Modern.az

Prezidentlərin Qarsiya Markesin ölümü ilə bağlı başsağlıqları: “Min illin tənhalığı başladı”

Prezidentlərin Qarsiya Markesin ölümü ilə bağlı başsağlıqları: “Min illin tənhalığı başladı”

Ədəbiyyat

19 Aprel 2014, 10:38

Məşhur  kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin ölümü ilə bağlı ədəbiyyat və sənət dünyası ilə bərabər, bir sıra dövlətlərin başçıları da başsağlığı verib. Modern.az-ın məlumatına görə, ilk üzüntü diləyi yazıçının vətəninə rəhbərlik edən Juan Manuel Santosdan gəlib. “Bütün zamanların ən möhtəşəm kolumbiyalısının ölümü min illik tənhalıq və üzüntüyə səbəb oldu”, – o qeyd edib.

ABŞ prezidenti Barak Obama başsağlığını bu sözlərlə dilə gətirib: “Gəncliyimdən bəri ən çox sevdiyim yazarlar arasında yer alan Qabriel Qarsiya Markesin ölümüylə dünya ən böyük yazıçılardan birini itirdi. Qabonun nəsillər boyu yaşayacağını ailəsi və dostları üçün təsəlli olacağına ümid edirəm”.

Keçmiş ABŞ prezidenti Bill Klinton: “Bundan təxminən qırx il öncə “Yüz ilin tənhalığı” romanını oxuduğum zamandan bəri hər zaman onun bənzərsiz təxəyyülünü istedadına, düşüncələrinin şəffaflığına, səmimiyyətinə heyran qaldım. İyirmi ildən artıq bir müddətdə onun böyük qəlbinin və möhtəşəm zəkasının dostu olmaqdan şərəf duydum”.

Fransa dövlət başçısı Fransua Olland: “Qabriel Qarsiya Markesin ölümüylə bütün dünyanın təxəyyülünə xitab edən dahi bir yazarı itirdik. Jurnalistika ilə məşğul olarkən qələmə aldığı yazılar və imperializmə qarşı yorulmadan apardığı mübarizə onu əsrimizin ən ilhamverici Cənubi amerikalı ziyalılardan biri etdi”.

Braziliya prezidenti Dilma Rousseff: “Latin Amerikadan bəslənən misilsiz xarakterləri ilə milyonlarda oxucunun qəlbində və zehnində yer edib”.

Ekvador prezidenti Rafael Korrea: “Qabo bizi tərk etdi və indi illərlə sürən bir tənhalıq yaşayacağıq. Amma onun əsərləri və torpağına duyduğu bağlılıq bizə miras olaraq qaldı. Yenidən görüşənədək, sağ ol, Qabo”.

Meksika dövlət başçısı Enrike Penya Niyeto: “Meksika adından zamanımızın ən böyük yazarlarından Qabriel Qarsiya Markesin ölümündən duyduğum kədəri dilə gətirmək istəyirəm”.

Azərbaycan prezidenti İlham Əliyev də məşhur yazıçı Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar başsağlığı verib. Başsağlığı məktubunda deyilir: “Böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi. Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

  Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi