Modern.az

Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”ndə nəyi dəyişdi- YAZARLAR DANIŞDI

Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”ndə nəyi dəyişdi- YAZARLAR DANIŞDI

7 May 2014, 13:30



İki aya  yaxındır ki, Azərbaycan Yazıçılar Birliyinin tabeliyində olan mətbu orqanlarında dəyişiklik edilib. “Ədəbiyyat qəzeti”, eləcə də “Ulduz ” jurnallarında baş redaktorların dəyişilməsi onların fəaliyyətində hərəkətlilik yaradıb. “Ədəbiyyat qəzeti”  Elçin Hüseynbəylinin rəhbərliyi altında artıq üç dəfə çap olunub. Görəsən yazarlar onun fəaliyyətini, qəzetin durumunu necə  xarakterizə edir? Modern.az bu istiqamətdə keçirdiyi kiçik sorğunu sizlərə təqdim edir:

Vahid Əziz: “Ayaz Vəfalının vaxtında bir iki dəfə şerlərimi göndərmişəm. İndi də göndərsəm çap edərlər. İndi ora təzə baş redaktor gəlib Elçin Hüseynbəyli. Hiss olunur ki, məqalələrin mətnində irəliləyiş var. Həm də bu ədəbiyyatdır da. Ədəbiyyatda nə dəyişiklik olacaq ki. Ayazın üstünə düşmüşdülər ki, qəzetdə heç nə yoxdur. Heç kim yazmırdı ona görə heç nə yox idi. Heç indi də yazmırlar. Elçin yazını zorla yazdırır. Əslidə isə ədəbi tənqid dediyimiz ədəbi təhlil bu qəzetə daha çox yer ayırmalıdır”.

Azad Qaradərəli: “Dəyişiklik var. Məsələn, mən son nömrədə çağdaş türk şerində Sunay Akının yazılarını gördüm. Gənclərə də yer ayırıblar. Hətta uzun illər əsərlərinin çapına yasaqlar tətbiq olunan Zəlimxan Yaquba da üç səhifəyə yaxın yer ayırıblar. Vallah ayıbdır! Mövlud Süleymanlının 70-ci illərdə yazdığı nağılları təzədən oxucuya sırıyıblar. Mənə verdiyi bu nağılları radioda dəfələrlə səsləndirmişəm. Məmur olduğu üçün əsərlərinin çapı qadağan edilən Hidayət Orucova səhifə yarım yer veriblər. Elçin Hüseynbəyli yenilik eləmir, yerini bərkidir, məmur yazıçıları çap etməklə. Odey, Vaqif Nəsibin romanları qalıb yiyəsiz. Çap edən yoxdur”.

Firuz Mustafa: “Mən "Ədəbiyyat qəzeti"nin əvvəlki vəziyyəti barədə əvvəlki redaktorun özünə demişdim. Çox zəif nəşr idi. Son sayları oxumuşam. İndi qəzetin həm tərtibatı, həm də orada gedən materiallar qənaətbəxşdir. Düşünürəm ki, qəzet get-gedə daha yaxşı çıxacaq , əsl ədəbiyyat qəzetinə çevriləcək”.

Faiq Balabəyli: “Mən bu haqda bir neçə dəfə münasibət bildirmişəm. Uzun müddət o qəzetdə işləmişəm. O zamanlar da qəzetdə maraqlı yazılar dərc olunub. Lakin, rəsmi xəbərlər və yazarların bu qəzetə soyuq münasibət bəsləyib əsərləri ilə müraciət etməməsi qəzetdə ədəbi yazıların zəif olmasına səbəb olardı. Son vaxtlar Elçin bəyin redaktorluğu ilə çıxan qəzet fərqlidir. Yaxşı ya doğru dəyişikliklər var və düşünürəm ki,  daha yaxşı olacaq. Qəzetdə kollektiv əməyin bəhrəsi duyulmaqdadır”.

Nəriman Əbdürrəhmanlı: “O qəzeti iyirmi ildir oxumamışam, indi də oxumuram”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi