Modern.az

Haqq yolunun və Azadlığın müqəddəs yolçusu... - III YAZI

Haqq yolunun və Azadlığın müqəddəs yolçusu... - III YAZI

Ədəbiyyat

12 Fevral 2025, 15:24

Haqq yolunun və Azadlığın...müqəddəs yolçusu... - III YAZI

   İlahi Hökmün buyurduğu Ruhani-Həyat yolu, dəyişilməz Əqidə-Məslək tərzi və İrfani-Mistik-Dini, Dünyəvi dünyadərki...yükünün daşınması hər bir Türk-Müsəlman qövmü üçün Müqəddəs olduğundan bu Yolun Ünlü Yolçüları sırasında Türküstan diyarında Mahmud Xoca Behbudinin (1875-1919) də adı hörmətlə anılmaqdadır. Tərəqqi və inkişaf yollarına işıq saçan Dini-Dünyəvi bilikləri Türk-Müsəlman coğrafiyasında İşıqlı dünyanın təməl dəyərləri kimi yayan M.X.Behbudi bu istiqamətdə həyatını əsirgəməmiş, tərəfdarlarının sayının artmasına Zehni-Əməli gücü ilə səy göstərmişdir.

  Dini və Dünyəvi dünyadərkini vəhdətdə yeni təlim irsi kimi qəbul edən Cədidçilik/Yenilikçilk istiqamətinin Türküstan diyarnda yaradıclarından biri də Əhməd Yasəvi soykökü şəcərəsinin davamçılarından (ana babası Niyaz Xoca XVIII əsrin sonlarında Xarəzm şəhərindən köçmüşdür) Səmərqənd şəhəri yaxınlığındakı Baxşıtəpə kəndində 1875-ci ilin 20 yanvar günündə “Yasəvi dərvişlərinin təkyələrinin bir ailəsi”ndə doğulan M.X.Behbudi olmuşdur.

  Haşiyə. XIX əsrin II yarısında (1853-cü ildən) intəhasız Yovşanlı Çöllərin hüdudları (Qazax-Qıpçaq elləri) və Türküstan diyarı çar Rusiyası tərəfindən işğal edildikdən sonra bölgənin əski Türk-Müsəlman Öndərləri bu tarixi mərhələdə müxtəlif mübarizə yollarını Həyat-Əqidə amalı kimi qəbul etmişlər, bu yolda mübarizə irsinin əsasını qoymuşlar. Diyarın çoxsaylı Türkdilli xalqlarının (o cümlədən, Türkmən, Özbək, Qırğız, Uyğur, Cağatay, Oğuz...) milli-azadlıq mücadiləsində bu siyasi-ictimai hərəkatlardan birinə Cədidçilər (Yeni Mübarizə Yolçuları) başçılıq etmişlər.

  Doğma beşik ocağı  Səmərqənd şəhərində və kökənli Türküstan diyarında necə məşhur idisə, bu hüdudlardan kənarda da Ünlülərdən idi, mənəvi-ideya təlimlərinin yaradıcısı-yayıcısı, siyasi-ictimai təşəkkül və təkamül mühərriri olan M.X.Behbudi.

  İlk təhsilini qədim Səmərqənd və Buxara mədrəsələrində almaqla, sonradan Osmanlı Türkiyəsi, Krım, Həbəşistan və Misirdə dini-dünyəvi biliklərini zənginləşdirən  Mahmud Xoca Məkkə və Mədinə şəhərləini də ziyarət (1900-cu ildə) etmiş, ÜmumTürkçülün ideoloqlarından biri olan İ.B.Qasrıralı (1851-1914) təliminin-“Dildə, Fikirdə, İşdə Birlik” ideyasının Türküstan diyarında yayılması yükünü çiynində daşımışdır.

  Yeni tədris və təlim sisteminin dünyəviliyini zənginləşdirmək, mütərəqqi təhsil şəbəkəsinin formalaşması istiqamətində ilk cəhdləri kimi 1903-cü ildə bir sıra dərsliklər yazmışdır (“Ümumi coğrafiya  müntəxabatı”, “İslamın müxtəsər tarixi”, “Cocuqlar üçün kitab”, “İslam mərasimləri”, “Müxtəsər Rusiya coğrafiyası”...).

  Türküstanda mütərəqqi tədris və təlim üsullarının öyrənilməsi, təbliği istiqamətində maarifçilik hərakatına üstünlük verən M.X.Behbudi 1903-1904-cü illərdə Moskva və Peterburq şəhərlərində olmuş, 1907-ci ildə Qazan, Ufa  şəhərlərində görüşlər keçirmiş, həmin ilin avqust ayında Nijni-Novqorod şəhərində keçirilən Rusiya Müsəlmanlarının problemləri və mədəniyyəti məslələrinə həsr edilmiş yığıncağda çıxış etmişdir.

  1905-ci ildən Ümumrusiya Müsəlman “İttifaq” firqəsində iştirak etmiş, Rusiya IV Dövlət Dumasının Müsəlman fraksiyasının üzvləri ilə əlaqə yaratmışdır.

   XX əsrin əvvəllərində Türküstan diyarında rus işğalçılarının hücumları cəbhəsinə qarşı milli-mədəni və siyasi-ictimai hərəkatın formalaşmasında Mahmud Xocanın fəaliyyəti barədə  “Türküstan xəbərləri” qəzetinin 17 sentyabr 1915-ci il tarixli sayında bildirilir ki, Türk-Müsəlaman xalqları sırasında yeni düşüncə, təfəkkür...sahibidir, Türküstan xalqlarının hüququ  onun təşkil etdiyi ictimai qüvvə ilə qorunmuşdur.

  Dini-Dünyəvi təlim öyrətməni və milli-mədəni dəyərləri  Bütöv Türk-Müsəlman dünyasında mənəvi özünüdərk təməl prinsipləri sırasında qiymətləndirən M.X.Behbudi 1908-1909-cu illərdə çar Rusiyasının işğalçılıq siyasətinə qarşı (Türküstan diyarının təbii sərvətlərinin bütünlüklə ələ keçirilməsi, yerli idarəetmə sisteminin və demoqrafik tərkibin qeyri-müsəlmanlaşdırılması...məqsədinə uyğun olaraq) açıq ictimai mübarizə cəbhəsi təşkil etdiyindən, bu mübarizə yolunu özünün mühərriri olduğu “Səmərqənd” qəzetində, “Ayna” jurnalında (C.Məmmədquluzadənin “Molla Nəsrinddin” dərgisinə oxşar), İ.Qaspıralının Baxçasaray şəhərində nəşr olunan “Tərcüman” qəzetində... milli mücadilə ideyalarını yaymş, silahdaşlarının və əqidə ardıcıllarının-İ.D.İbrat (1862-1937), Ə.Ə.Fitrət (1886-1938),  M.K.Əbdurəşidov (1878-1931), A.M. Avlani (1878-1934), A.Q. Qədiri (1894-1938), Ə.S.Yunusov/Çulpan (1898-1938)... sayını xeyli dərəcədə artırmışdır. Milli mübarizə ruhuna rəğmən onun qələmə aldığı “Pədərkuş” (“Ata qatili”) pyesi (1911-ci ildə Səmərqənd şəhərində, 1912-ci ildə Buxara şəhərində “Turan” qəzetində dərc edilmişdir) diyarın bir sıra şəhərlərində (Daşkənd, Səmərqənd, Buxara...) səhnələşdirilməklə, Özbəkistanda teatr sənətinin, Türküstanda isə dramuturgiyanın  əsası qoyulmuşdur..

  Tərcümə kitabı kimi A.Kondratyevin rus dilinə çevirdiyi “Hind səyyahının hekayəti” xüsusilə maraqla  qarşılanıb.

  1914-cü ilin iyun ayında Petroqrad şəhərində keçirilmiş Qeyri-Slavyan xalqların qurultayında Türküstan Müsəlman İcmasının təmsilçisi seçilsə də, o, dini-siyasi müxalif baxışlarına görə bu tədbirdə iştirakdan imtina etmişdir.

  1915-ci ilin 21 oktyabrında Səmərqənd şəhərində keçirilən hərbi törəndə çıxış edərək Türküstan diyarının Türk-Müsəlman gənclərinin həqiqi hərbi xidmətə çağırılması zəruriliyini hərbi-siyasi rəhbərliyə bəyan etmişdir.

  1917-ci ildə O, Cəmərqəndə Şəhər Məslisinə üzv seçilmişdir.

  Buxara hakimi Seyid Məhəmməd Alim xana (1910-1920-ci illərdə əmir olub) yaxınlığı ilə seçilən Nurəddin Xocanın əmri ilə Qaşqadərya vilayətinin Qarşı şəhərində həbs edilən M.X.Behbudi 1919-cu ildə edam edilmişdir...və bu şəhər 1926-1937-ci illərdə Behbudi adlanmışdır.

   “Əgər bizim həyatımız Hüriyyət və Xalqın Xoşbəxtliyi, Səadəti üçün qurbanlıq kimi gərək olsa, biz ölümü də minnətdarlıqla qəbul edərik”-Əqidəsi ilə Həyat/Ömür yaşamı seçmiş M.X.Behbudinin müasiri olmuş məşhur tacik yazıçı və alimi  S.S.Muradzadə/Ayni  (1878-1954) 1920-ci ildə ona həsr etdiyi şerində  Onu  “Turan dühası” adlandırmışdır.

 (Yazıda həm də Özbəkistam Müsəlman İdarəsinin məlumatlarından istifadə edilmişdir).


Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 3726008)   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım