Mahir Qabiloğlu
2003-cü ildən Prezident Heydər Əliyevin atam – xalq şairi Qabilə bağışladığı evdə yaşamağa başladıq. Qonşularım cəmiyyətdə yüksək mövqe tutan ziyalı, vəzifə mənsublarıydı. Onlardan biri də vergilər naziri Fazil Məmmədov idi. Əlbəttə ki, onu hamınız tanıyırsınız. Amma qonşu-nazir Fazil müəllimə bu əlamətdar günlərdə öz baxış bucağımdan bir nəzər salmaq istədim. On bir illik müşahidələrimin qənaəti olaraq.
“Böyük adamdır...”
İşdə idim. Atam zəng etdi ki, ziyalı İmamverdi Əbilovun həyat yoldaşı rəhmətə gedib. Hökmən Neftçalaya gedib hüzür verməliyəm. Hidayət əmin də (Hidayət Zeynalov – gənclik dostu, jurnalist) bizimlə gedəcək. Onunla həyətdə gözləyirik səni.
İcazə alıb evə gəldim. Maşının şüşələrini silməyə, bəzi zəruri texniki baxışdan keçirməyə başladım. Atamla Hidayət əmi isə bir az aralıda dayanıb söhbətləşirdilər. Qapının ağzlnda isə vergilər naziri Fazil Məmmədovun hökumət maşını dayanmışdı. İşə gedən vaxtı idi. Atamla Hidayət əmi də mənim nə vaxt “hazıram, gedə bilərik” deməyimi gözləyirdilər.
Bu vaxt Fazil müəllim dəhlizdən çıxıb maşınına tərəf gəldi. Avtomobilinə əyləşdi. Maşın yerindən azca tərpənmişdi ki, yenidən dayandı. Fazil müəllim yerə düşüb “mən şairlə görüşüb gəlirəm” deyərək atama tərəf yönəldi. Atamın başı söhbətə qarışsa da, demə 40 il “Kommunist” qəzetində şöbə müdiri işləmiş, həyatında çox vəzifəli görən Hidayət əmi də bütün bunları müşahidə edirmiş.
Fazil müəllim atama yaxınlaşdı. Mehribanlıqla görüşdü. Hal-əhval tutdu. Hidayət müəllimlə də “ağsaqqal, salam” deyə görüşdü. Maşın təklif etdi ki, “hara lazımdır aparım”. Atam da yolüstündə olduğunu, razılığını bildirdi. Nazir yenidən qayıdıb maşına əyləşib həyətdən çıxdı. O vaxta mən də işlərimi qurtardım. Yola düşdük. Hidayət əmi:
- Qabil, bu Fazil Məmmədov nə böyük adammış.
- Hə də Hidayət, vergilər naziridir, zarafat deyil. Özü də Mahirlə yaşıddır.
- Qabil, vəzifəsini demirəm e... Sənin arxan bloka tərəf idi. Mən isə hamısını müşahidə edirdim. O, blokdan çıxdı, maşına əyləşdi. Yenicə tərpənmişdi ki, avtomobili saxladıb təzədən yerə düşdü. Gəlib səninlə görüşdü. Sən onsuz da onu görmürdün. Çıxıb gedə də bilərdi. Amma maşını saxlatdırmağı, düşüb səninlə görüşməyi, hal-əhval tutmağı mənə ləzzət elədi. Vəzifəsi öz yerində... əgər ziyalıya belə hörmət edirsə, böyük adamdır.
Sadə qonşu
Binamızdakı sakinlər iki yerə bölünürdü. Elə başa düşməyin ki, vəzifələrinin böyük-kiçikliyinə, var-dövlətlərinə görə. Əsla. Deyəcəyəm, sizə də gülməli gələcək.
Bayaq dediyim kimi, qonşularımız görkəmli dövlət xadimləri olduğuna görə bina güclü mühafizə olunurdu. Girişdə də həmişə azı dörd-beş adam dayanırdı. Aralarında mühafizəçi də olurdu, sürücü də. Mən də çox vaxt onlarla dayanıb söhbətləşirdim. Bu dəm Fazil müəllim köməkçisiylə liftdən çıxdı. Yanımızdan keçərkən salamlaşdı, hal-əhval tutdu. O gedəndən sonra uşaqlar:
- Çox sadə, insan adamdır. Gedəndə də, gələndə salamlaşır, hal-əhval tutur.
- Axı, burda qəribə nə var ki?- deyə xəbər aldım. –Allahın salamıdır da verir.
- Yox, Mahir, sən sakin olduğuna görə belə şeyləri tuta bilmirsən. Burda elələri var ki, gözləri ayaqlarının altını görmür. Salam vermək nədir... heç salam da almırlar. Fazil müəllimsə gözəl insandır. O gün də lift xarab olmuşdu. Qalmışdı içində. Başqası olsaydı aləmi dağıdardı. Fazil müəllimsə...
Nazir və alimlər
2000-ci ildə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək, Vergilər Nazirliyi yaradıldı. AzTV-nin “Xəbərlər”ində işləyirdim. Dedilər ki, vergilər naziri kimi Fazil Məmmədov ilk tədbirin keçirir. Kameranı götür get. Tez nazirliyə yollandım. Belə təsəvvür edirdim ki, böyük bir zala daxil olacağam. Təntənəli iclas çəkəcəyəm.
Bizi balaca dəyirmi stolu olan konfrans zalına apardılar. İçəridə oturanları tanımırdım. Demək olar hamısı yaşlı adamlar idi. Fazil müəllim iclası açandan sonra mənə məlum oldu ki, bu insanlar alimdirlər. Onları bir yerə toplayıb, şura yaratmaq istəyir. Ki, nazirliyin təşəkkül tapmasında bu sahəni gözəl bilən elm adamları da yaxından iştirak etsinlər. Öz töhfələrini versinlər.
Qonşu yox, həm də nazir
Atam rəhmətə getmişdi. Vida mərasimində görmədim Fazil müəllimi.
Həyətdə çadır qurulmuşdu. “Üç” mərasimiydi. Bir də gördüm ki, Fazil Məmmədov və vergilər nazirinin üç müavini içəri daxil oldular. Əyləşdilər. Mən də yaxınlaşdım. Başsağlığı verdi. “Yaxşıydı ki, nə oldu bu şairə birdən-birə? Mən də xaricdə ezamiyyətdəydim. Dəfnə gələ bilmədim” deyə üzrxahlıq elədi. Mən də son saatlarını danışdım. Heyfslənib ah çəkdi. Bir qədər oturandan sonra:
- Qabil müəllim yaxşı kişiydi, gözəl şair, ziyalımız idi. Allah rəhmət eləsin. Mahir sənin də nə sözün, problemin olsa müraciət elə, - deyib sağollaşdı.
O gedəndən sonra qohumlardan biri dedi ki, yaxşı qonşudur. O saat əlavə elədim. “Təkcə qonşu yox. Qonşu olsaydı tək gələrdi. Müavinləriylə gəlib. Fazil müəllim həm yaxşı qonşudur, həm də nazir”.
50-35=15
Mən Fazil Məmmədovun vergilər naziri, idman federasiyasının prezidenti kimi fəaliyyətindən, gördüyü işlərdən danışsam, bir kitab alınar. Bir tərəfdən buna mənəvi ixtiyarım da çatmır, axı. Çünki iqtisadçı, vergi işçisi, idman xadimi deyiləm. Sadəcə həyat müşahidələrimdən qonşu, nazir Fazil müəllimlə bağlı bəzilərini sizinlə bölüşməyə qərar verdim. Özü də onun üçün əlamətdar olan günlərdə - 50 yaşının, yubileyinin astanasında. Bəzən mənə müqayisələr gətirməyimi irad tutsalar da, ancaq yaxşı alındığını da gizlətmirlər. Fazil müəllimin bioqrafiyasına nəzər salanda bir rəqəm diqqətimi çəkdi. Demə o, bu yüksək vəzifəyə 35 yaşında layiq görülüb və 15 ildir ki, hər hansı bir “ÇP”siz bu vəzifənin öhdəsindən gəlir.
Gənc yaşlarından yüksək, məsul post tutan, indiki gənclərə örnək olaraq 15 ildir ki, özünü sədaqətli, siyasi cəhətdən yetkin, bütöv bir insan kimi təsdiq edən Fazil müəllim! 50 yaşın mübarək!
Hörmətlə: Qabilin oğlu, qonşu Mahir