Xanəndə Haşım Kələntərlinin “Yetim” segahından olmazdı. Haşımın “Yetim” segahına dağ-daş dözməzdi, o ki, qaldı adam ola. Hünərin var kövrəlmə, görün necə kövrəlmirsən, ağlama görüm necə ağlamırsan, lap toyda, qonaqlıqda, konsertdə, radioda – dünyanın lap düz vaxtında. Vay onda ki...
1942-ci il, müharibə... Vaxtaşırı şairlər, yazıçılar, xüsusilə musiqi xadimləri – çalanlar, oxuyanlar, qüdrətli səhnə ustaları, aktyorlar, məzhəkəçilər cəbhələrə, ön atəş xəttinə yaxın yerlərə gedir, döyüşçülər qarşısında çıxış edirdilər. Belə briqadalar eyni zamanda ayrı-ayrı səfərbərlik – yolasalma məntəqələrinə, hərbi komissarlıqların, məktəblərin, kolxoz-sovxoz idarələrinin həyətlərinə - bir sözlə cəbhəyə getmək üçün toplaşanların xidmətinə, hüzuruna da lap tez-tez göndərilirdi.
Haşım Kələntərlinin başçılığı ilə bir dəstə də Nardaran kəndinə göndərilir. Hər xanəndə Nardarana getmirdi, bu gün də getmir. Haşım özünə arxayın idi. Bəhram Mansurov, Teyyub Dəmirov, dəfçi Əzizağa Nəcəfov (xanəndənin dəfi öz yerində) rəsmi göstərişlə gedirlər Nardarana ki, cəbhəyə yola düşən uşaqlar üçün, görüşü Allaha qalan, ayrılıqlar odunda yanıb-qovrulan ata-analar, xala-bacılar, babalar, nənələr üçün çalıb oxusunlar, bu məqamda onların könlünü şad etsinlər, ürək-dirək versinlər.
Ancaq, iş tərsinə olur. Yüngülvari diringədən sonra Haşım Kələntərli dəfi qulağının dibinə qoyub başlayır “Yetim” segaha, başlayır nə başlayır. Deyilənə görə burada, bu məntəqədə, bu yola salhasalda – ölümə gedənlər, ölümə yola salanlar içində bir ağlaşma, bir şivən, bir vaveyla qopur ki, dönüb olur xalis Aşura – səsi-sədası da qaşla-göz arasında, simsiz teleqrafla gedir çatır Mir Cəfər Bağırova.
Mərkəzi Komitə. Bağırovun kabineti... Gözlər hədəqədən çıxıb. Karandaşlar şaq-şaqqıldayır. Məmməd Səid Ordubadi lap qabaqda, daha doğrusu kişinin sağında əyləşib. Mirzə İbrahimov və başqa əlaqədar birinci məsul şəxslər və təbii ki, günahkar - əsas günahkar xanəndə və sazəndələr də buradadır. Sükut... heç kəs cınqırını çəkmir. Mir Cəfər Bağırov üzünü Haşım Kələntərliyə tutub qəzəblə onun gözünün içinə baxa-baxa yarırus, yarıazərbaycanca:
- Da tı je nastoyaşiy vraq naroda. Osobenno v takiye vremena.
Haşım qımıldanmaq istəyəndə:
- Molçat! Səni, sənin bu quyruqlarını camaatı ruhlandırmağa, ürəkləndirməyə göndərmişdik, yoxsa sinə vurdurub ağlatmağa, əl-qolunu yanına saldırmağa, cəbhədən qorxuzub qaçırmağa. Nu otveçay! Otveçayte vse.
Haşım Kələntərli Lənkəran ləhcəsiylə - Mir Cəfər dadaş – deyəndə kişini lap od götürür. Xanəndəni boğmaq dərəcəsinə gəldi.
- Sən xanəndəsən, yoxsa bayquş, sən səfərbərlik məntəqəsinə oxumağa getmişdin, yoxsa ulamağa?!
Kimin haqqı, hünəri vardı dinib-danışa. Nəinki günahkarlar, hətta bilavasitə dəxli olmayanlar da yerindəcə qurumuşdu.
Bağırov birdən üzünü Ordubadiyə tutur:
- Nu starik, tı bı im kakoe nakazaniye naznaçil bı, a?
- Yoldaş Bağırov, hamısını gülləmək!
Bu sözdən sonra Haşım Kələntərligil səndələyir, üzlərinə meyid rəngi çökür. Zarafat deyil, güllələdi güllələdi də, ürəklərində - bu Ordubadi qansız, nə qəddar adammış- deyirlər.
Bağırov bu sözdən bir az yumşalaraq:
- Ay qoca, bu lap ağ oldu. Onlara elə cəza verək ki, bundan sonra heç bir konsertdə, heç bir ictimai yerdə, radioda-filanda çıxış etməsinlər, ta ağılları başlarına gəlincə. Gedə bilərsiniz.
Haşım Kələntərliylə söhbətim, yaxınlığım olmayıb, Teyyub Dəmirov və Əzizağa Nəcəfovla da həmçinin. Ancaq Bəhram Mansurovla küçədə, bazarda, başqa yerlərdə tez-tez görüşüb, söhbətləşərdik. Allah ona rəhmət eləsin.
Bəhram Mansurov deyirdi:
- Qan-tər içində kabineti tərk etdik - əjdaha ağzından, dirigözlü ölümdən qurtulmuşduq, ən yüngülü həbsdən qayıtmışdıq. Olaydı 37... Cəhənnəm olsun radio da, konsert də.
Elə bu dəm gördük ki, Ordubadi də çıxdı, lənkəranlılar demişkən, çıxcayın Haşım Kələntərli cumdu üstünə.
- Kişi, Məmməd Səid, ayıb deyil ki, saçının-saqqalının (Ordubadinin nə saçı vardı, nə saqqalı) bu vaxtında qətlimizə fitva verdin, necə qıydın, ürəyin daşdı məgər, yəni o kitabları sən yazmamısan?
- Gədə, az danış, get bir Lənkəran plovu bişirtdir, bizi də çağır, dəfi götür, Nardarandakı “Yetim” segahı başla dəm-dəsgahıyla. Güllələmək deməsəydim, hamınızı güllələyəcəkdi Mircəfər. O tərsi mənə tanıtdırırsınız?
ŞAİR QABİL
22 iyul 1992