Soltan Yol
İnam – insanlaşma yoludur.
Özünəinam – özünə öz gözünlə baxmaqdır.
Özünəinamsızlıq – özünə özgələrin gözüylə baxmaqdır.
Özünəinam – insanın özünə doğru yolunun açılmasıdır.
Özünəinamsızlıq – insanın özünə doğru yolunun bağlanmasıdır.
Özünəinam – düşüncənin mərkəzində özün olmaqdır.
Özünəinamsızlıq – düşüncənin mərkəzində başqalarının olmasıdır.
Özünə qorxaraq inana bilməzsən.
Başqasına qorxaraq inana bilərsən.
Özünəinam qorxusuzluq istəyir.
Özünəinamsızlıq qorxu istəyir.
Qorxanda özün olmursan, özgəsi olursan.
Qorxu səni özünə özgələşdirir, yadlaşdırır.
Qorxusuzluq səni özünləşdirir.
Qorxunu aşa, ötə bilmirsən, ona görə özünə inanmırsan.
Qorxu səni gerçəkliklə barışdırır, ona görə əlacı özünə yox, özündən kənar gücə inanmaqda görürsən.
Qorxuda təhlükəni olmasa belə – hiss edirsən.
Qorxusuzluqda təhlükəni olsa belə – hiss etmirsən.
Əslində insan özünə qapanmır, içindəki özgəliyə qapanır.
İnamla özünə açılırsan, inamsızlıqla özgəliyə qapanırsan.
İdrakla özünə açılırsan, idraksızlıqla özgəliyə qapanırsan.
Mənəviyyatla özünə açılırsan, mənəviyyatsızlıqla özgəliyə qapanırsan.
İradəyə özünə açılırsan, iradəsizliklə özgəliyə qapanırsan.
Qorxusuzluqla özünə açılırsan, qorxu ilə özgəliyə qapanırsan.
Mərhəmətlə özünə açılırsan, zalımlıqla özgəliyə qapanırsan.
Sevgiylə özünə açılırsan, nifrətlə özgəliyə qapanırsan.
Özünəinam – özünüdərk yoludur.
Özünü dərk etməyən – özünə inana bilməz.
Özünü dərk etdikcə inama doğru yol alırsan.
İnam – özünü tanımaqdır, bilməkdir, özünə aydın olmaqdır.
İnamsızlıq – özünü tanımamaq, bilməmək, özünə qaranlıq qalmaqdır.
Özünüdərk bitən yerdə – özünəinam bitir.
Naşılığını dərk edirsən – müdrikliyə inanırsan.
Müdrikliyi dərk edirsən – naşılığına gülürsən.
Qorxaqlığını dərk edirsən – qorxmazlığa inanırsan.
Qorxmazlığını dərk edirsən – qorxaqlığına gülürsən.
Kiçikliyini dərk edirsən – böyüklüyünə inanırsan.
Böyüklüyünü dərk edirsən – kiçikliyinə gülürsən.
Dərk gedişatını hazırlayan və yönəldən inamdır.
İnamla aydınlanırsan!
Özünə inanırsan – özünə aydın olursan.
Özünə inanmırsan – özünə qaranlıq qalırsan.
İnam – özünü aydın görmək və bilməkdir.
İnamsızlıq – içindəki qaranlığa qərq olmaqdır.
Həqiqət – mahiyyətin dərkidir.
Mahiyyəti dərk edəndə – həqiqətə çatırsan.
İnandığını dərk edirsən – dərk etdiyinə inanırsan.
İnandığını dərk edirsən – həqiqətə yetirsən.
İnandığını dərk etmirsən – cəfəngiyyata aldanırsan.
İnam idrakla bir olanda – həqiqətə yetir.
İnam idrakdan ayrılanda cəfəngiyyatlaşır.
Düşüncə-inam birliyindən həqiqət doğur.
İnam – həqiqət yolçuluğudur, inamsızlıq – həqiqətsizlik yolsuzluğu.
İnamlı – həqiqətlidir, inamsız – həqiqətsiz.
İnamlı – mahiyyətə yetir, inamsız – gerçəklikdə ilişib qalır.
İnam – özünə toparlanmaqdır.
İnamsızlıq – özgəliyə toparlanmaqdır.
İnam – Xeyirə toparlanmaqdır.
İnamsızlıq – Şərə toparlanmaqdır.
Mart 2025