Modern.az

İrəvanın ermənilərə verilməsinə dair onlayn kitab 3 dildə...

İrəvanın ermənilərə verilməsinə dair onlayn kitab 3 dildə...

Ədəbi̇yyat

20 İyun 2025, 22:43

“Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitabının onlayn versiyası 3 dildə - Azərbaycan, rus və ingilis dillərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.

Modern.az xəbər verir ki, əsərin müəllifi AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovdur.

Əsərdə bildirilir ki, çar Rusiyası, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı imperiyası ərazisində - Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Tələt paşa və Ənvər paşa isə Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda “ermənilərin çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin, Osmanlı imperiyasının bəzi siyasi dairələri Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Osmanlı-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Osmanlı dövlətinə qarşı beynəlxalq qınağa son qoyulacaqdır.

Müəllif qeyd edir ki, Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min kvadratkilometr sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni, erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Lakin, ermənilər, çox keçmədən, Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci il mayın 29-da 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı.

Akademik Yaqub Mahmudov əsərin sonunda yazır ki, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 1918-ci il 29 may tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB