Modern.az

Əzizə Cəfərzadənin Turanı...

Əzizə Cəfərzadənin Turanı...

Ədəbi̇yyat

7 May 2024, 10:40

“Mən Əzizə Cəfərzadənin təkcə oğlu yox, həm onun yazılarının ilk oxucusu və həm də tənqidçisi olmuşam. 20-22 yaşlarında idim. Özü deyirdi ki, mənim yazılarımı sən oxumadan çapa verməyəcəm. Mən onun yazılarını oxuyub fikirlərimi deyirdim, yalnız bundan sonra çap etdirirdi. İngiltərədə işləyəndə, bir dəfə gecə reysi ilə qayıtmışdım. Evə gələndə gördüm ki, publisistik janrda yazdığı bir yazını qoyub yazı masama. Oxuyub dedim ki, bu elə bil Əzizə Cəfərzadənin “Aləmdə səsim var”dan qabaqkı qələmidir. Etiraz elədi, dedi, yox, təzə yazmışam. Mən dediyimdən dönmədim: “Ola bilsin, təzə yazmısan, amma bu o dövrün qələmidir”. Müxtəlif arqumentlər sadalayıb məni aldatmaq istədi, alınmadı. Sonra boynumu qucaqlayıb gülə-gülə dedi ki,- “Sağ ol, oğul, ilinə qədər düz dedin. 1967-ci ilin yazısıdı, arxivimdə qalmışdı, çap elətdirməmişdim”.

Ümumiyyətlə, tənqidi qəbul edən adam idi. Evdə onu hamı oxuyurdu. Qardaşları da, mən də, digərləri də. Və bizim rəyimizi öyrənmədən heç birini çap etdirmirdi”, - söyləyir.

Bəli, bu gün sizə Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovdan söhbət açmaq istəyirəm. O, 1961-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. İxtisasca tətbiqi riyaziyyatçıdır. Hazırda neft sahəsində çalışır. Texniki elmlər üzrə fəlsəfə doktorudur...

Dostluqda çox sədaqətlidir. Xeyirxah, qayğıkeş, səbirli adamdır. Qavramaq qabiliyyəti, duyumu çox güclüdür. Ona etibar etmək, güvənmək olar. Əsas arzusu isə öz prinsiplərinə sadiq qalmaqdır...

Deyir ki, “həqiqətdə mən Əzizə Cəfərzadənin qardaşının oğluyam. Kiçik yaşlarımdan məni rəsmi şəkildə oğulluğa götürüb. Müharibə dövründə özünün qız övladı olub. O vaxtlar keçmiş “Sovetski” küçəsində yerləşən Pedaqoji məktəb hospital imiş, orada çalışırmış. Qızı körpə olanda, kimsə onu evlərindən hospitala, əmizdirməyə aparanda yolda yıxılıb və necəsə olubsa qızı başından zədə alıb, bir müddət sonra isə vəfat edib. Təxminən iki yaşında. Onun müharibə dövründə qələmə aldığı “Oyan, balacığım!”, daha sonralar yazdığı “Nətavan haqqında hekayələr”, “Cəlalliyyə”, “İşiğa doğrü” və başqa əsərlərində bu faciə öz təsvirini tapıb. Əzizə ana yeganə övladını itirməsinin acısını ömrü boyu daşıyıb. Bu acını nə qədərsə ovutmaq üçün bacım Kəmalə də çox kiçik yaşlarından onun evində yaşayıb. Amma onu övlad kimi rəsmiləşdirməyib. Məni isə rəsmi övladlığa götürüb, ona görə də soyadım Cəfərzadədən yoldaşının soyadına - İbrahimovla dəyişdirilib...”.

Yaxşı zövqu var, gözəllik aşiqidir. İnsanlarla mehriban rəftar edir. Dostlara çətin günlərində dəstək, təsəlli verməyi bacarır. Hisslərindən çox məntiqlə hərəkət etməyi sevən insandır. Risk etməyi xoşlamadığından səhvlərə də yol vermir. Başlayacağı iş üzərində uzun müddət düşünərək, hər addımını hesablamağı sevir və hazırladığı planın reallaşmasını səbrlə gözləyir...

“Əslində Aviasiyaya gedəcəkdim, qismət olmadı. Gözümdə problem çıxdı. Amma uşaq vaxtlarımda anamın yazı masasında əyləşib nəsə yazmağına böyük maraqla baxardım. Anam gün ərzində yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırdı. Və mən sadəcə abzasları qaydasına salmaqda ona kömək edərdim. Demək olar ki, onun yazısı üzərində təzədən işləmək söhbəti olmurdu. Ona ilham həmişə səlis cümlələrlə gələrdi. O, artıq beynində redaktə edib o cür də üzə çıxarırdı. Ömrünün axırlarında isə yazı makinası ilə yaza bilmədi...”, - söyləyir.

…Mayın 9-u haqqında söhbət açdığım, texniki elmlər üzrə fəlsəfə doktoru Turan İbrahimovun ad günüdür, 63 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
Çox yaşasın!..

Hörmətlə, Elman Eldaroğlu 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi