Modern.az

Mikayıl Cabbarov, üzr istəyirəm! Həsən müəllim, bağışla...

Mikayıl Cabbarov, üzr istəyirəm! Həsən müəllim, bağışla...

15 Mart 2014, 22:40

Mahir Qabiloğlu

Həmişə ailəmlə bir yerə yığışanda onlarla belə zarafatlaşırdım. Mən yetiməm. Nə atam var, nə anam, nə bacım, nə qardaşım. İki qızım, bir arvadım da deyirdilər ki, yetim niyə olursan? Bəs biz?


Əlbəttə ki, bu bir zarafatdır edirəm onlarla. Bir az cırnadıram, bir az kövrəldirəm. Qardaşlarım, bacılarım olmasa da yaxşı xala, əmi, dayıuşaqlarım, bacanaqlarım, qəyinlərim, baldızlarım var. Tələbəlik, AzTV , “Xalq qəzeti”ndə işlədiyim illərdən qazandığım gözəl dostlarım, yoldaşlarım var.


Mənə deyirdilər ki, bəs dost bir olar. İkinci dost sayılmır. Sadəcə yoldaşdır. Buna hardasa inanırdım. Amma 2008-ci il yanvarın 1-də “Xalq qəzeti”nə ayağımı basandan inandım ki, dost məhdud söz deyil. Həyatın boyu özünə nə qədər istəsən dost qazana bilərsən. Məni “Xalq qəzeti”nə özümə dost bildiyim Həsən Həsənov gətirmişdi. Axşamlar gəlib kabinetində oturar, qəzetçiliyin mənə məlum olmayan incəliklərini ondan öyrənərdim. İş gecə saat on ikiyə, birə çəkəndə deyərdi ki, düşək bir şam edək. Bir dəfə də şama gedəndə əlini selektora apardı. Ərkyana “İbrahim, düş, aşağıda gözləyirik” dedi. Küçəyə çıxanda məndən hündür, cüssəli, gülərüz, saçı tökülmüş biriylə rastlaşdım. Həsən müəllim “Mahir tanış ol. İbrahim Ömərovdur. Qəzetimizin texniki direktorudur”










 

 

 

 

 

 





Getdik şam elədik, yenidən redaksiyaya qayıtdıq. Bu cür şam yeməkləri üç-dörd dəfə təkrarlandı. Amma sanki İbrahimi yüz ildi ki, tanıyırdım. Artıq Həsən müəllimin kabenitində oturmaqla fəaliyyətimi məhdudlaşdırmırdım. Beşinci mərtəbəyə qalxıb İbrahimin otağına girirdim. Mənim 41, onun isə 30 yaşı vardı. Amma özünü 50-60 yaşlı bişmiş adam kimi aparırdı. Tez çay gətizdirir, şokolad konfetləri ortaya tökürdü. Hələ şkafına göz eləyib “müəllim,yaxşı viskim var, bəlkə bir 50 qram...” deyə işarə də edirdi.


Atamın ölümündən sonra əsəb xəstəsi olmuşdum. Depressiyadan çıxa bilmirdim. Ağzımı açmağımı görürdüm. Danışmağa qoymurdu. “Dur getdik Şıxova balıq yeməyə. Müdiri də get özün yola gətir” deyirdi. Həsən müəllimlə müdir-işçi məsafəsini saxlayırdı. Amma demə məsələlər başqa məcraya yönəlirdi. Bunu nə Həsən müəllim, nə də mən bilirdim. Bilsəydik onu həmən “Xalq qəzeti”ndən, ümumiyyətlə həyatımızdan uzaqlaşdırardıq. Bu haqda sonra...


Günlərin bir günü Həsən müəllim soruşdu ki, “Mahir, bu İbrahim necə oğlandır?” Dedim ki, ay Həsən müəllim, pis olsaydı işə götürməzdin ki? Bir də beş ildir yanında çalışır, mən onu iki aydır tanıyıram. Amma sonra başa düşdüm ki, İbrahimə güvənmək olarmı mənasında soruşur. İbrahimi hardasa 12 ildir ki, tanıdığı, sınağa çəkdiyi mən Mahirlə paralel və ya müqayisəsinə cavab almaq istəyir. “Hə. Bizim adamdır. Təmiz oğlandır”.


Beləcə “Xaıq qəzeti”ndə Mahir Həsən müəllim dostluğuna üçüncüsü də əlavə olundu. İbrahim Nizami oğlu Ömərov.


Hər dəfə otağına girəndə yanında müxtəlif adamlar olurdu. Qarşılarında çay, konfet. İçəri girmək istəməyəndə, təkid edirdi.


“Mahir, tanış ol. Fikrət müəllimdir, Rzayev. Professordur. Görkəmli alim, pedaqoq. DOSTUMDUR. Fikrət müəllim, Mahir xalq şairi Qabilin oğludur. Bizim qəzetdə informasiya şöbəsinin müdiridir. İstəyirəm siz də dost olasınız”.


“Mahir, tanış ol, professor Buludxan Xəlilovdur. APU-nun filologiya fakültəsinin dekanı. DOSTUMDUR. İstəyirəm siz də dost olasınız”


“Mahir, tanış ol, professor, şərqşünas Məsiağa Məhəmmədi. Əla kişidir. DOSTUMDUR. İstəyirəm siz də dost olasınız.”


“Mahir, tanış ol. Mehman müəllimdir.”, “Mahir, tanış ol, şair Səlim Babullaoğludur”, “Mahir, tanış ol Azər Sarıyevdir”, “Mahir, tanış ol, Cavanşirdir. Dostum yox e... Bir yana gedəndə ailəmi qardaşlarıma yox, ona tapşırıram”. “Tanış ol, Xaqanidir, Əfqandır, Nüşabədir...” Hamısını böyük fəxrlə təqdim edirdi. Bəziləri özlərindən kiçik olmasına baxmayaraq, İbrahimi dost kimi qəbul edirdilər, ərk edirdilər, şıltaqlıq edirdilər. Elə biri mən özüm.


Hamısını da “Dostum” deyərək böyük fəxrlə təqdim edirdi. Sanki “Dostlar dünyası”na düşmüşdüm. Hər dəfə bir məclisdə oturanda görürdüm ki, 31 yaşı olmasına baxmayaraq İbrahim artıq qocalıb, müdrikləşib. Babası ona həmişə deyirmiş ki, “İbrahim, əsl ziyalılarla dostluq elə”. O da bu sözə qulaq asmışdı, asırdı.


Həsən müəllimə isə daha çox yaxınlaşırdı. Əlbəttə ki, bir yerdə işləyirdilər. Amma vaxt keçdikcə onlar arasında ata-oğul doğmalığı hiss edirdim. Artıq dairədə mən yox idim. İkisiydi. Zəng edib deyirdilər ki, gedirik “obed”ə, gəl filan yerə. Gedirik bağa, sən də gəl. Dənizə gedirik, səni də götürəkmi? Yaddan çıxartmırdılar məni.


Həsən müəllimin bir xasiyyəti vardı. AzTV-dən bilirdim. Dediyini eləsən, ərkini başa düşsən, sənin də hər hansı bir sözün onun üçün qanun idi. Düzdür hər adama da ərk eləmirdi. Biri mən idim, biri də İbrahim. Mən yavaş-yavaş aradan çıxmışdım. He düz əməlli işə də gəlmirdim. Atama belə ərköyünlük eləməmişdim. Sanki Həsən müəllimin iki oğlu vardı biri ərköyün, biri isə ağıllı, sözə baxan. İbrahim mənim də vəzifəmi yerinə yetirirdi.


Vaxt keçdikcə mən də İbrahimi öz dostlarımla tanış etməyə başladım. “Qaynım Ramiz Əkbərov. Polkovnik, həkim. Bacanağım Rəfail. Baldızımın oğlu Nahid Zairov cərrah-podpolkovnik. Cəlil Qaryağdı – heykəltaraş. Mərhum Cəlal Qaryağdının oğlu. Və ən nəhayət jurnalist Eldəniz Elgün.”


Ziyalılarla çox maraqlanırdı. Onlar haqqında söhbət edirdim. Anarı, Fikrət Qocanı, Elçini, Səməd Vurğunu, Osman Sarıvəllini və digər görkəmli ziyalılarımızı adından tanısa da, mən onları insan kimi İbrahimə təqdim edirdim. Mənfi, müsbət cəhətlərini açırdım. Atamın adı gələndə isə yanıb-tökülürdü.


“Axı, mən səni niyə vaxtında tanımadım. Kişi məni tanısaydı səni çoxdan oğulluqdan çıxarardı. Gələcəkdi hər gün bura. O yeyib-içən, mən yeyib-içən. Deyəcəkdi Şamaxıya gedək! Gedəcəkdim. Deyəcəkdi Amerikaya gedək! Yenə gedəcəkdim. Sən necə adam olmusan ə? Arağı gizlətmisən. İçməyə qoymamısan. Heyf. Mənim atam da şairdir. Nizami Məmmədcanlı. Onunla da tanış edəcəkdim.”


Hər dəfə beləcə təəssüflənirdi. Artıq bir-birimizə çox bağlanmışdıq. Gündə iki dəfə zəngləşməsəydik elə bilirdim ki, nəsə çatışmır. Bütün günü də qarışqa kimi çalışırdı. İngilis dilini mükəmməl öyrənirdi. Mən onu tanıyanda iki ali məktəbin bakalavr pilləsini, bir ali məktəbin isə magistraturasını bitirmişdi. İngiltərəyə gedib öz şəxsi hesabına üç aylıq kurs keçmişdi. Gəlib Akademiyanın doktoranturasına qəbul olunmuşdu. Paralel olaraq Milli Elmlər Akademiyasında çalışırdı. Kitablar tərtib edirdi. Hamısında da “İ.Nizamioğlu” imzası qoyurdu. Deyirdim ki, bütöv yaz da adıvı. Deyirdi ki, ”yox. Atamı itirdim, onun adını yaşatmalıyam. Biz tərəfdə kişilər 56-57 yaş yaşayır. Mənim də maksimum 20 ilim qalıb. Hər şeyi çatdırmalıyam. Oğlanlarıma yüksək təhsil verməliyəm, xaricdə oxutdurmalıyam”.
Birinci sinifdən onlara repetitor tutmuşdu. Müdafiə etməyə hazırlaşırdı. Jurnalistlər üçün tikilən binada ev almaq istəyirdi. Ona görə yox ki, ehtiyacı vardı. On il idi ki, “Xalq qəzeti”ndə çalışmışdı, baş redaktorun 1-ci müavini vəzifəsinə qədər ucalmışdı. İstəyirdi ki, etdiklərindən nəsə bir xatirə qalsın. Və Həsən müəllim növbəti dəfə onun da adını siyahıya salsın.


Nəhayət... Günlərin bir günü gəldi ki, bəs qəbuldaydım. Təhsil naziri Mikayıl Cabbarov məni qəbul etdi. Bir saat söhbət elədi. Ondan əvvəl də 7-8 ay idi ki, təzə təhsil naziri haqqnda yazılar yazırdı. Nəsə vurulmuşdu onun fəaliyyətinə. Mən isə öz köşə yazılarımda o cümlədən Mikayıl Cabbarovu da tənqid edirdim. Az qalırdı ki, yumruğu başıma vursun ki, bəsdir də...əl çək də ondan. Yazmağa başqa mövzun yoxdur? Qoy işləsin də. O qədər işləməyən var, yazmırsan, işləyəni də ruhdan salmaq istəyirsən. İlk yazılarımı üç nəfər oxuyurdu, İbrahim, həyat yoldaşım Sevinc, bir də Eldəniz Elgün. Amma Mikayıl Cabbarovun adı olan yazılarımı İbrahimə göstərmirdim.


Nazir onu qəbul edəndən sonra Sumqayıt Dövlət Universitetinə prorektor təyin etdi. Yox elə bilməyin ki, İbrahimin rüşvət verməyə pulu, ya tapşırtdırmağa day-dayısı vardı. Mikayıl Cabbarov da təmiz adamdır. Sadəcə DOSTLARI vardı. Mikayıl müəllimin də xoşuna gəlmişdi. Özü işləyən adam olduğu üçün İbrahim kimi gənc, enerjili adamlara ehtiyacı vardı. Mikayıl müəllimin bütün atdığı addımlardan danışırdı mənə. Özü də ağızdolusu. Hər dəfə də deyirdi ki, görərsən Mikayıl müəllim təhsilimizi nə yüksəklərə qaldıracaq. Mən də qulaq asırdım, bir mütərəqqi adam kimi sevinirdim də. Amma nə edim ki, qələmi əlimə alanda ilhamım tam əks tərəfə çevrilirdi. Tikanlı sözlər kağıza düzülürdü. Özümdən asılı deyildi. Yenə gəlirdi ki, “Mahir işin olmasın da Mikayıl müəllimdə. Səndən xahiş edirəm. Bax, qaqaşını da aparıb prorektor qoydu. Sabah daha da yüksəldə bilər. Amma xəbər tutsa ki, biz dostuq, ətrafındakılar bunu başqa cürə yoza bilərlər. Səndən xahiş edirəm, Mikayıl Cabbarov haqqında yazma. Yaz e, yaxşı yaz”. Hətta Eldəniz Elgünə dəfələrlə tapşırmışdı ki, Mahir təhsil nazirliyi haqda yazsa, qoyma çapa versin. Ölümünə iki gün qalmış isə Məsiağa Məhəmmədiylə üçümüz birgə yeyib-içərkən professoru da öz tərəfinə çəkdi. O da məni qınadı. Və söz verdim ki, “İbrahim, qurtardıq.Bir də Mikayıl Cabbarovun adını çəkməyəcəyəm”.


İki gündən sonra isə İbrahimin ölüm xəbərini aldım. Amma vədimə xilaf çıxdım. Mikayıl Cabbarovun adı olan bir yazı da yazdım. Hörmətli Mikayıl müəllim. Bilirəm yazdıqlarımın sizin üçün heç bir əhəmiyyəti yoxdur. Öz gözəl işlərinizi, fəaliyyətinizi davam etdirməkdəsiniz. Komandanızda indi İbrahim Ömərov yoxdur. Sizi çox istəyirdi. Sizə çox inanırdı. Bu yolda yanınızda olmaq istəyirdi. İrəli getmək istəyirdi. İbrahimin ruhu sakit olsun deyə , Mikayıl Cabbarov, sizdən üzr istəyirəm!


Həsən müəllim, sən isə məni bağışla. İbrahimin hüzüründə mənalı-mənalı süzdün məni. Bilirəm ki, günahım var. Sizi mən yaxınlaşdırdım. Özüm isə aradan çıxdım. İbrahim səninçün çox şey idi. Oğlun yox, oğuldan da doğma idi. 60 yaşında oğul itirmək isə çox ağırdır. Hönkürməkdən başqa isə heç bir əlacın yoxdur.


SON


İbrahim, dünən səni dəfn edəndən sonra Eldənizlə oturub səni sənsayağı yad etdik. Ağlamağımı saxlaya bilmirdim. Eldəniz dedi ki, ay axmaq, niyə ağlayırsan. Həmişə bir yerdə oturanda İbrahim demirdi ki, atalarımız da burdadır? Onların sağlığı olsun. İndi o da, şair Qabil də, Nizami əmi də burdadırlar. Ağlama. Bir mərifətli sağlıq de, içək. Özümü toplayıb dedim:


- Papa, o vaxt Həsən müəllimə də demişdim. İbrahim yaxşı oğlandır.Götür oğulluğa. Həsən müəllim, Məsiağa, Fikrət, Səlim, Mehman, mənim kimi sonda hönkürüb, peşman olmayacaqsan. Peşman olmayacaqsan ki, niyə axı onu tanıdıq ki, indi də yoxluğuna yanırıq. Kaş ki, heç tanımayaydıq deyirik. Biz itirdik, siz qazandınız. Özü də ki, əbədi. Bir də ki, papa, o ziyalıları çox sevir, tanış elə onlarla. Dostluq etməyi sevir. Fani dünyadakı dostlarını da çox sevir. Bir də gördün ki, yuxumuza girib bizi də təzə dostlarıyla tanış etdi “Mahir, tanış ol. Bu Nizami Gəncəvidir. DOSTUMDUR. Bu isə Səməd Vurğun. O da DOSTUMDUR”. İbrahim, sənin sağlığına. Sənin yeni həyatının, yeni dostlarının sağlığına.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi