Modern.az

Son mənzili İstanbul OLANLAR

Ədəbi̇yyat

19 Oktyabr 2024, 20:28

Vətəndən uzaqlarda keçirilən bayramlarda bir qürbət ovqatı olur. İstər rəsmi dövlət bayramları olsun, istərsə də milii bayramlar – insan nəyinsə çatışmadığını, nələrinsə əksik qaldığını hiss edir…

Ancaq 18 Oktyabr – Müstəqilliyimizin Bərpası Günü çox fərqli və anlamlı bir gün oldu. İstanbul Baş konsulluğumuzun ev sahibliyi və mükəmməl təşkilatçılığı ilə "Son mənzili İstanbul olan azərbaycanlılar" kitabının təqdimat mərasimi iştirakçılara həm bayram hədiyyəsi oldu, həm də yaxın tariximizin qadalı səhifələrini təkrar səhifələmək, qürur hissi yaşamaq fürsəti verdi…

Bosfor boğazının Avropa yaxasındakı İstanbulun Şişli rayonu.

Şişli ilə Okmeydanı arasındakı təpəliklərdə yerləşən məşhur Feriköy məzarlığı.

Türkiyənin tanınmış siyasət və mədəniyyət xadimlərinin məzarları buradadır.

Bura bizim üçün çox əziz yerdir, yaxın tariximizin bir çox görkəmli şəxsiyyəti və dövlət xadimlərinin əbədi istirahətgahıdır Feriköy məzarlığı. Əhməd Ağaoğlu, Xosrov bəy Sultanzadə (Cumhuriyyətin ilk Hərbi naziri), Xəlil Bəy Xasməmmədov (ilk Ədliyyə nazirimiz), Nağı Bəy Şeyxzamanlı (Cumhuriyyətimizin Kəşfiyyat rəisi), millət vəkilləri Miryaqub Mirmehdiyev, Şəfibəy Rüstəmbəyli, Məhəmməd Sadıq Aran və başqaları burada yatırlar.

"Son mənzili İstanbul olan azərbaycanlılar" kitabının müəllifi, gənc olmasına baxmayaraq uğurlu araştırmalara imza atmış tarixçi Dilqəm Əhməd Feriköyə “Bizim İstanbuldakı Fəxri Xiyabanımız” deyir. Həqiqətən də məzarlığın azərbaycanlılar yatan hissəsinin mərkəzində görkəmli mütəfəkkir Əhməd Bəy Ağaoğlunun qəbri, sağına və soluna isə digər mühacirlərimiz və mümtaz həmyerlilərimizin məzarları yerləşdirilib…

Nəfis tərtibatlı bu gözəl kitaba Azərbaycanın müxtəlif bölgələrində doğulub həyata gözlərini İstanbulda yummuş, ürəkləri Vətən həsrəti ilə döyünərək son nəfəsə qədər bir gün Bakıya dönəcəkləri ümidi ilə yaşamış qəribə taleli nakam insanların hekayələri toplanıb.

Dilqəm kitabı ərsəyə 8 illik əməyi nəticəsində gətirdiyini deyir. Kitabda müəllifin şəxsi kolleksiyasından yüzlərlə foto, sənəd və məktublar yer alıb, Türkiyə arxivlərindəki materiallardan da istifadə olunub. Kitabın hazırlanıb çapa verilməsində onun redaktoru – azərbaycanlı filoloq, İstanbuldakı Marmara universitetinin dosenti Mehdi Gencelinin adını xüsusi qeyd etmək lazımdır. Spesifik bir kitab olduğunu, çox sayda fərqli illüstrasiya və arxiv sənədinin, müxtəlif mətnlərin yer aldığı bu ağır və məsuliyyətli için altından çıxmaq üçün Mehdi hocanın səbrini, səriştəsini və ən əsası da Vətənə, onun tarixinə olan məhəbbətini dilə gətirmək lazımdır.

İstanbul Baş konsulluğunun dəstəyi, xüsusilə də Baş konsul Nərminə xanım Mustafayeva ilə konsulumuz Zaur bəy Allahverdizadənin bir ilə yaxındır əsirgəmədikləri yardımları nəticə etibarı ilə ortaya mükəmməl bir iş çıxmasında əhəmiyyətli rol oynamışdır. İstanbuldakı diplomatik missiyamızın sadəcə kitabın nəşrində deyil, təqdimat mərasiminin də Azərbaycanın adına layiq səviyyədə keçirilməsində böyük rol oynamışdır. Qonaqların xüsusi olaraq seçilməsi, bütün həssas məqamların diqqətə alınması, axıcı bir proqramın hazırlanması günün anlam və önəminə xüsusi rəng qatmışdır.

Əhməd Ağaoğlu, Xoyski, Rəfibəyli, Ekper Kazım, Feridun Daryal, Zöhrab Kesemenli ailələrinin üzvlərinin "Hyatt Centric" otelinin salonundakı ağayana və qürurlu görünüşləri müşahidə etməyə dəyər bir mənzərə idi. O mənzərinin içində nə qədər kökslərimizi qabardan və fəxarət duyğusu verən xüsuslar olsa da, mən, doğrusu, 28 aprel 1920-ci il işğalının və onun yaratdığı insan dramının, gedər-gəlməzliyin faciəsini də sezdim.

Kitabın elmi məsləhətçisi, Ağaoğlu irsinin mahir bilicisi, görkəmli tədqiqatçı, keçmiş Xarici işlər naziri, səfir Vilayət Quliyevin gözəl çıxışını dinlərkən son mənzili İstanbul olan mühacirlərimizin məşəqqətli həyatlarını araşdırmaq üçün hələ çox görüləcək iş olduğu haqda düşündüm. Bənzər fikirlər tanınmış Türk cərrahı, professor İbrahim Yıldırımla Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrımın da çıxışlarında var idi.

Ağaoğlular nəslinin nümayəndəsi, sənətşünaslıq namizədi Nigar Axundovanın çıxışındakı pozitiv çalarlar, onun sevinci və mütəşəkkirliyi böyük mütəfəkkirimiz Əhməd Bəy Ağaoğlunun xatirələrdə yaşadılmasından qaynaqlanır deyə düşündüm.

Baş konsul Nərminə Mustafayevə kitabın təqdimatının 18 oktyabr tarixinə – bayram gününə bilərək salındığını söyləmişdi. O gün səhər sosial mediada belə bir post paylaşmışdım:

“18 Oktyabr olmasaydı 28 May sadəcə böyük bir tarixi hadisə kimi qalacaqdı tariximizdə”.

Axşam tədbir bitərkən tariximizin bu iki şanlı gününün artıq bir vəhdət olduğunu düşündüm.

4 saata yaxın bu münəvvər və mümtaz, qəhrəman və fədakar insanların İstanbul üzərində dolaşan müqəddəs ruhları ilə bərabər olduq…

Salondan çıxarkən gözlərim mərhum Ramiz Abutalıbov, Aydın Balayev, Qənirə Paşayeva, Nəsiman Yaqublunu axtardı. Keşkə onlar da aramızda olsaydı bu axşam deyə düşündüm…

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi