Modern.az

Nağaraxana, Dədəgünəş və Məlhəm - Arif Quliyevlə atüstü MÜSAHİBƏ

Nağaraxana, Dədəgünəş və Məlhəm - Arif Quliyevlə atüstü MÜSAHİBƏ

Ədəbiyyat

9 İyun 2014, 23:28

Təxminən, bir ay öncə, ilıq may günlərinin birində təsadüfən Şamaxıda rastlaşdıq. Bəli, qəflətən dostum Akifin işlətdiyi kafeyə kim daxil olsa yaxşıdır? Görkəmli gülüş ustası, respublikanın xalq artisti Arif Quliyev. Və məşhur “Salam. Sağ ol” ifadəsinin daşıyıcısı Arif köhnə tanışı Akiflə görüşüb-öpüşdükdən məlum oldu ki, onun avtomobilində 2 toyuq 4 saatdır ki, havasızlıqdan bihuş hala düşüb. Sürücü Akifin verdiyi küt bıçağı ölüm ayağında olan çil toyuğun boğazına dirədi və üzü qibləyə yox, Pirdirəkiyə tutub kəsməyə başladı. Dərhal biçarə toyuğu ondan alıb üzü qibləyə tutdum və “Bismillahir-Rəhmani Rəhim”in köməkliyi ilə murdar olmaqdan xilas elədim. Toyuğu cənnətə vasil eləyəndə ağlıma gəldi ki, Arif Quliyevdən ayaqüstü müsahibə də alım. Daha bir gülməli hal bundadır ki, ayaqüstü müsahibə Şamaxı-Pirqulu yolunda avtomobilin oturacağında alındı.

Xalq artisti Arif Quliyev “XX-XXI əsrin yaradıcı və ziyalı insanları” adlı kitabda özünə aid səhifədəki yazını bütövlükdə mənə təqdim etdi. Beləliklə, vaxta xeyli qənaət olundu. Yəni, onun geniş, çoxəhatəli tərcümeyi-halı barədə zaman sərf eləməyə ehtiyac qalmadı. Qoy hörmətli oxucu da həmin yazı ilə dərhal tanış olsun:

“Arif Əli oğlu Quliyev 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun “Dram və kino aktyorluğu” fakultəsinə daxil olmuşdur. 1968-ci ildə təyinatla Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında çalışmağa başlamışdır. 1970-1972-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakultəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrında işə başlamışdır.

A.Quliyev müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, “Təzə gəlin”), Salyanski (F.Əmirov, M.Əlizadə, “Gözün aydın”), Əli (M.Şamxalov, Z.Bağırov, “Qaynana”), Dursun (S.Rüstəmov, “Durna”), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, “Gurultulu məhəbbət”), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, “Özümüz bilərik”), Dursunov (S.Rəhman, E.Sabitoğlu, “Hicran”), Tofiq (Ş.Axundova, N.Gəncəli, “Ev, bizim, sirr bizim”), Hambal (Ü.Hacıbəyov, “Məşədi İbad”), Mirzəqulu (Hidayət, “Durnalar qayıdanda”), Səbzəli (M.Haqverdiyev, “Məhəbbət, şeytan və ağ ölüm”) kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir. A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarımştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazlar A.Quliyevin yaradıcılıq potensialının zənginliyini ifadə edir.

1988-ci ildə Respublikanın Əməkdar artisti, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. “Qızıl Dərviş” və “Humay” mükafatları laureatıdır. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür”.
           
Xalq artisti Arif Quliyevlə müsahibənin ərsəyə gəlməsi Şamaxıdan Pirquluya qədər 15-20 dəqiqəlik səmimi yol yoldaşlığının adi söhbətindən bəhrələnib.

Müxbir: - Arif müəllim, Şamaxı Sizin üçün hansı dəyəri daşıyır?

Arif Quliyev: - Şamaxı şəxsən mənim üçün qədim tarixi olan mədəniyyət mərkəzi, mütəfəkkirlər ocağı və Allahın möcüzəsi dərəcəsində sayılan gözəlliklər diyarıdır. Bu məmləkət öz ziyalı mühiti, bəşəri fikirləri və “Ədəb yurdu” titulu ilə nəinki Azərbaycanda, nəinki müsəlman Şərqində, bütün dünyada ta orta əsrlərdən bəri tanınmaqdadır. Bəşəriyyətə bu vaxta kimi bəlkə də Şamaxı qədər dahi şəxsiyyət bəxş edən diyar olmayıb. Onun özəlliyi həm də təbii gözəlliyindədir. Estetik baxımdan misilsiz olan Şamaxı bu gün də turizm potensialı ilə diqqəti cəlb edir. Qısası, mən Şamaxını çox, lap çox sevirəm.

Müxbir: - Yəqin ki, bu sevginin xatirələrlə tarixləşən kökləri var...

Arif Quliyev: - Bakıda doğulduğum sizi çaşdırmasın. İlk uşaqlıq və yeniyetməlik illərim Şirvan (Əli-Bayramlı) şəhərində keçib. Məhz həmin şəhərdəki internat məktəbinin 8-ci sinfində oxuyarkən yay tətilində Şamaxının Nağaraxana kəndindəki pioner düşərgəsində olmuşam. Bu, mənim kənar bölgəyə ilk çıxışım idi. Və həmin “ilk” mənim üçün bir çox “ilk”lərin başlanğıcı oldu. Məsələn, məşhur aşıq Şakiri ilk dəfə bu rayonda gördüm və dinlədim. Hə, o vaxt Nağaraxanada eşitdim ki, aşıq Şakir Dədəgünəş kəndində toy aparacaq. Kəsə yolla ora getdim və seyrçisi oldum. Ucaboylu, yaraşıqlı kişiydi. İfasına isə söz ola bilməzdi.
Ötən əsrin 80-ci illərində isə Şamaxının Məlhəm kəndində görkəmli rejissor Vaqif Mustafayevin və Osman Mirzəyevin “Bəyin oğurlanması” filmi çəkilirdi. Mən dostum Səməndər Rzayevi görmək üçün Məlhəmə gəldim. Bu zaman məni də həmin filmə çəkmək həvəsinə düşdülər və Miriş obrazı yarandı. Həm də məşhur “Salam. Sağ ol.” - ifadəsinin təməli qoyuldu. Beləliklə, böyük ekrana ilk çəkilişim də Şamaxıda baş tutdu. Bu, mənim sənət həyatımda dönüş, həm də uğurlu dönüş idi. Hərçənd ki, o vaxta qədər ən azından “Mozalan” satirik jurnalında 30-a qədər obraz yaratmışdım. Hə, onu da unutmayaq ki, regiondan Bakıya ilk qayıdışım da Şaamxıdan olub.

Və “əvvəli ağlamalı, dalı gülməli” sonluq

Bu müsahibənin qələmə alındığından üç gün keçməmişdi ki, televiziyadan bir qara xəbər yayımlandı: “Respublikanın Xalq artisti Arif Quliyev kino çəkilişində olduğu Şamaxıdan Bakıya qayıdarkən dünyasını dəyişib...”.

Və düşündüm ki, Şamaxı doğrudanmı, Arif Quliyev üçün bu qədər əlamətdar ünvanmış? Bakıya ilk qayıdığı da, son dönümü də Şamaxıdan oldu...

Axşamüstü məlum oldu ki, xəbər boş bir yalanmış. Mən dərhal ona zəng etdim və səsini eşidəndə hələlik son sualımı verdim...

Müxbir: - Arif müəllim, hansı dünyadan danışırsan?

Arif Quliyev: - Hər axmağa fikir vermə...

Daha bir “Salam. Sağ ol”.

Salam, Arif Quliyev!

Arif Quliyev, sağ ol!

Fəxrəddin Orxan  

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi