz olmur. Çünki biz o platformalarda yoxuq. Azərbaycanda onlarla təşkilat var ki, heç kimin yadına düşmür. Ayb aktual olduğuna görə adı hallanır. Birliyə təkcə yazıçılar, şairlər yox, ədəbiyyatı işıqlandıran jurnalistlər, bölgələrdə özünü ədəbiyyata həsr eləyən könüllülər də qəbul olunur". (kulis.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti