Modern.az-ın “Qarabağ fotolarda” adlı rubrikasında bu dəfə təqdim etdiyimiz fotoşəkil Azərbaycanın ən səfalı yerlərindən birində çəkilib. Təbii ki, görən kimi tanıdınız. Bu yeri yaddan çıxarmaq olarmı heç?! Şuşanın məşhur Cıdır düzü... 1974-cü ilin yayıdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin iki tələbəsi “Şuşa” qəzetinə istehsalat praktikasına göndərilir. Amma həm ziyarət, həm ticarət amilini nəzərə alaraq cənnətməkan şəhərdə istirahət də edirlər. Sonradan o iki jurnalist hamının tanıdığı ziyalılar olur. Telejurunalist Qulu Məhərrəmli, şair Vaqif Bəhmənli. Qulu Məhərrəmli şəkil, eləcə də o illər barəsindəki xatirələrini Modern.az-la bölüşür:
“1974-cü ilin yayı idi. Biz Vaqif Bəhmənli ilə Şuşada Cıdır düzündə Daşaltı deyilən yerin yuxarı hissəsində idik. Biz həmin vaxt, yəni iyul-avqust ayında istehsalat praktikasında idik. “Şuşa” qəzetinin buraxılmasında iştirak edirdik. Şənbə günü axşam, bir də bazar günləri Şuşanın görməli yerlərini gəzərdik. Yerdə qalan beş günü isə axşama qədər işləyərdik. Şuşa mənə doğma yer idi. Orta məktəbi orada oxumuşam. Demək olar ki, Vaqif Bəhmənliyə bələdçilik edirdim. Şuşanın hər yerini tanıyırdım. O biri iki nəfər də Ağdamdan idilər. Həmin gün bizimlə bərabər istirahət etdilər.
Şuşada olduğumuz müddətdə qəzetlə bağlı maraqlı xatirələrimiz var. Bir-iki tənqidi məqalə yazmışdıq. Su problemini və Şuşaya istirahətə gələn turistlərin şikayətini qabartmışdıq. Turistlər xidmətin aşağı səviyyədə olmasından, eləcə də kütləvi ayaqyolunun yoxluğundan şikayət edirdilər. Məqalədən sonra rayonun birinci katibi Qəşəm Aslanov bizi yanına çağırıb əvvəl xeyli danladı. Amma yavaş-yavaş söhbəti ora gətirib çıxardıq ki, nəticədə dedi ki “yaxşı etmisiz. İndidən özünüzü bu şeylərə alışdırın üzüyola, buyruq qulu jurnalist olmayın öz mövqeyiniz olsun”.
Elmin Nuri