Biçinçi oyanar səhər o başdan
Yenə oxuyacaq biçənəkləri
Dəryaz nəğmələri dinər o başdan
Oyadar yuxudan boz kəklikləri.
Otlar can dərmanı, güllər təzə-tər
Hər açılan güldən şirin bal damır
Günəşin sarımtıl telləri səhər
Sanki qarğıdalı saçaqlarıdı.
Bu sözlər yol yorğunu idi, uzun yollardan keçib gəlmişdi və özü ilə yolların ağrısının, tozunun, çınqılının örtə bilmədiyi izləri, ləpirləri gətirmişdi. Bu yollardan böyük köç keçib gedib, bu yollardan yaylaq arabalarının təkərləri taqqıldaya-taqqıldaya daş yollardan keçib gedib, bu yollardan at belində corab hörə-hörə, başlıq toxuya-toxuya, araba çadırlarının içinnən cəhrə əyirə-əyirə sinəsi bayatılı, ağzı yaşmaqlı ağbirçəklər boylanıb.
Bu yollara sarı sünbüllərə gedən yolun işığı düşürdü. Bu yollar uzunu el aşıqları 7 gün, 7 gecə surən dastanlar başlayır, düşüləcək yurdlara öz uğurunu yayırdı. İçimiznən, özümüznən bir olan nə vardısa buralardan yol keçib gedirdi. Sözlər öz işığını, xeyir-duasını buralardan alır, uzü işığa doğru gedirdi.
Şair Tahir Talıblı sözə beləcə gəlirdi:
Gedirsən yoluna çıxır,
Durursan qarşına gəlir,
Qorxudu, qorxduqlarındı
Hamısı başına gəlir.
Beləcə ağıla gələnlər, başa gəlirdi…
- Xoş gördük, Tahir müəllim. Əlbəttə ki, sizinlə hər zaman ünsiyyətdə olmaq, söhbətinizi dinləmək çox xoşdu. Amma bu gün söhbətimizin xüsusi bir səbəbi var: o da sizin yeni çapdan çıxmış «Qurdu qəmgin, quşu qərib» kitabı ilə bağlıdı. Və onu deyim ki, kitaba böyük təvazökarlıqla başlamısınız, kitabın çapına, üçün, hətta etmədiyiniz günahlara görə üzrxahlıq etmisiniz. Bu da təbii ki, sizin sözə olan məsuliyyətinizdən, sevginizdən, sayğınızdan irəli gəlir.
- Təşəkkür edirəm. Özümü Azərbaycan Radiosunun əməkdaşlarına borclu hesab edirəm. Bu kitaba olan diqqətinizdən çox məmnunam. Açığını deyim ki, az zaman içində məni «radio ulduzu» elədiniz. Çox çağ olun. İndilər nə qədər şeir kitabları buraxılır. Üzüxahlığım da, özümü qınağım da bundan yanadı. «Möhtəşəm» maklatura ümmanına bir damcı da olsa artıracağımnan qorxdum. Bax, bu mənada bir az özümü qınayıram. Bundan əvvəlki kitabım 10 il əvvəl çıxıb, ağ-qara üzlü, rəhmətlik Akif Səmədin təkidiylə oldu. Mən heç istəmirdim o kitab da çap olunsun, hər şeyi özü elədi. Düzü o boyda itkilərdən, o boyda ağrılardan, o boyda yurdun ağrısından sonra şer qaralamaq adamı utandırır. O şeir ki, heç bir əsgərin cib dəftərinə köçürülməsin, nə bilim, bir şəhidin cibindən çıxmasın.
- Amma, heç şübhəsiz bu kitabınız uğurlu işdi. Özü də daha çox gənclik şerləri toplanıb.
- Bəli, gənclik şeirlərini də topladım ki, xatirə dəftəri kimi qalsın. Bir də görürsən ki, itir-batır. Bu günlərdə arxivimə yenə baxdım, gördüm hələ çap olunmamış xeyli şeirim var. Xüsusən gənclik şerləri, tələbəlik şerləri. Bir dostum da zəng vurmuşdu; oxuyub, çox məmnun olduğunu, - dedi. Nostalji hisslərə qayıda bildiyi üçün razılığını bildirdi. Tahir Əmiraslanovu deyirəm. O boyda alim adamın, biliyinə, düşüncəsinə həmişə heyran qaldığım Tahir müəllimin hardasa, bu kövrək şeirlərə diqqəti, bəlkə də sizin qənaətinizə cavabdı.
Söz də yurdlar kimidi, qədimi, köhnə, həm də təzə-tər. Yurdlar özü həm də dəyərlər ölçüsüdü. Yaxşı söz yenicə təndirdən çıxmış çörək kimidi. Dəyərini adamın içi bilər. Ama bütün başlanğıclar, sevgilər bu yurdlardan başlar.
Yarpaqlar yaralı əsgərlər kimi,
Səngərə yatırdı, yerə sinirdi.
İxtiyar dağları qubar alırdı,
Bir kəndin üstünə payız enirdi.
- Allah bilir, bu təsvirdə içimizə bəlli, ancaq dilə gətirə bilmədiyimiz daha nələr var.
Sizin gənclik şeirləriniz çox ağırtaxtalıdı, çox samballıdı. Yəni, gənc bir insanın duyğularına bənzəmir. Dünya görmüş bir insanın düşüncələridi elə bil.
- Bilirsiz, bu fikrinizdə (mənim şeirimə dediyinizə görə yox) böyük həqiqət var. Çünki sevgi özü çox oturuşmuş nəsnədi. Yaşı dünyanın yaşı qədər, çox yaşlıdı, müdrikdi. Bu mənada sevgi adamı oturuşdurur, müdrikləşdirir.
Tahir Talıblının əksər şeirləri yurd sevgisindən can-qan alıb gəlir, yurd gülləri kimi açır. Özü yurd canlılığını belə ifadə eləyir: 4.
«Çoxlarımızı şeir allatdı, ağzını dağa, daşa saldı. Hər halda mənim də ürəyimnən keçirdi ki, bu şeirlərin arxasınca gedim, özümü tapım. O vaxt mən də Bakıda qalardım, qəzetlər, jurnallar, redaksiyalar… Hələ tələbə ikən yazılarım haqda mətbuatda xoş sözlər yazılmışdı. Ama məni yurd çəkdi. Elə şeirlərimin arxasınca yurda üz tutdum. Elə özümü tapmaq üçün də…».
Tələbəlik illəri… O illərdən də xəfif xatirələr qalmışdı. Ayrı-ayrı ellərdən gəlmiş üç cavanın bir-birini qəribə doğmalıqla tapması, üçünün də sözə könül verməsi və imzaların qələbəliyində, tünlüyündə «itib-batmaları», bir-birindən ayrı düşmələri. «Qərib idi, Telman idi, bir də mən», - deyə bir də nəyəsə etiraz…
Yaraları köz-köz olub qaxsıyan,
Sevgiləri ürəyində axsayan,
Yetimliyi bir-birinə oxşayan
Qərib idi, Telman idi, bir də mən.
Söz adamının qəribliyi ilkdə axşamlara çökər, axşamları da qərib eləyər. Türk şerinin görkəmli nümayəndəsi Kəmaləddin Kamü demiş: «Ben Kurbetdə deyilim, Kurbet benim içimdə». Tahir Talıblının qərib axşamlarla bağlı təəssüratları belədir:
- Qərib axşamlar tək qürbət çəkənlərin, qürbətdə can çürüdənlərin deyil. Qərib axşamlar daha çox içində qürbət gəzdirənnərindi. Şairlər içində qürbət gəzdirənnərdi. Ömürlük qürbət çəkənnərdi. Bu mənada «qərib axşamlar» söz adamının qəribliyidi. Sözdən yana çəkdiyi xiffətdi, ağrıdı, sözün ağrısıdı. Bu xiffəti, ağrını söz donunda soyunmadıqca, içindəki qəriblikdən qurtula bilmirsən. Söylədiyimiz kimi söz də yurdlara bənzər. Yurdların qəribliyi də elə sözün qəribliyi kimidi.
Kərəmin dediklərini xatırlayın:
Ölüm camı bir şərbətdi içilməz
Qəribin boyuna kəfən biçilməz
Üç dərdim var bir-birinnən seçilməz
Bir yoxsulluq, bir ayrılıq, bir ölüm.
Ama «Qərib axşamlar»ın toranlığında hər şey aydın görünər. Böyük dərdlərə uzaqdan baxsan da kiçilməz, bəlkə bir qədər də böyüyər.
- Tahir müəllim, istərdim bir söz soruşum. Ömrünüzdə qayıdılası günlər çoxmu olub?
- 1972-ci ilin 8 Mart gününə qayıtmaq istərdim… Görünür bu tarix də bir tale işidi. Ama burda nə o tarixin açımını soruşmaq meylimnən keçdi, nə də tale işinə qarışmaq istədim. Növbəti sualı belə qurdum, belə misralarınız var; - dedim:
Gözündən aydın görürəm
Qəmin göyərən yerindi
Deməsən də mən bilirəm,
Dərdin-dərdindən yeyindi.
Bəlkə açımını öyrənməyə ehtiyat elədiyimiz o tarixin də cavabı bu misralardı, nə bilmək olar. Sonra… Sonra çox sular bulanıb, durulacaqdı. Sonra köçlər başlamışdı. Dağlar dumanlı qalmışdı və hər zaman elə belə də qalacaqdı yaddaşında. O dağlar ki, üz-üzə onlarla pıçıldaşa bilməyəcəkdi. Ama hər şeri o dağların ucalığını hiss etdirəcəkdi. Sonra əlləriylə qurduğu o ev, o biçinçi nəğmələrilə oyanan zəmilər, sarı-sarı sünbüllər, rəngli yurd bayatıları, yurd qoxusu bu illər ərzində bu yaddaş anları yaşandıqca yaşanacaq. Bir anın ömrü illərə, hətta əsrlərə də bərabər ola bilərmiş.
Kitabın çox maraqlı adı var: «Qurdu qəmgin, quşu qərib» bu deyimin özü çox böyük həqiqətləri ehtiva eləyir.
Beləcə dörüb törəyib,
Qurdu qəmgin, quşu qərib
Bizi yiyəsizmi görüb,
Ölüm üstümüzə gəlir.
- Mən kitabın ön sözündə də yazmışam, açığı o insanların qəmginliyindən, qəribliyindən çox, o qurdların o quşların qəmginliyi məni çox ağrıdır.
1987-ci il idi, qəfildən Fərman Kərimzadə, Sabir Rüstəmxanlı, Ramiz Əsgər, Fərman Eyvazlı, Amil Avey bizə qonaq gəldilər. Olduqca sevindim. Oralara gəlmək, oraları görmək, o yurdları sevindirmək idi…içimdə belə bir ağrım varıydı: «Unuduldum bu yurd kimi».
Az bir vaxtdan sonra o boyda fəlakət başladı. Mən bir yazıda yazmışdım. İndi yoldaşımız olan Savalan uşaq idi, belə bir söz dedi: «Ay ata, o bığlı əmi indi bizə gəlsə hara gedəcək, axı biz evdə yoxuq». Əlbəttə bu da uşağın ağrılarıydı. Elə o bığlı əmini də bu yurdların dərdi apardı, dərdləri götürə bilmədi. Bu boyda ağrını sinirmək, bu boyda faciələrin içindən çıxmaq, diri qalmaq çox çətin məsələdi.
- Belə bir ifadə işlədirsiz: hər şeir ölüm ayağının şerri kimi yazılmalıdı…
- Bəli, söz həm də taledi. Doğurdan da şair hər şerini ilk dəfə yazırmış kimi, həm də son dəfə yazırmış kimi yazmalıdı.
- Tahir müəllim, təbii ki, hər mərhələnin öz şeri olmalıdı, öz sözü olmalıdı və sizin son illərdə yazdığınız şeirlərdə bir sufii baxış var. Yəni əvvəlki mərhələdə yurd yeri ilə danışırdınızsa, indi öz içinizdə, özünüzlə danışırsınız.
- Bu yaxınlarda, Aqşinin maraqlı bir yazısını oxudum. Gözəl bir şairdi, çox qəribə bir qələmi var, düşüncə tərzi təmamilə fərqlidi. Düşüncələrimizin, gördüklərimizin o üzündəkiləri görür, yazır. Fikri təqribən belədi: «Şair gərək şerini Allaha ithafən yazsın. Bu sufii tərzidi, sufii baxışıdı. Mən bu sözə bir şey də əlavə etmək istəyirəm. Şair şeirlərini həm də ölümə yazmalıdı. Çünki, ömür doğuluşdan ölümə gedilən bir yoldu. Sufilər bu yolla üzü Tanrıya gedib.
Bir də var ariflər. Ariflər isə Tanrıya çatmış adamlardı. Füzulinin bir beyti var. Deyir ki:
Hikməti - dünyəvi-mahifa bilən arif deyil
Arif oldur: bilməyə dünyəvi-mahifa nədir. 8.
Yəni, dünyanın bütün hikmətlərini, bütün sirlərini bilən adam deyil Arif. Arif həm də dünyanın bütün sirlərindən, hikmətlərindən xəbərdar olmayandı. Bu bir məntiqi tənlikdi. Açımı da çox fəlsəfidi, dəyəri göylər ucalığındadı.
- Tahir müəllim, növbəti kitabınız nə vaxt işıq üzü görəcək.
- Günel xanım, indi iki kitab hazırlamışam. Biri mənim ömür boyu yazdığım publisistik yazılardı, müsahibələrimdi. Hamısını toplamışam bir yerə. Bir başqa kitab da var. Çap elətdirmək olar.
«Bulaq» verilişi üçün yazdığım yazılar, hazırladığım materiallar da çoxdu. Sağlıq olsun.
Ağrıları yaza bilmədim deyir, amma hər şeri bir tale yükü qədərdi. Onu tanımaq üçün kitabını oxumaq kifayətdi. Səmimi olmadığı, özü olmadığı bircə söz, bircə misra belə tapa bilməzsiniz.
Təsadüfi deyil ki, şeirlərini əvvəlin və sonunun şerləri adlandırıb o əvvəlin, o sonun ki, öz başlanğıcını ulu yurdlardan, sarı sünbüllərdən, barlı-bərəkətli torpaqlardan alıb. Ama yurd qoxusu uzaqdan gəlsə də:
Uzaqda yurd qoxusu var,
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qorxusu var
Gözlərim qüpbət səyriyir.
Söhbəti qələmə alan
Günel Natiq