AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru,
dosent
I yazı
Son illərdə Azərbaycanda «azərbaycanlı» kimliyi və «Azərbaycan dili» ilə paralel «azəri» kimliyi və «azəri dili»nin təbliğatına başlanmışdır. Bu da, türklüyə, türk ruhuna qarşı yönəlmiş təbliğatdan başqa bir şey deyildir. Fikrimizcə, bu məsələdə də əsas məqsəd hansı yolla olursa-olsun «azərbaycanlı» siyasi kimliyini və «azərbaycan dili»ni türklükdən, Türk dünyasından, Türk Birliyindən uzaqlaşdırmaqdır. Başqa sözlə, «azəri» kimliyi və «azəri dili»nin təbliğatı bir tərəfdən türklüyü Azərbaycan türklərinin yaddaşından silmək, milli mənlik şüurunun zədələməyə, Türk dünyasından ayırmağa, digər tərəfdən başqa etnik kimliyə-irandilliliyə, başqa dünyaya-Hind-Avropa dünyasına bağlamağa xidmət edir.
Hər halda vaxtilə, indinin özündə də «azəri» anlayışının təbliğində iki amil: 1) Rus-Avropa və İran-Fars ideoloqlarının bu sahədə apardıqları iş və 2) bunun Azərbaycan və Türkiyə ədəbiyyatına təsiri mühüm rol oynayır.
Qeyd edək ki, yalnız Azərbaycan Cümhuriyyətini süquta uğramasından sonra (1920) «azəri» anlayışı peyda olmuşdur. Antitürk «Azəriçilik» nəzəriyyəsinin 1920-ci illərdə - Azərbaycan Cümhuriyyətnin və Qacarlar dövlətinin devrilməsindən sonra dövriyyəyə buraxılması Azərbaycan türk mütəfəkkiri Əmin Abidin həmin dövrdə qələmə aldığı bir məqaləsində də açıq şəkildə qeyd olunmuşdur: «…Bu gün «azəri» kəlməsi Azərbaycanda yaşayan bir fərdə elm olmuşsa da, bu kəlmə ancaq son on sənə içində bu mənada kullanmağa başlamışdır; daha əvvəllər bir azərbaycanlıya azəri deyildiyi görülməmişdir».
Bu mənada, antitürk «Azəriçilik» nəzəriyyəsinin yaranmasında və inkişafında Rus-Avropa və İran-Fars ideoloqlarının «əməyi» danılmazdır. İrançılığın ideoloqlarından Əhməd Kəsrəvi 1926-cı ildə «Azəri, yaxud Azərbaycanın qədim dili» əsərini yazırdı ki, «azəri dili» fars ləhcələrindən biridir, azərbaycanlılar isə farslardan dönmədir. 1930-cu ildə «Talış dili» əsərində Q.B.Miller Ə.Kəsrəviyə əsaslanaraq «azəri dilini» talış dili ilə eyniləşdirmiş və azərbaycanlıların XI əsrdən sonra türkləşdiyini iddia etmişdir.
Sovet-Rus və İran-Fars ideoloqlarının apardığı təbliğat nəticəsində çox keçmədi ki, Azərbaycan türk tarixində və türk ədəbiyyatında «azəri» anlayışından geniş istifadə edilməyə başlandı. Özəlliklə, 1936-cı ildən Türk kimliyinin və Türk dilinin Azərbaycanda yasaqlanmasından sonra Azərbaycan türk mütəfəkkirlərindən Səməd Vurğun, Rəsul Rza və başqalarının bədii əsərlərində «Azəri yurdu», «Azəri oğlu», «Azəri xalqı», «Azəri dili» anlayışlarına müraciət etmişlərdir. Hətta, 1960-cı illərdə AKP MK-nın rəhbərlərindən Şıxəli Qurbanov Azərbaycan türklərinin «azəri» milləti olmasını geniş şəkildə təbliğ etmişdir.
Bütün bunların təsiri altında Fikrət Qoca «Azəriyəm», Məmməd Araz «Azəri qızı» (1968) isə şeirlərini qələmə almışdır. F.Qoca yazırdı: «Od oğluyam, alovlardan doğuldum, Alovlana-alovlana, İlk bahardan doğuldum, Lalə kimi yana-yana. Onunçün də baxışımın, Odlara var bənzəri. Azəriyəm, azəri». Həmin dövrdə «azəri» milləti nəzəriyyəsinə qarşı çıxan Xəlil Rza isə şeirlərindən birində bunu, qədim bir millətin başına açılan oyun kimi ifşa etmişdir: “Dəb düşdü bir arada «Azər», «Azəri» sözü. Şadlandırmaq istədi guya qəzetlər bizi… Mən çırpıram bu sözü maskalanmış üzlərə. Mən nifrət bəsləyirəm saxtakarın dilində odu keçmiş sözlərə”.
Eyni zamanda tarix sahəsində Rusiya və Azərbaycanın qeyri-türk tarixçiləri Ə.Kəsrəvi, Q.Miller və başqaları kimi sübut etməyə çalışırdılar ki, Azərbaycan xalqının qədim dili farsmənşəli azəri dili, etnik kimliyi farsmənşəli azəridir. Bu mənada, 3 cildlik «Azərbaycan tarixi»nin (1958) 1-ci cildinin müəllifləri, Azərbaycan xalqının soykökünü əsasən farsdilli tayfalarla bağlamış, dilini isə irandilli “azəri dili” kimi qələmə almışlar: «Miladdan əvvəl VII-VI əsrlərdə bir sıra qeyri-midiyalı tayfaları və Şərq xalqlarını öz hakimiyyəti altında birləşdirən Midiya dövlətindən fərqli olaraq, Atropaten dövləti əsasən müasir azərbaycanlıların əsl əcdadından birini təşkil edən yerli əhalinin sakin olduğu ərazini əhatə edirdi… Atropaten xalqının yaranması prosesində onun dili də formalaşırdı. Bu dil, çox güman ki, sonralar azəri adlanan dildir. O, fars dilindən çox fərqlənirdi və talışların dilinə daha yaxın idi».
Bütün bunlar göstərir ki, Sovet-Rus ideoloqları bir tərəfdən Azərbaycan xalqını türklük və Türkiyədən ayırmağa çalışmış, digər tərəfdən onu irandilli edərək İrana bağlamağa çalışmışlar.
Antitürk «azəriçilik» nəzəriyyəsini müstəqillik dövründə Azərbaycan xalqının etnogenezi və dili, bu xalqın formalaşması, «Azərbaycan» sözünün izahı, qədim dini-fəlsəfi dünyagörüşü haqqında və s. SSRİ dövründə rəsmi təməli qoyulmuş problemləri irançılıq-azəriçilik konsepsiyası çərçivəsində müdafiə və təbliğ edən başlıca əsərlərdən biri AMEA Tarix İnstitutu tərəfindən 1998-2003-cü illərdə akademik şəkildə nəşr olunan 7 cildlik «Azərbaycan tarixi »dir. Maraqlıdır ki, yuxarıda qeyd etdiyimiz məsələlərə münasibətdə 7 cildlik «Azərbaycan tarixi», xüsusilə onun ilk 4 cildi ilə SSRİ dövründə nəşr olunan 3 cildlik «Azərbaycan tarixi», eləcə də İ.Dyakonov, Q.Melikişvili, E.Qrantovski, İ.Əliyev, S.Qaşqay, F.Məmmədova və b. tarixi əsərləri arasında demək olar ki, elə bir ciddi fərq yoxdur.
7 cildlik «Azərbaycan tarix»inin ilk cildlərində qədim Azərbaycan ərazisinin yerli tayfalarının – kutilər, lullubilər, hürrilər və b., eləcə də Manna, İskit, Atropatena, Albaniya dövlətlərinin əhalisinin etnik mənsubiyyəti və dili açıq-aşkar şəkildə irançılıq-azəriçilik konsepsiyası çərçivəsində şərh olunur. 7 cildlik «Azərbaycan tarixinin 1-ci cildinin məsul redaktoru və qədim dövrdə Azərbaycan xalqının etnik mənsubiyyətinə aid yazıların əsas müəllifi akademik İqrar Əliyev iddia edir ki, uzun müddət «Mada» və «Atropatena», «madalı» və «atropatenalı» anlayışları bir-birinin qarşılıqlığı, yəni sinonimi kimi çıxış etmişdir. «Mada-Atropatena xalqı»nın orta Mada dili isə İran dillərindən biri olmuş və sonralar daha çox «azəri» dili kimi ifadə olunmuşdur. Onun fikrincə, «azəri» dili Cənubi Azərbaycan əhalisinin dilidir və talış, tat dilləri ilə də bağlıdır. İran alimi Ə.Kəsrəvi «azəri» dilini birmənalı şəkildə fars dili saydığı halda, İ.Əliyev bu fikrə “qarşı” çıxır və bu dili fars dili yox, İran dillərindən biri hesab edir.
İ.Əliyevin burada məqsədi aydındır: azərbaycanlıların ulu əcdadları «Atropatena-Mada xalqı»dır və bu xalqın dili «irandilli» azəri dilidir. Deməli, azərbaycanlılar «irandilli» xalqlardan madalılardan, atropatenalılardan biridir və onların türk dillərindən birində danışmalarını nəzərə almasaq, türklərlə heç bir əlaqəsi yoxdur. Hər halda İ.Əliyevin bütün cidd-cəhdlə çağdaş Azərbaycan xalqının etnik kimliyini və dilini məqsədli şəkildə «irandilli», əslində farsdilli xalqlarla bağlaması göz önündədir. Maraqlıdır ki, paniranizm ideologiyasına məxsus müddəalarını İ.Əliyev Azərbaycan Respublikasının «Azərbaycan tarixi» adlı fundamental, akademik əsərdə irəli sürür və azərbaycanlıları inandırmağa çalışır ki, Azərbaycan xalqı «irandilli» xalqlardan biridir, Azərbaycan mədəniyyəti isə İran mədəniyyətinin bir hissəsidir. Sadəcə olaraq, Azərbaycan xalqının etnik mənşəyi irandilli fars deyil, irandilli madalıdır, yaxud da Azərbaycan xalqının dili irandilli fars dili deyil, irandilli orta mada, yaxud da azəri dilidir, xalqımızın adı da irandilli fars yox, irandilli «Atropatena-Mada xalqı»dır, ölkəmizin adı da İran deyil, İran-Mada mənşəli Atarpatkan(a), yəni Azərbaycandır və i.a.
Azərbaycan xalqını «irandilli» xalqlarla, Azərbaycan mədəniyyətini İran mədəniyyəti ilə bağlamasını isə İ.Əliyev belə əsaslandırır: «Hazırda türk dillərindən birində danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla qohumluğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də varislərinə çevrilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştilik təliminə və bir çox digər tarixi-mədəni dəyərlərə sahiblik hüququ qazanırlar». Beləliklə, İ.Əliyev hələ, 1940-cı illərdən başlayaraq Sovetlər Birliyi dövründə ortaya atılan – Azərbaycan xalqının mənşəyi kimi göstərilən «Atropatena-Mada xalqı» ideyasına sona qədər sadiq qalmışdır. İ.Əliyevin çağdaş Azərbaycan xalqının mənşəyini «Atropatena–Mada xalqı» adı ilə «irandilli», yəni farsdilli etnoslarla bağlaması isə bilavasitə «Türk-Azərbaycan» konsepsiyasına qarşı yönəlmişdir. «Qafqaz-İran», xüsusilə paniranizm ideyalarının tarixşünaslıqda müdafiəçisi olan İ.Əliyevə görə, guya həmin «Atropatena-Mada xalqı»nın dilinin türkləşməsinə səbəb isə, XI-XII əsrlərdə Azərbaycana gələn Səlcuq türkləri olmuşdur. Bu mənada, Türkiyə türkləri, Türküstan türkləri ilə yalnız dil bağımız var.
Biz isə çağdaş dövrdə “azəri” məsələsinə akademik Ziya Bünyadovun daha gerçəkçi yanaşmasına inanırıq. O, 1993-cü ildə nəşr olunan «Azərbaycan tarixi»ndə Azərbaycan xalqının etnogenezi məsələsinə aydınlıq gətirəkən yazırdı ki, həm şimalın, həm də cənubun düzənlik ərazilərində məskunlaşmış qıpcaq, oğuz, sabir və başqa türkdilli xalqlarla yanaşı, burada həmçinin qafqazdilli albanlar - udinlər, qarqarlar, xınalıqlılar, irandilli azərilər, tatlar, kürdlər və s. xalqlar yaşayırdı.
Eyni mövqeni tanınmış dilçi alimimiz Qiyasəddin Qeybullayev də müdafiə etmişdir. Ona görə, orta əsr müəlliflərinin (əl-Biruni, Xətib Təbrizi və b.) işlətdikləri «azərilər, azəri dili» anlayışları ilə azərbaycanlılar (atropatenlilər) və Azərbaycan (Atropaten) dili anlayışları eyni deyildir: «Azəri dili Atropatenanın irandilli əhalisinin dili, Azərbaycan dili (Türk dili) isə burada yaşayan və çoxluğu təşkil edən türkmənşəli əhalinin dili idi».
Ancaq etiraf etməliyik ki, vahid Türk millətinə başqa ad verib, hətta düşmənin dəyirmanına su tökənlər arasında öz milli aydınlarımız, siyasətçilərimiz də var. Maraqlıdır ki, əsrlər boyu və günümüzdə də yunanlar, farslar, ərəblər, ruslar, gürcülər, ermənilər və başqa millətlər, onların alimləri bizləri (Türkiyə, Türküstan, Azərbaycan, Krım, Tatarıstan və b. ölkələrdə yaşayan türkləri) türk adlandırdıqları halda, eyni millətin genini daşıyanlardan biri – Azərbaycan türkü digərinə – Türkiyə türkünə vaxtilə «osmanlı» dediyi kimi, indi də Türkiyə türklərinin çoxu Azərbaycan türkünə «azəri» deyir. Doğrudanmı 21-ci əsrdə türkün türkə «türk» deməsi bu qədər çətindir?! Təbii ki, yox. Sadəcə, bütün bunlar türkün şüuruna yeridilən assimilyasiya siyasətidir. Türkü məhv etməyin ən asan yolu, türkü türklüyündən – türk kimliyindən, türk dilindən, türk mədəniyyətindən, türk mənəviyyatındanənməsinə səbəb nə " uzaqlaşdırmaqdır. Bu mənada, həmin məsələ ilə bağlı təkcə Türkiyə türklərini suçlamaq doğru olmazdı. Belə ki, hətta Güney Azərbaycan türkləri bəzi hallarda Quzey Azərbaycan türklərini «şurəvi», quzeylilər isə güneyliləri «iranlı», «tat» adlandırırlar. Halbuki hər ikisi türkdür, türklüyü təmsil edirlər.
Şübhəsiz, Azərbaycan türklərinin «tatar», «azəri», «tat», «şurəvi», «iranlı» adlandırılması onların təbii istəyi ilə deyil, Sovet-Rus və İran-Fars rejimlərinin apardıqları siyasət nəticəsində meydana çıxmışdır. Sadəcə, istər içimizdə, istərsə də kənarda bir çoxlarını hazırda bu anlayışların necə meydana çıxmasından daha çox, ondan necə istifadə etməsi maraqlandırır. Fikrimizcə, son zamanlar «azəri» anlayışının geniş mənada təbliğ olunması da bunun tərkib hissəsidir.
Bu mənada, tanınmış alimimiz, aydınımız, professor Firudin Ağasıoğlunun (Cəlilov) Türk ulusunun və Türk dilinin sinonimi kimi işlətdiyi, uyğun olaraq “Azər xalqı”, “Azər dili” anlayışlarını yanlış hesab edirəm. Doğrudur, Firudin Ağasıoğlu bütün hallarda türklüyü əsas götürür, haqlı olaraq türklərin atayurdunun Ön Asiya olduğunu müdafiə edir. Ancaq dilçi alimin «Azərbaycan» sözündən çxış edərək “Azər” kimliyini və dilini gündəmə gətirməsi, Türk ulusunun şüurunun aydınlaşdırımır, tərsinə bir az da dolaşdırır.
Biz də, hesab edirik ki, “Azər” sözünün ilkin variantı türk-oğuz “xəzər”lə-xəzərlərlə bağlıdır. Ancaq hazırda “Azər” dilinin və kimliyinin türklüyün sinonimi kimi işlətmək doğru deyildir. Birincisi, “Azər”lə “Xəzər”in eyniliyini elmi ictimaiyyətdə və kütlə arasında müdafiə edənlər azdır. İkincisi, “Xəzər” kimliyinini və dilinini türklüklə bağlı olması, nəinki Azərvaycanda, Türk arealında, bütün dünyada qəbul edildiyi halda, “Azər” anlayışı ilə bağlı durum çox fərqlidir. 20-ci əsrdə Rus-Avropa və İran-Fars ideoloqları “Azər” anlayışını “xəzər” anlayışından tamamilə uzaqlaşdıraraq ona “irandilli-fars” məna verdilər. Sovet dövründə “Azər” anlayışı “od”, “Azərbaycan” anlayışı “odlar yurdu” kimi zor-xoş şüurlarımıza yeridildi. Beləliklə, “Azərbaycan”, “Azər” anlayışının xəzər-oğuz-türk mənasından əsər-alamat qalmadı. Bununla da, ilkin variantda oğuzlar-xəzərlər ölkəsi adlananan “Azərbaycan” anlayışı iranlaşdırıldı-farslaşdırıldı. Bu baxımdan hazırda Azərbaycan toplumunun böyük qismi “azər” və “azəri” anlayışlarına türklük mənasında qəbul etmirlər. Yalnız kiçik bir dairə, əsasən də türk olmayan farsdilli-irandilli azsaylı etniklər bu anlayışları qəbul edirlər. Bu isə istər-istəməz Azərbaycanı türklükdən, Türk dünyasından uzaqlaşdırır, bunun əvəzində iqrar əliyevlər kimlərinin də arzuladığı kimi Hind-Avropa aləminə bağlayır, iranlılarla, hindlilərlə, slavyanlarla və başqa xalqlarla qohumluğa yönəldir!!!