Modern.az

Doğmaların fərqli MÜNASİBƏTLƏRİ

Doğmaların fərqli MÜNASİBƏTLƏRİ

Ədəbiyyat

14 May 2025, 10:38

Ramazan SİRACOĞLU
 

“İlahi, sən məni yaxınların şərindən qoru, yadlardan özüm qorunaram”
 

Dini ədəbiyyatda geniş yayılmış məlumata görə, dünyanın ilk cinayət işi iki qardaşdan birinin digərini qətlə yetirməsi hadisəsidir.  İslam aləmi onları Habil və Qabil olaraq tanısa da  Qurani- kərimdə onların adı çəkilmir. Maidə surəsinin 27-ci—  31-ci ayələrində adları   göstərilməyən həmin iki qardaş haqqında qısa məlumat vardır. Həmin ayələrdə  bildirilir ki, Adəmin iki oğlu ALLAHa qurban vermişdi, birinin qurbanı qəbul olunmuşdu digərininki yox. Hadisələrin gedişi Qurani- kərimdə təfsilatı ilə verilmir, daha sonra bildirilir ki, “Dedi ( yəqin, qurbanı qəbul olunmayan qardaş – Qabil-  nəzərdə tutulur) “and içirəm səni öldürəcəyəm”; Dedi ( yəqin, qurbanı qəbul olunan qardaş- Habil- nəzərdə tutulur) “ALLAH iman sahiblərinin ( Qurani- kərimdə “مُتَّقِينَ – muttəqin” yazılıb.  “Muttəqi”- sözünün kökü ərəbcədəki “ وقی“ feilindədir, mənası “pəhriz saxlamaq, qorunmaq, çəkinmək”dır) qurbanını qəbul edir.” Maidə surəsinin 28-ci və 29-cu ayəsində bildirilir ki, “Dedi ( yəqin ki, qurbanı qəbul edilən qardaş nəzərdə tutulur), “and olsun ki, sən məni öldürmək istəsən də  sənə əl qaldırmayacağam, mən aləmlərin Rəbbinə qarşı gəlməkdən qorxuram. İstərəm ki, mənim günahımı da öz  günahına yükləyib əhli- Cəhənnəm olasan.” Maidə surəsinin 30-cu ayəsində bildirilir ki, onun nəfsi ( yəqin ki, qurbanı qəbul olunmayan qardaş nəzərdə tutulur) onu öldürməsinə sövq etdi və onu öldürdü.” 

Tövratda Habil və Qabil haqqında daha təfərrüatlı məlumat verilmişdir. Tövratın “Təkvin” surəsinə  görə, “Adəm ilə Həvvanın ilk iki övladının adları Kain və Həvil ( Avropa dillərində  Abel) idi.  Bəzi doğmaların düşmən işi tutmasına  başqa bir nümunə kimi  Yusif Peyğəmbərin qısqanclıq üzündən qardaşları tərəfindən  quyuya atılmasını göstərmək olar. Bu barədə Qurani- kərimin Yusuf surəsinin 15-ci ayəsində  bilgi vardır:  “Onu quyunun dibinə atmağa birgə qərar verdilər: - وَاَجْمَعُٓوا اَنْ يَجْعَلُوهُ ف۪ي غَيَابَتِ الْجُبِّۚ

Təqdim olunan yazıda Qurani- kərimdə adları qeyd olunmuş  peyğəmbərlər arasında tarixi şəxsiyyət olması barədə inkarolunmaz sübutlara malik tək peyğəmbər Məhəmməd Peyğəmbər əleyhüssəlamın şəxsi və sosial həyatında çox fərqli mövqe tutmuş doğma əmiləri haqqında  qısaca bəhs etmək istəyirik. Onlardan biri İslam Peyğəmbərinə atalıq qayğısı göstərmiş, digəri isə bacardığı qədər ona düşmən olmuşdur. Əsas mövzuya başlamadan öncə, müxtəsər olaraq, Məhəmməd Peyğəmbər əleyhüssəlam barəsində bəzi faktları xatırlatmağın faydalı ola biləcəyini düşünürük.   

Peyğəmbərimizin 7 övladından 4-ü qız uşağı olduğundan  zarafatla özünü bəzən Əbü’l Bənat (أبو البنات - Qızlar atası ) adlandırması faktı da mövcuddur. Qurani- kərimdə 4 dəfə (Ali İmran surəsi- 144-cü ayə, Əhzab surəsi- 40-cı ayə, Muhəmməd surəsi- 2-ci ayə, Fəth surəsi- 29-cu ayə  ) onun adı dəqiq olaraq çəkilir. Səf surəsinin 6-cı ayəsində isə onun adı Əhməd ( احمد ) şəklində təsbit edilmişdir. Quran-i kərimin  47-ci surəsi   Peyğəmbərimizin  adını daşıyır. Əslən Məkkədən, Qureyş qəbiləsinə mənsub Haşimilərdəndir. Bəzi hədislərdə təsbit olunmuş “Mən iki qurbanlığın oğluyam— أنا ابن الذبيحين “-  fikrinə istinadən Məhəmməd Peyğəmbər əleyhüssəlamın şəcərəsinin İbrahim Peyğəmbər nəslindən gəldiyi fikri irəli sürülür. İlahiyyatçıların ehtimalına görə, Məhəmməd Peyğəmbər əleyhüssəlam  “iki qurbanlıq” ifadəsində İsmayıl Peyğəmbəri və atası Abdullahı nəzərdə tutmuşdur. İnanca görə, Məhəmməd Peyğəmbər əleyhüssəlamın babası Əbdülmüttəlib, oğlu Abdullahı, yəni, Peyğəmbərin atasını, Kəbəyə qurban demiş, daha sonra onun əvəzində 100 dəvə kəsmişdir. Qurani- kərimdə Məhəmməd Peyğəmbər əleyhüssəlamın həyatı haqqında məlumat yoxdur. Yayğın olan bilgilərə görə, Məhəmməd Peyğəmbər əleyhüssəlamın atası Abdullah oğlunun anadan olmasından iki ay əvvəl vəfat etmişdi, Məhəmməd Peyğəmbər əleyhüssəlam 6 yaşında ikən anası da dünyasını dəyişmiş və İslam Peyğəmbəri  əmisi Əbu Talibin himayəsində böyümüşdür. Ümumi  mülahizəyə əsasən,  İslam Peyğəmbəri ilk 3 il ərzində sadəcə öz yaxın  ətrafındakıları islamiyyətə dəvət etmişdir. Başlanğıc  dövrlərdə onun özünü peyğəmbər   olaraq  tanıtmasına qarşı çox adam, hətta öz doğmaları belə qəti şəkildə etiraz etmişdilər. 619-cu ildə  xanımı Xədicənin və əmisi Əbu Talibin vəfatı Peyğəmbərimizin sosial mövqeyini çox zəiflətmiş, onu ümidsizliyə sövq etmişdir. Təsadüfi deyil ki, həmin  dövr islam ədəbiyyatında “hüzn ili” təbiri ilə adlandırılmışdır. Məhəmməd Peyğəmbər əleyhüssalamı daim qoruyb dəstəkləyən əmisi Əbu Talibin vəfatından sonra Peyğəmbərimizin mənsub olduğu Bəni-Haşim qəbiləsinin başçısı Əbu Ləhəb olandan sonra Əbu Ləhəbin tələbi ilə qəbilə üzvlərinin, demək olar ki, böyük əksəriyyəti onu boykot etmiş, salam belə verməmişdilər. Məkkə müşrikləri Məhəmməd Peyğəmbər əleyhüssalamı zərərsizləşdirmək üçün Kəbənin şimal tərəfində inşa olunmuş binada— “Dar’un Nədvə— دار الندوة – adlanan yerdə, toplanıb onu öldürmək qərarına gəlmişdilər. Məkkədə  ölüm təhdidləri alan Peyğəmbərimiz 622-ci ildə Yəsrib şəhərinə ( Mədinəyə ) pənah aparmışdır. Bu əhvalat islam ədəbiyyatında hicrət adıyla məşhurdur. Məhəmməd Peyğəmbər əleyhüssəlam 27 sentyabr 622-ci ildə Yəsrib şəhərinə ( Mədinəyə) çatmışdır. Yəsrib şəhəri “Peyğəmbər şəhəri— Mədinətun nəbi” adlandırılmağa başlamış, sonralar “nəbi” sözü ixtisar edilərək Mədinə şəklini almış, Yəsrib sözü unudulmuşdur. Qurani- kərimdə, hədis kitablarından fərqli olaraq, İsra surəsindəki merac məsələsi istisna olmaqla, Məhəmməd Peyğəmbər əleyhüssəlamın hər hansı bir möcüzə göstərməsi barədə məlumat yoxdur. Qəmər surəsinin 1-ci ayəsindəki “Ay ikiyə bölündü—   انشَقَّ الْقَمَرُ – ifadəsinə istinad edən  bir qrup ilahiyyatçı bu hadisəni Məhəmməd Peyğəmbər əleyhüssalamla izah edirlər. Lakin əksər müfəssirlər Quran ayələrindəki feilin keçmiş zamanının  çox vaxt gələcək zaman yerində də işləndiyini əsas gətirərək Ayın 2 hissəyə  bölünməsi olayının Qiyamət günündə baş verəcəyi görüşündədirlər. Bütün məzhəblərdən olan ilahiyyatçılar Məhəmməd Peyğəmbər əleyhüssalamın  əsas möcüzəsinin  Qurani- kərim olduğu fikrindədirlər. İslam Peyğəmbərinin 10 əmisi vardı. Bunlardan Əbu Talib, Əbu Ləhəb, Həmzə və Abbas dini ədəbiyyatda  çox məşhurdur. Biz onlardan sadəcə ikisindən bəhs edəcəyik.


İslam tarixində və dini ədəbiyyatda Əbu Talib ( ابو طالب) künyəsi ilə məşhur olan Əbdülmənaf bin Əbdülmüttəlib-  عبد المناف بن عَبْدُالمُطَّلِب – Məkkənin çox məşhur şəxslərindən, Bəni- Haşim qəbiləsinin nüfuz sahiblərindən biri olmuşdur. Əbu Talib İslam Peyğəmbərinin əmisi, İmam  Həzrət Əli bin Əbu Talibin atası idi.  Xatırladaq ki, Məhəmməd Peyğəmbər əleyhüssəlam kiçik yaşlarından onun himayəsində və qayğısında  böyümüşdür. Əbu Talib gənclik dönəmində bir müddət Məkkədə “siqayətü’l həcc-  سقایة الحاج”, yəni, “həcc suçusu” işində çalışmış, ilboyu Kəbəyə ziyarətə gələnlərin su ehtiyaclarının ödənilməsinə yardım etmişdir. Əbu Talib təqribən 535-ci ildə anadan olmuş və 619-cu ildə vəfat etmişdir. Bəzi islamşünaslar Əbu Talibin gerçək adının İmran ( عمران ) olduğunu yazmışlardır. Məlumatlara görə, Əbu Talib Fatimə binti Əsəd adlı  qadınla evlənmiş, onların Talib, Aqil, Cəfər, Əli adlı oğulları, Umhanı və Əsma adlı qızları olmuşdur. Əbu Talib Məkkədə taxıl və ətir  taciri kimi tanınırmış. Əbu Talib həyatının sonunadək qardaşı oğlu Məhəmməd Peyğəmbər  əleyhüssəlamı bütün gücü ilə müdafiə etmiş, onu öz övladlarından heç ayırmamışdır. İbn əl- Əsir “Başlangıc və son” (  البدایة و النهایة ) adlı əsərinin 3-cü cildinin 164-cü səhifəsində İslam Peyğəmbərinin “əmim  ölənə qədər müşriklər mənə hücum eləməyə qorxurdular” söylədiyini bildirmişdir. İslamşünasların iddialarına görə, Əbu Talib bir divan təşkil edəcək qədər şeirlər yazmışdır. Əbu Talibin “Lamiyyə qəsidəsi” o şeirlərin ən tanınmışlarındandır. İslam ədəbiyyatçıları Əbu Talibin öz qardaşı oğlunu tərifləyən şeirini  xüsusi olaraq fərqləndirdikləri üçün, biz də həmin şeirdən bir parçanı nümunə gətirməyi lazım bildik:

أَلَمْ تَعْلَمُوا أَنَّا وَجَدْنَا مُحَمَّدًا     

 نَبِیا کمُوسَی خُطَّ فِی أَوَّلِ الْکتُبِ

وَأَنَّ عَلَیهِ فِی الْعِبَادِ مَحَبَّةً

وَلَا خَیرَ مِمَّنْ خَصَّهُ اللهُ بِالْحُبِّ  

(Məgər siz bilmirsiniz ki, biz  Məhəmmədi  (adını) kitabların başlanğıcına yazılmış Musa kimi Peyğəmbər tapmışıq ( bilmişik),  bəndələrin ona sevgisi vardır və ALLAHın özəl istək bəslədiyi birindən  daha üstünü yoxdur?)

Əbu Talib Məkkədə “Məqbərətü’l müəlla - مقبرة المعلاة” adlanan məzarlıqda, atası Əbdülmüttəlibin yanında dəfn olunmuşdur. Qeyd edək ki, İslam Peyğəmbərinin xanımı Həzrət Xədicə binti Xüveylidin, oğlu Qasım bin Muhəmmədin də məzarı həmin yerdədir. İslamşünaslar arasında Əbu Talibin inancı haqqında ixtilaflar mövcuddur.

İslam Peyğəmbərinə nifrəti ilə bədnam şöhrət tapmış  Əbu Ləhəb barədə də qeyd etmək lazımdır. Qurani- kərimdə barəsində bəddua edilən Əbu Ləhəb— ابو لهب – Məhəmməd Peyğəmbər  əleyhüssalamın doğma əmisi idi. Gerçək adı Əbdü’lizzə bin Əbdü’l Müttəlib— عَبْدُ العِزَّى بْنُ عَبْدِ المُطَّلِبِ - olsa da  bütün islam aləmi onu Əbu Ləhəb ləqəbiylə tanıyır. Rəvayətə görə,  yaraşıqlı sifəti olan Əbdü’iizzə əsəbiləşəndə, hirslənəndə yanaqları qıpqırmızı rəng aldığına görə atası Əbdü’l Müttəlib ona zarafatla “ alov atası” mənasına gələn “Əbu Ləhəb” ləqəbi  verib, o da bu ləqəbiylə məşhurlaşıb. Əbu Ləhəb əvvəllər qardaşı oğlu Məhəmməd bin Abdullahla, yəni, Məhəmməd Peyğəmbər  əleyhüssalamla  yaxşı münasibətdə olub. Quran şərhçiləri yazırlar ki, Əbu Ləhəbin cariyəsi olmuş  Süveybə ( ثويبة ) ona Məhəmməd Peyğəmbər əleyhüssəlamın  anadan olması xəbərini gətirəndə o da muştuluğun əvəzində  həmin cariyəni   azad etmişdi.  Əbu Ləhəb sonralar qardaşı oğlu Məhəmməd Peyğəmbər əleyhüssəlamın  qızları Ruqiyyə (رُقَيَّة) ilə Umgülsümü (أم كلثوم ) öz oğlanları Utbə (عُتْبَة) və Uteybə ( عُتَيْبَة ) ilə evləndirmişdi.  Məhəmməd Peyğəmbər  Məkkə əhlinə  ALLAHın elçisi olduğunu  elan edəndən sonra Əbu Ləhəbin  ona qarşı  mövqeyi kəskin şəkildə dəyişmişdi. Hər yerdə qardaşı oğlunun əleyhində danışır, onu dəli adlandırırdı. Məsələn, “Məcməu’l bəyan” əsərində yazılıb ki, Tariq Muharibi ( طارق محاربى ) adlı bir nəfərin rəvayətinə görə, Məkkə ilə Ərafat arasında yerləşən Zi’lməcaz ( ذى المجاز ) bazarında  bir şəxs uca səslə “Ey bazar əhli, haqq dininə gəlin, ALLAH birdir, şəriki yoxdur, Məhəmməd onun elçisidir” söyləyirdi. Ardınca gələn bir yaşlı kişi də yüksək səslə “Camaat, ona qulaq asmayın, o dəlidir,  mənim qardaşım oğludur, onu  müalicə etdirəcəyik” deyirdi. Tariq Muharibi  soruşub ki, o cavan və yaşlı kişi kimdirlər? Ətrafdakılar cavab veriblər ki,  o yaşlı adam Əbu Ləhəbdir, cavan adam da qardaşı oğlu Məhəmməd bin Abdullahdır.” Əbu Ləhəbin evi Məhəmməd  Peyğəmbər əleyhüssəlamın evinə yaxın olduğu üçün hər gecə onun pəncərəsinə daş atır, əlinə keçən  lazımsız, murdar əşyaları  Məhəmməd Peyğəmbər əleyhüssəlamın qapısının ağzına düzərmiş. Qardaşı oğluna mənəvi zərbə vurmaq üçün onun qızlarını da boşatdırmış, haqlarında iftiralar söyləməkdən də çəkinməmişdir. 619-cu ildə  Əbu Talib  vəfat edəndən sonra İslam Peyğəmbərinin mənsub olduğu bəni- Haşimılirın tayfa başçısı Əbu Ləhəb olmuşdu. Əbu Ləhəb bütün Məkkə əhlinə  bildirmişdi ki, qardaşım oğlu dəli olduğundan özünü peyğəmbər zənn eləyir. Ona salam verməyin, salamın da almayın,  onunla necə istəyirsiniz elə də rəftar edin. Məndən çəkinməyin. IX əsr mütəfəkkiri İbn Səd Bağdadinin  “Kitabu’t təbəqatu’l kəbir” (كتاب الطبقات الكبير ) əsərinin  1-ci cildinin 74-cü səhifəsində  yazılanlara  görə,  bu əhvalatdan  bir müddət sonra Məhəmməd Peyğəmbər əleyhüssəlam  camaatı bir təpənin ətəyinə  yığmış, özü də yüksək yerdən onlara  islamiyyətdən danışırmış. Danışıq əsnasında camaatdan soruşub ki,  “əgər indi sizə Qırmızı dəniz tərəfdən bizim üstümüzə qoşun gəlir desəm, mənə inanarsınızmı?” Onu dinləyənlər də “əlbəttə, inanarıq” cavabı veriblər. Məhəmməd Peyğəmbər əleyhüssəlam təkrar soruşub ki, “nə səbəbə inanarsınız?” Adamlar da “çünki sən bizdən yüksək yerdə dayandığından daha geniş və uzaq məsafəni görürsən” deyiblər.  Məhəmməd Peyğəmbər əleyhüssəlam də onlardan “bəs onda  ALLAH birdir, məkansızdır, zamansızdır, şəriksizdir; bütlərə səcdə etməyin heç bir faydası yoxdur sözlərimə niyə inanmaq istəmirsiniz?”- deyə soruşanda, orada dayanmış əmisi Əbu Ləhəb yerdən bir daş alıb qardaşı oğluna atmış, “təbbən ləkə— bəlaya gələsən- تبًّا لک”- söyləyərək bəddua edib.  Əbu Ləhəbin  Ummi Cəmil ( ام جمیل) künyəsi ilə tanınan arvadı Urva binti Hərb –   أروى بنت حرب – də ərindən heç geri qalan deyilmiş. Usanmaq bilmədən İslam Peyğəmbərinin yoluna tikan, daş- kəsək tökərmiş ki, onun ayaqlarına əziyyət versin. Bədahətən şeir demək qabiyyəti də varmış, Məhəmməd Peyğəmbər əleyhüssəlam  haqqında təhqiramiz şeirlər, həcvlər söyləyərmiş. Gecə-gündüz fikirləşirmiş ki, daha nə cür pislik edə bilsə Məhəmməd Peyğəmbər əleyhüssəlam bundan daha çox zərər görər, əzaba düçar olar?  Söz vermişdi ki, hər kim Məhəmməd bin Abdullahın ölüm xəbərini gətirsə, qızıl boyunbağısını ona muştuluq verəcəkdır. Seyid Muhəmməd Hüseyn “Ketab-e imamşenasi” ( “کتاب امامشناسی “) əsərinin 9-cu cildinin 170-ci səhifəsində iddia edir ki, Ümmi Cəmil, yəni Əbu Ləhəbin arvadı, Cahiliyyə dövründə öz şeirləri ilə  şöhrət qazanmışdı. IX əsrin məşhur müfəssirlərindən olan Əbu Osman Səid bin Mənsur  (أبو عثمان سعيد بن منصور ‎ )  tərtib etdiyi hədislər kitabında ( “Sunən Səid bin Mənsur”- سنن سعيد بن منصور  - adlı  əsərində) Zuha surəsinin nazil olunmasının səbəbini belə açıqlamışdır: “İslam Peyğəmbərinə bir müddət vəhylər gəlmədi. Buna sevinən əmisi arvadı ( Əbu Ləhəbin arvadı), Ummu Cəmil (أم جميل ) künyəsi ilə tanınan Ərva binti Hərb (  أروى بنت حرب  )  Məhəmməd Peyğəmbər əleyhüssəlamı görəndə tənə ilə ona “deyirlər, Şeytan daha səni ziyarətə gəlmir?” söyləmiş və İslam Peyğəmbəri bundan çox kədərlənmişdi. Çox keçmədən Zuha surəsi nazil olunmuşdur.”


Əbu Ləhəb isə Məhəmməd Peyğəmbərimizin 10  əmisindən biri olsa da qardaşı  oğluna fani dünyada bacardığı pisliyi etdi. Qurani- kərimin 111-ci surəsi onun və arvadının  barəsindədir. Təbbət və ya Məsəd adlarıyla tanınan, 5 ayədən ibarət olan  bu surədə Əbu Ləhəbə və arvadına  bəddualar edilmişdir. Rəvayətə görə, Əbu Ləhəb 624-cü ildə, müsəlmanların zəfəri ilə tamamlanan Bədr savaşından 7 gün sonra ölmüşdür. Bəzi iddialara əsasən, taun və ya çiçək xəstəliyinə tutulmuş Əbu Ləhəbin cəsədi 3 gün evdə qalmışdır. Oğlanları keçici xəstəliyə tutulacaqlarından ehtiyatlanaraq atalarının cəsədinə yaxın düşməmişdilər. Çürüməyə başlayan cəsədin üfunət iyi dözülməz həddə çatanda bir sudanlı qula onu dəfn etdirmişdilər. Deyilənlərə görə, o qul da qorxusundan cəsədə uzaqdan su ataraq onu islatmış, sonra 2 dənə  uzun ağacı xərək kimi istifadə edərək Əbu Ləhəbi bir çuxura  atmış, üstünə də daş-kəsək yığaraq cəsədin üstünü örtmüşdür. Əbu Ləhəb və arvadı Ümmi Cəmil fani və axirət dünyaları lənətlənmişdirlər, onlar  Cəhənnəmə düşəcəklər.

Bəşər tarixində adı qızıl  hərflərlə yazılmış, adını bir milyarddan çox müsəlmanın  gündə ən azı 5 dəfə  sayğı ilə zikr etdiyi parlaq şəxsiyyətin taleyində fərqli rollar oynamış iki doğmasının nümunəsi bir daha göstərir ki, həyatda bəzən  qan bağlılığı deyil, məfkurə bağlılığı  önəmli  yer tutur. “Qardaşın necəliyi yol yoldaşlığında bilinər”   sözləri boşuna deyilməmişdir. ALLAH  bizi, Vətənimizi,  Dövlətimizi soyu, qanı bizdən olub düşmənlərimizlə işbirliyində olan xəbislərin, satqınların şərindən qorusun. Amin!

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu