Modern.az

Azərbaycanda “Xalq yazıçısı” və “Xalq şairi” olan qadınlar niyə AZDIR...

Azərbaycanda “Xalq yazıçısı” və “Xalq şairi” olan qadınlar niyə AZDIR...

Ədəbi̇yyat

16 İyul 2024, 14:52

Azərbaycanda indiyə kimi xeyli “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adı almış yazarlar olub. Onların bir çoxu dünyasını dəyişib. Amma hazırda sağ olanlar da var.

"Xalq yazıçısı” və “Xalq şairi” fəxri adları ilə bağlı sonuncu sərəncam 2019-cu ildə imzalanıb.

Prezidentin “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” 24 may 2019-cu il tarixli həmin sərəncamı ilə üç nəfərə “Xalq şairi” adı verilib - Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub. Üç nəfərə isə “Xalq yazıçısı” adı verilib - Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud.

Modern.az saytı hazırda həyatda olan titullu AYB üzvlərinin siyahısını hazırlayıb. Onların adlarını təqdim edirik:

“Xalq yazıçısı” - Anar Rzayev, Elçin Əfəndiyev, Çingiz Abdullayev, Elmira Axundova, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud


“Xalq şairi” - Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Vahid Əziz,Ramiz Rövşən.

Araşdırmalar göstərir ki, həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə  “Xalq şairi” və “Xalq yazıçısı” adı alanlar arasında qadınlar xeyli az olub.

Azərbaycanda indiyə kimi cəmi 3 qadına (Mirvarid Dilbazi, Nigar Rəfibəyli və Hökumə Billuri) “Xalq şairi” adı verilib.

Eyni sayda da qadına “Xalq yazıçısı” adı verilib - Əzizə Cəfərzadə, Elmira Axundova, Afaq Məsud.


Maraqlıdır, Azərbaycanda fəxri ad alan qadın şair və yaçızılraın sayı niyə az olub?

Mövzu ilə bağlı Modern.az-a danışan yazıçı Seyran Səxavət bunun əvvəllər tanınmış qadın yazarların az olması ilə bağlı olduğunu bildirib.

“Əvvəllər şair və yazıçı qadınlar az idi. İndi sevinə-sevinə deyə bilərəm ki, qadın ədəbiyyatı Azərbaycanda çox sürətlə özü də qüdrətli şəkildə davam edir. “Ümumiyyətlə niyə azdır” sualına belə cavab verə bilərəm ki, dünyada da hökmdar, qəhrəman, Nobel mükafatı alan qadınlar azdır. Bu tərəzini bizim Tanrı  belə yaradıb.
Bu gün Azərbaycanda çox istedadlı nasirlərdən Təranə Vahidi misal çəkə bilərəm. O, dünyanın ən bənzərsiz beş-on yazıçısından biridir. “Xalq şairi”, “Xalq yazıçısı” kimi rütbələr şərtidir. Mənim dostlarım var ki, onlara fəxri ad veriblər, soruşuram “Xalq şairi” adı veriləndən sonra özünüzdə nəsə bir dəyişiklik hiss etmisinizmi? Ağlınız artıb, yoxsa istedadınız? Deyirlər, “heç nə artmayıb, elə həmin adamıq””.

Bəs Seyran Səxavət hansı şair qadınları “Xalq şairi” fəxri adına layiq görülməyini istəyər?

“Layiq olanlar var, o adı onlara verə bilərlər. Əslində “Xalq şairi” adını vermirlər, alırlar. Almaq üçün də gərək qapı-qapı düşəsən, qapılar döyəsən. Bəziləri özünə sığışdırır, bəziləri isə deyir, tanınıram, hər kəs mənə hörmət edir, bu mənə bəs edir. “Xalq şairi” adı almaq insanların nəfsi ilə bağlı bir şeydir, bunun ədəbiyyata, incəsəsnətə heç bir dəxli yoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri