Modern.az

Hava necə olacaq, Laçında - Kəlbəcərdə?!

Hava necə olacaq, Laçında - Kəlbəcərdə?!

Ədəbiyyat

24 Mart 2014, 14:16

Xalq şairi Qabil 

Hava necə olacaq
Laçında - Kəlbəcərdə?! -
Salma təzədən məni
Bu xəbərinlə dərdə.

Seyr et dərdli Vətənin
Sən abi-havasını.
Satılmış Qarabağın
Kim çəkir səfasını?!

Get, ey odu söndürüb
Küllə oynayanlarım.
Toyda-vayda pıqqapıq
Daşıb-qaynayanlarım!

Qoruduzmu havanı,
Qoruduzmu iqlimi?
Niyə azdırırsınız
Düşüncəmi-əqlimi.

Şelliyə, Gülablıya
Qırov düşəcək, ya qar?
Səlamət çıxacaqmı
Yaza bağçalar-bağlar?

Səhər iyirmi-otuz
Axşam on beş dərəcə.
Lap olsun qırx beş-əlli,
Göydən od yağsın gecə.

Bu gün, bu saat, bu dəm
Bunun sənə nə dəxli?
Əsarətdə inləyən
Çöl-çəmənə nə dəxli?

Bu hava mə’lumatın
Yox, tavakabab deyil.
Havakababdır qardaş!
Öz-özünü aldatmaq
Yaman əzabdı, qardaş!

Tutulub-açılacaq
Bu gün Şuşada hava.
Sənə nə var tutulub
Açılacaq, binəva?!

Ağ yağış çimdirəcək
Cəbrayıl çinarını,
Sabir Süleymanovun
O yetim məzarını,
O dustaq məzarını,

Dayan görüm, ey, dayan!
Mənə ayrı xəbər ver.
Zəngilan-Qubadlıdan.
Söyləmə ki, Ağdamda
Hava necə olacaq?
Söylə Ağdam uğrunda
Dava nə vaxt olacaq?
Dava necə olacaq?

Füzulinin adını
Daşıyan torpağı ver!
Hava sorağı vermə
Qələbə sorağı ver!

Get, haqq-hesabı çürüt
Satqın nəfərlərinlə.
Bəsdi, xalqı hərrədin
Hava xəbərlərinlə.

Yad əllərdəsə torpaq
İstiliyi isitməz,
Soyuqluğu soyutmaz.

Bu saat ancaq, ancaq
Qətiyyətdən ver soraq!
Ayrı söhbət, ayrı söz
Qəlbimizi ovutmaz

1996

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi