Bəşər övladı yarandığı gündən bu vaxta qədər həyatda və təbiətdə gedən hadisələri öyrənməyə, bu proseslərin kökünü, səbəblərini araşdırmağa çalışıb. Elmi texnologiyaların inkişaf etdiyi bu günkü günümüzdən dönüb arxaya baxanda tarixin müxtəlif mərhələlərində aparılan araşdırmalar, söylənilən fikirlər bir qədər sadə yanaşma kimi görünsə də, reallıq ondan ibarətdir ki bütün zamanlarda alim sözü, elmi düşüncənin nəticəsi hər zaman başqa yanaşmalardan üstün olmuşdur.
Azərbaycanda Yer elmlərinin öyrənilməsi sahəsində çox görkəmli alimlər olmuşdur. Bu gün də öz elmi araşdırmaları və apardığı tədqiqatları ilə nəinki Azərbaycan, ümumilikdə dünya səviyyəsində elmi nəticələrə nail olmaq uğrunda yorulmadan çalışan alimlərimiz var. Bu alimlərimizdən biri də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Cəlal oğlu Yetirmişlidir. 35 ildən artıqdır ki, fəaliyyətini seysmologiya elminin öyrənilməsinə sərf edən Q.C.Yetirmişli bütün dünya elmi üçün hələ də bir çox suallarının cavabı açıq qalan seysmologiya elminin daha dərindən öyrənilməsi istiqamətində yorulmadan çalışır. Q.Yetirmişlinin rəhbərliyi ilə son illər mərkəzdə aparılan elmi tədqiqatlar zamanı bir sıra mühüm elmi nəticələrin əldə olunması da məhz bu fədakarlığın, böyük zəhmətin və əməyin məhsuludur. Belə ki, Q.C.Yetirmişli işlədiyi dövrdə mühüm araşdırmalarla məşğul olmuş, müasir elmi texnologiyaların Mərkəzin işində tətbiqinə böyük səy göstərmiş və bu sahədə mühüm nailiyyətlər əldə etmişdir.
Onun rəhbərliyi altında ilk dəfə Azərbaycan ərazisində eninə dalğaların polyarizasiyasının parametrlərinin çoxkanallı qeyd olunan telemetrik stansiyaların məlumatları əsasında qiymətləndirilmə üsulu öyrənilmişdir. Həmçinin ilk dəfə olaraq Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyinini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yer qabığının ədədi sürət modeli tərtib olunmuş, elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılmışdır. Q.C.Yetirmişlinin rəhbərliyi altında aparılan tədqiqatlar nəticəsində Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmişdir və bu həmin zonalarda seysmik aktivliyin inkişafını izləməyə imkan vermişdir. Azərbaycanda baş verən palçıq vulkanlarının zəlzələ ilə əlaqəsi ilk dəfə olaraq, Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında instrumental üsulu ilə, Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi , Şıxzəirli vülkanının altı püskürmə prosesi müəyyən olunub. Hər bir püskürməyin davamlığı, dərinliyi və ayrılan enerjisi təyin olunmuşdur.
Q.C.Yetirmişli gеоdinamik şəraiti mürəkkəb оlan sеymоaktiv zоnalarda, dərin qatlarda nеft-qazlılığın qiymətləndirilməsi və pеrspеktivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir sıra еlmi-nəzəri işlər aparmışdır.
1975-ci ildə AMEA-nın Geologiya İnstitutunda baş laborant vəzifəsindən işə başlayan, 1977-1978-ci illərdə “Geofiziki cihazqayırma” ХKB mühəndis, 1978-1980-ci illərdə Geofizika Elmi Mərkəzində baş mühəndis, 1980-1984-cü illərdə AEA Təcrübi – Metodiki Geofiziki Ekspedisiyanın Seysmoloji Partiyasının rəis müavini, 1984-2000-ci illərdə AEA Təcrübi – Metodiki Geofiziki Ekspedisiyanın rəis müavini, 2000- 2008-ci ilə qədər baş direktorun müavini, 2008-ci ildən bu günə qədər AMEA nəzdində Respublika Seysmoloji Хidmət Mərkəzində baş dirеktоr kimi fəaliyyət göstərən Q.Yetirmişli 2000-ci ildə geofizika ixtisası üzrə «Aşağı Kür çökəkliyində sеysmо-gеоdinamik şərait və kəsilişlərdə nеft və qaz yataqlarının paylanması» mövzusunda dissertasiya müdafiə edərək gеоlоgiya-minеralоgiya еlmləri namizədi, 2008-ci ildə isə “Neftli-qazlı sahələrin seysmikliyi (Cənubi Xəzər çökəkliyinin timsalında)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələrini almışdır. Q.C.Yetirmişli 100-dən çox elmi əsərin, bir monoqrafiyanın müəllifi, bir monoqrafiyanın isə həmmüəllifidir. Q.C.Yetirmişli dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, ARDNŞ-nin Elm fondunun, Avrasiya fondunun, CRDF, STCU və NATO təşkilatlarının elmi qrantlarına layiq görülmüşdür. Q.C.Yetirmişli hazırda ARDNŞ-nin Elm fondunun, NATO və STCU qrantları çərçivəsində aparılan layihələrə rəhbərlik edir.
"Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" elmi jurnalının baş redaktorudur.
Q.C.Yetirmişli Amerika Geofizika İttifaqının (AGU), IRIS, ORFEUS və Avropa Seysmoloji Komissiyanın, Azərbaycan Milli Geofiziklər Komitəsinin üzvü və Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidentidir.
Q.C.Yetirmişlinin Azərbaycanda elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Onun elmi rəhbərliyi ilə Azərbaycanda iki elmlər namizədi hazırlanmışdır.
Q.C.Yetirmişli 2003-cü ildə AMEA Rəyasət Heyətinin “Fəxri Fərman” ilə, 2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Q.C.Yetirmişli ilk dəfə 1998-ci ildə Azərbaycanda kosmik geodeziya (GPS) şəbəkəsini təşkil etmiş və geodinamik tədqiqatların əsasını qoymuşdur. Onun elmi tədqiqatlarının əsas istiqamətlərini yer fizikasının və geodinamikanın fundamental məsələləri təşkil edir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün dünyanın aparıcı ölkələri və beynəlxalq seysmoloji təşkilatları ilə yaxından əməkdaşlıq edir. Mərkəzin ABŞ və Yaponiya seysmoloqları ilə əməkdaşlığının genişlənməsi nəticəsində ilbəil burda aparılan işlərin həcmi də böyüyür. Bütün bu uğurların əldə olunmasında mərkəzin rəhbəri kimi Q.C.Yetirmişlinin böyük əməyi vardır.
Müdriklərin belə bir sözü var: "Elm fədakarları sevir". AMEA nəzdində RSXM-in Q.C. Yetirmişlinin rəhbərliyi altında daha böyük elmi nəticələrə imza atacağına əminik.
Fikrimcə, həm Azərbaycanda aparılan seysmoloji tədqiqatların səviyyəsinin yüksəldilməsi və son illər bu sahədə əldə edilən uğurlu nəticələrə görə, eyni zamanda Q.C.Yetirmişlinin özünün bir alim kimi aldığı elmi nəticələr və bu nəticələrin elmi ictimaiyyətə çatdırılmasına görə o, Azəıbaycan Respublikasının elm sahəsində Dövlət mükafatını almağa ən uğurlu və layiqli namizəddir. Düşünürəm ki, bu mükafatın Q.C.Yetirmişliyə təqdim olunması Azərbaycan seysmoloqlarının daha böyük uğurlara imza atmasına təkan olacaqdır.
Mənijə İsayeva,
geologiya-mineralogiya elmlər doktoru,
"Əməkdar elm xadimi"