Modern.az

Nəsir İmanquliyevin sınağı: “Səni çoxdan izləyirdim...”

Nəsir İmanquliyevin sınağı: “Səni çoxdan izləyirdim...”

17 May 2014, 10:45

Tanınmış jurnalist, Prezident təqaüdçüsü, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı Mülatif Adurov görkəmli jurnalist, ictimai və elm xadimi Nəsir İmanquliyev haqqında bir neçə il öncə qələmə aldığı xatirələri Modern.az saytına təqdim edib. Yazıda müəllif “Bakı” qəzetində çalışdığı dövrü xatırladır. Onu oxucuların ixtiyarına veririk.

***

"Bakı" və "Baku" axşam qəzetlərinin yaradıcısı və redaktoru, BDU-nun jurnalistika fakültəsinin müəllimi Nəsir Əsədulla oğlu İmanquliyev. Bu tarixi şəxsiyyət barədə çox danışılıb, çox yazılıb. Neçə-neçə onilliklər ötsə də, sözün əsl mənasında, müəllim kimi şərəfli adı daşıyan dəyərli insanın keçdiyi ömür yolu heç zaman hafizələrdən silinməyəcək. Azərbaycanda qəzetçilik sahəsində, jurnalistikanın inkişafında misilsiz xidmətləri olmuş bir alim, cəsarətli redaktor, qayğıkeş, təvazökar insan,  bacarıqlı təşkilatçı, heç kimə bənzəməyən rəhbərlik üslubu onun səciyyəvi cəhətlərindən idi.

Bu sətirlərin müəllifi uzun illər Nəsir müəllimlə bir yerdə işləsə də, onun haqqında yazmaq cəsarətini özündə tapa bilməyib. Yüzillik yubileyi ərəfəsində isə ürəyində bəslədiyi dərin hörmətini, ehtiramını  xatirələrin işığında oxuculara çatdırmaq  qənaətinə gəlib.

Sınaq

"Bakı" və "Baku" qəzetləri bir vaxtlar oxucular arasında böyük nüfuz qazanmış mətbu orqan idi. Yaradıcı kollektivin rəhbəri olan Nəsir İmanquliyev əksəriyyəti cavan kadrlardan ibarət beynəlmiləlçi heyətlə işləyirdi. Onun bir xasiyyətini çox adam yaxşı bilirdi: nə xahişlə işə adam götürərdi, nə vəzifəli şəxsə yaramaq üçün onun qohumunu yaxına buraxardı. Gənclərin çoxunu, bir qayda olaraq, yarımştata işə qəbul edərdi. Bu da asanlıqla başa gəlmirdi - gərək həmin işçini sınaqdan keçirəydi. Özü də necə!

Altmışıncı illərin əvvələrində Azərbaycan Dövlət Universitetinin tələbəsi olmaqla "Bakl" qəzeti redaksiyası ilə müntəzəm əlaqə saxlayırdım. Günüm redaksiyanın "Xəbərlər" şöbəsində keçirdi. Orta məktəbdə bir yerdə oxuduğumuz Yusif Kərimovla həmyaşıd olsaq da, mənə jurnalist peşəsinin sirlərini öyrətməkdə əsl müəllimim olub. Reportaj, zarisovka, bəzən isə zəif olsa da, oçerklər yazırdım, xəbər hazırlayırdım. Bir gün ədəbiyyat şöbəsinin müdiri işləyən Qeybulla Rəsulov məni yanına çağırıb Leniniana heykəltəraş Pyotr Sabsay haqqında oçerk yazmağı tapşırdı. "Çox məsuliyyətli və operativ tapşırıqdır", - deyə Qeybulla müəllim üzümə mənalı-mənalı baxdı, etiraz etməyin mənasız olduğunu xatırlatdı. Təklifi qəbul etdim, həmin gün P.Sabsayın emalatxanasına yollandım. Ertəsi gün yazını Qeybulla müəllimə təhvil verdim. Fasilədən sonra Qeybulla müəllim xəbərlər şöbəsinə gəldi, hamının gözü qarşısında mənim oçerkimi yuxarı qaldırıb "Sən elə hazır jurnalistsən ki!" - dedi. Bir gündən sonra Qeybulla müəllim mənə dedi ki, daha bir Leniniana mövzusunda yazı lazımdır. Daha doğrusu, SSRİ xalq artisti Lütfiyar İmanovun imzası ilə məqalə təşkil etməli idim. Bu işin də öhdəsindən gəldim. Bu dəfə Nəsir müəllim məni yanına çağırdı, rus dilində yazılmış 5 səhifəlik yazını mənə uzadıb:

- Bunu bu gecə evdə tərcümə et, sabah mənə çatdır, - dedi.

Dedim ki, Nəsir müəllim, məndə tərcüməçilik səriştəsi yoxdur, universitetin şərqşünaslıq fakültəsinin türk dili şöbəsində xırda-para mətnləri ruscadan türkcəyə, türkcədən ruscaya çevirirdik. Bu mətin isə mənim üçün qəlizdir.

- Eybi yoxdur, - dedi. - Nə bacarırsansa, elə.

Həmin gecə səhərədək yatmadım. O vaxt bir otağımız vardı. Anam da yatmadı, səhərədək mənə çay verdi, yemək hazırladı. Lüğətlərin köməyi ilə bu tapşırığı yerinə yetirdim. Nəsir müəllim anama zəng vurub ona da əziyyət verdiyi üçün üzrxahlıq etdi. Sonradan bildim ki, Leniniana mövzusunda məqalələr sifarişi də sınaq imiş, anama zəng etməyi də tərçüməni mənim etdiyimi dəqiqləşdirmək məqsədi daşıyırmış. 

- Mülatif, mən sənin yazılarını çoxdan izləyirəm. İndi isə sınaqdan uğurla çıxdın. Səni tam ştata işə qəbul edirəm. - Sevincimin həddi-hüdudu yox idi.

Mart ayı yenicə başlamışdı. Universitetin sonuncu kursunda oxuyurdum. Diplom müdafiəsinə, dövlət imtahanlarına 4-5 ay qalırdı. Təyinatımı isə Dövlət Təhlükəsizlik Komitəsinə verməyi planlaşdırmışdılar. Bunları Nəsir müəllimə deyəndə...

- Haçan vaxtın oldu, işə gəl. O ki qaldı təyinat məsələsinə, o mənlikdir!

Alicənab redaktorun kadr siyasəti çoxlarına bəlli olsa da, mən təəccüb içində idim.

Qeyri-adi tərbiyə üsulu

Həyatda çox nikbin insan olan Nəsir müəllim kollektiv üzvlərindən bəzilərini, o cümlədən  məni də tez-tez evlərinə, bağa dəvət edər, qonaqlıq verərdi. Yumoru da çox sevirdi. Heç vaxt zarafatından  qalmırdı. Amma işdə çox ciddi və tələbkar  idi. Səhvə yol verənə, əmək intizamını pozana qarşı ciddi inzibati tədbir görməsə də, bircə sərt baxışı, dolayısı ilə sataşmağı əmrdən, töhmətdən betər idi. O, dövlət mənafeyini, qanun-qaydanı hər şeydən üstün tutardı. Mən redaksiyada həmkarlar ittifaqı təşkilatının sədri idim. Bir gün yanına gedib dedim ki, bəlkə Ticarət Nazirliyinə məktub yazaq, bizə bir neçə  minik avtomobili ayırsınlar, növbədə çox adam var. Təəccübləndi. Siyahını oxudum. Avtomobil almaq üçün ərizə verənlərin üçünün ad-familiyasını eşitcək, həmin adamları kabinetinə çağırtdırdı. Üçünə də bir sualla müraciət etdi:

- Necə dolanırsınız, çətinliyiniz yoxdur ki?

Tam ştatda işləyən qadın jurnalist giley-güzar etdi.

- Nəsir müəllim, özünüz bilirsiniz ki, xəbər tapmaq, hazırlamaq necə çətindir. Əhməd müəllim (Əhməd Rəşidov, redaktor müavini - M.A.) xəbərin birinə 30-40 qəpik yazır, bununla dolanmaq olar?

- Məncə, siz ikiniz də yarımştat maaşı alırsınız, bəs siz? - deyə digər iki nəfərə müraciət etdi.

- Vallah, anam kənddə  biçilən otu satdırıb pulunu mənə göndərir. Beləcə, birtəhər...

- Mən də çətinlik çəkirəm, iki uşağım var. Təzə aldığım arvad da yanında iki uşaqla gəlib. Çətindir.

Onları dinləyəndən sonra Nəsir müəllim növbəti sualını verdi:

- Onda bir mənə deyin görüm, belə dolanışıqla siz hansı vəsait hesabına avtomaşın almaq istəyirsiniz, hətta Mülatifə ərizə vermisiniz?

Hər üçü qızardı, başlarını aşağı saldı.

- Gedin ərizələrinizi geri götürün, - qəti sözü belə oldu Nəsir müəllimin!

Telefon əhvalatı

Redaksiyada yaşı 80-ni ötmüş bir təsərrüfat müdiri vardı. Adı Həsən idi, amma müharibə vaxtı aldığı rütbəyə görə "Mayor müəllim" çağırırdılar. Mayor müəllim bir gün mənim işlədiyim şöbəyə gəlmişdi. Şöbə müdirimiz Şakir Abdullayev ona dedi ki, deyirlər, təzə "çeburaşka" aparatları var anbarda. Bizim  telefon aparatlarını dəyişə bilsən, şirinliyi məndən olacaq.

Bu söhbətdən dörd-beş ay keçmişdi. Təzə aparat məsələsi heç yada  da düşmürdü. Telefon zəng çaldı. Dəstəyi Şakir müəllim qaldırdı:

- Bəli, Nəsir müəllim, mənəm, - deyib adət etdiyi kimi ayağa durdu. - Aydın eşidirəm, Nəsir müəllim, baş üstə, - deyib dəstəyi yerinə qoydu. Üzünü mənə tutub:

- Redaktordu! O bizə niyə şəhər telefonu ilə zəng vursun? Həmişə selektorla arayır. Özü də lap əla eşidirdim. Amma dedi ki, mənə zəng elə.

Şakir Abdullayev təəccüb içində redaktorun telefonunun nömrəsini yığdı.

- İndi bayaqkından da yaxşı eşidirəm, Nəsir müəllim, baş üstə! -  Bunu deyib dəstəyi yerinə qoydu və mənə dedi ki, ikimizi də yanına çağırır. Getdik redaktorun kabinetinə.

- Şakir, mən zəng vuranda yaxşı eşidirdin, eləmi?

- Bəli, bəli...

- Sən də zəng edəndə mən əla eşidirdim. Belə olan halda nəyinizə lazımdır təzə telefon aparatları? Mayor müəllimə sifariş vermisiniz. Bu israfçılıqdır! Dövlət malına belə münasibət yaramaz!

Buna bənzər bir əhvalat da olmuşdu. Mayor müəllim hər ay müxtəlif ləvazimat almaq üçün nəşriyyatın təchizat şöbəsinə sifariş yazırdı. Redaktor bu sifarişə dərkanar qoyanda gözü üç ədəd rezin pozana sataşdı.

- Mayor müəllim, bu pozanların biri bir qəpikdir. Ayıb deyil, bunu siyahıya salmısan?

- Nəsir müəllim, bu makinaçılar məni rahat buraxmırlar, hər gün rezin pozan istəyirlər...

-  Onlara de ki, elə yazsınlar ki, pozmağa ehtiyac olmasın!

Ardı olacaq...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi