Bu gün dünya miqyasında tanınan alim, adına kiçik planet olan professor Əyyub Quliyevin 60 yaşı tamam olur. Qeyd edək ki, alim N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvüdür. Dünya miqyasında tanınan alim Modern.az-a öz doğum günü təəssüratlarını bölüşüb:
“Təbriklərə görə sizə və redaksiyanıza çox təşəkkür edirəm. Elmi fəaliyyət çox məhsuldar şəkildə davam edir. Hazırda elə fəaliyyət məqsədilə xaricdəyəm. Elə bu səbəbdən də çox danışa bilmirəm. Həm də xaricdə olduğumdan istəmirəm ki, konturunuz çox getsin. Bir daha təşəkkür edirəm”.
Qeyd edək ki, professor Əyyub Quliyev 1997-ci ildən Şamaxı Astrofizika Rəsədxanasına rəhbərlik edir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Günəş sistemi cisimləri üzrə mütəxəssisdir, 152 elmi və 100-dək elmi-kütləvi məqalənin, 3 monoqrafiyanın müəllifidir .
Astronomiyanın inkişafındakı xidmətlərini nəzərə alaraq 2007-ci ildə Beynəlxalq Astronomiya İttifaqı ABŞ-ın Harvard Rəsədxanasında kəşf olunmuş kiçik bir planetə (18749 saylı, ayyubguliev) alimin adını verib. Eləcə də Ə.Quliyevin təşəbbüsü ilə daha üç kiçik planetə Nizami, Tusi və Cavid adı verilib.
Elmin Nuri