Modern.az

Mir Cəfər Bağırov: “Söydüm, söyüldüm”

Mir Cəfər Bağırov: “Söydüm, söyüldüm”

Ədəbiyyat

24 Mart 2014, 19:03

Hörmətli oxucu! Xalq şairi Qabilin 22 iyul 1992-ci ildə qələmə aldığı “Nə xalis yaxşı var... nə xalis yaman” başlıqlı məqaləsindən sizə Mircəfər Bağırovla bağlı sonuncu iki parçanı da təqdim edirik. Onu da qeyd edək ki, bugünkü , o cümlədən “Mir Cəfər Bağırovun oğlu”, “Qoca, bu ağ oldu”, “Xalqını Stalin sürgünündən qurtaran rəhbər”, “Necə, necə, Məmmədəminin sağlığına?” xatirələrini redaksiyamıza şairin oğlu Mahir Qabiloğlu təqdim edib.

Bu bayram günlərində şair Qabilə və yazıda adı çəkilən bütün görkəmli tarixi şəxsiyyətlərə Allahdan rəhmət diləyirik.

Xalq şairi Qabil

Mir Cəfər Bağırov: “Söydüm, söyüldüm”

Bu müharibədən əvvəlin əhvalatıdır. 1950-ci ildə yay mövsümündə Quba ikiillik Müəllimlər İnstitutunda qiyabiçilərə saathesabı dərs deyəndə həmin müharibədən əvvəlki əhvalatı mənə institutun yerli, qocaman müəllimlərindən biri danışdı. Yəqin ki, çoxdan ölüb getmiş o kişinin adı heyf... heyflər... yadımda qalmayıb. Nə isə.

Günlərin bir günü Bağırov hansısa vacib bir məsələylə əlaqədar Qubaya – özünün dədə-baba yurduna gəlir.

Hansı bir məqamda NKVD-nin Quba rayon şöbə rəisinin (milliyyətcə ləzgi) hərəkətimi, tərpənişimi, danışığımı kişinin (xalq arasında Bağırovu “kişi” deyə çağırırdılar- red.) xoşuna gəlmir və o, həmən şəxsi, yəni rəisi söyür.

- Köppək oğlu!

Ləzgi də dərhal cavab qaytarır:

- Kopəq uqli üzünsən!

Heç kəs gözünə-qulağına inanmır, ayaqlarının altından yer qaçır. Bağırov heyrətamiz sükutla üzünü ayrı səmtə çevirib müstəntiq diliylə demiş olsaq, “hadisə yerindən” uzaqlaşar-uzaqlaşmaz dərhal rayon rəhbərinin, başqa məsul şəxslərin işarəsiylə həmən adam tərksilah edilir, aşırma qayışları dartışdırılıb qırdırılır, köynəyinin hərbi rütbə nişanlı yaxalıqları qopardılır, qolları arxaya qanırılıb, döyülə-döyülə aparılır.

Bu əhvalatdan bir neçə ay sonra Bakıda MK plenumlarının birində ya tənəffüsdə, ya xudmani, az adam dəvət edilən qəbulda Qubanın raykom katibi və rayon prokuroru utana-utana, xəcalət içində əsib titrəyə-titrəyə Mir Cəfərə yaxınlaşırlar:

- Yoldaş Bağırov, yanınızda üzüqarayıq.

- Nə üçün?

- O alçağa, tərbiyəsizə, cinayətkar, maskalanmış düşmənə görə.

- Başa düşmədim.

- Yoldaş Bağırov, rayonda sizə söyüşlə cavab qaytaran NKVD rəisini deyirik. Basdıq getdi, ancaq...

- Ancağı budur ki...

- Bəli, bəli, gərək onu Sizin gözünüzün qabağında güllələyəydik.

- Yox, bilmədiniz, Ancağı o deyil, ancağı odur ki, axı bu söyüşün sizə nə dəxli. Mən onu söydüm, o da kişi kimi qayıdıb məni söydü. Bu saat gedin onu həbsdən azad edin, üzr istəyin, itirilmiş əmək haqqını ödəyin, vəzifəsinə bərpa edin, silahını, rütbəsini qaytarın. Bu nə özbaşınalıqdır. Söydüm, söyüldüm.

Hə, əziz oxucu, bu əhvalatı mənə nəql edən kişinin adı bu dəqiqə yadıma düşdü: Xalidşah müəllim.

O, lap uşaq idi axı

Qanlı-qadalı, gedər-gəlməzli 1937-ci il arxada qalandan bir qədər sonra, necə deyərlər, iş-işdən keçəndən sonra hansı bir görüşdəsə, məclisdə, yığıncaqda, şəxsi qəbulda, söhbətdəsə guya Bağırovla Məmməd Səid Ordubadi arasında belə bir dialoq olur:

- Məmməd Səid, bir cavan vardı, odlu-alovlu qara oğlan, şair.

- Mikayıl Müşfiqi deyirsən, Mir Cəfər?!

- Hə. O da getdi?

- O hamıdan əvvəl getdi ki...

- Ondan mənim xəbərim olmayıb, ay Səid, öz yoldaşları güdaza verdilər onu. Müşfiqi xilas etmək olardı... o, lap uşaq idi axı...

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi