(İçsəs)
İnam – gerçəkləşmədir, inamsızlıq – gerçəksizlik.
***
İnanan – gerçəkliyi yaradır, inanmayan – gerçəkliyi itirir.
***
İnandığımız hər şeyi gerçək görmək istəyirik. Gerçək gördüyümüz hər şeyə inanırıq.
***
İnanmasan – gerçəkləşə bilməzsən, gerçəkləşməyincə – inana bilməzsən.
***
İnandığımızda gerçəkləşmək istəyirik.
***
İdeala inanırıq – ideal vasitəsilə gerçəkləşmək istəyirik.
***
Nəyə inanırıqsa – inamımız qarşılığında özümüzü var bilirik.
***
İnanmadığımız nəsnədə varlığımızı görmürük.
***
İnamlı – inam imkanını yeniləyən, yüksəldən.
***
İnamsız – inam imkanı olmayan, inanmağa gücü çatmayan, təsəlliyə bel bağlayan.
***
İnanmaq – umacaqsız doğmalıqdır: sənə inanmayana da inanırsan.
***
İnanmamaq – umacaqlı doğmalıqdır: sənə inanmayana inanmırsan.
***
Dünyaya inamın yoxdursa – yaşamağın mənası yoxdur.
***
Mütləqə İnam – dünyaya yetkin inam yoludur.
***
İnam mütləqliyinə yetməyən – dünyaya mütləq inana bilməz.
***
İnanmaq – inandığını gerçəkləşdirməkdir: yazılan şeir – tapdığın mənanı gerçəkləşdirməkdir; oxunan musiqi – duyduğun, sevdiyin mənanı gerçəkləşdirməkdir; gedilən yol – məna saydığın məqsədi gerçəkləşdirməkdir.
***
İnana bilməmək – gerçəkləşdirə bilməməkdir. Gerçəkləşdirə bilməmək – inana bilməməkdir.
***
Nəyə inanırsan – onu var bilirsən, var bildiyində gerçəkləşirsən.
***
İnamsızın dünyaya münasibəti şübhəylə başlayır, şübhəylə bitir.
***
İnsanlararası ən ali münasibət – inamdır.
***
İnsanlararası ən adi münasibət – inamsızlıqdır.
***
İnamsızlıq – ən çirkin bayağılaşma, hərcayiləşmədir, fərdin qabarıq ruhsal çatışmazlığı, yazıqlığı, gücsüzlüyüdür.
***
İnamsızlıq – həqiqətsizlik boşluğuna düşməkdir: inanmadığında həqiqəti görə bilməzsən.
***
İnandığını var edirsən – ona görə yaşayırsan, inanmadığını yox edirsən – ona görə ölürsən.
***
İnanmadığın – ölmür, de gəl, inanmadığına görə ölürsən.
***
Diri – dünyaya inam imkanı olan, ölü – dünyaya inam imkanı olmayan.
***
Gerçəklikdən üstün olmayan – inandığını gerçəkləşdirə bilməz. Ona görə ki, inanmaq gerçəklikdən üstünlükdür, onu ötməkdir.
***
İnam – varlığa insani yanaşmanı, yəni insanlığı gerçəkləşdirmədir.
***
İnamın nə boydadırsa – inandırıcılığın da o boydadır.
***
İnanmaq – varlığı ən uca dəyərləndirmədir.
***
Yetkin inamlı – başqalarını özünə inanmağa borclu bilməyəndir, başqalarına inanmağa borclu olandır.
***
İnamlı olmaq – həqiqət, məna qaynağı olmaqdır, hamıya umacaqsız, sınırsız inam bəsləməkdir.
***
İnam qaynağı olmaq – hamı üçün əlçatmaz olmaqdır.
***
Dünya inam qaynağıdır, ona görə hamı üçün əlçatmazdır.
***
Gerçəkləşməyən – dəyərləndirilə bilməz.
***
Mahiyyəti gerçəkliyinə görə dəyərləndirir, sevirik.
***
İşdə gerçəkləşməyən iç – həqiqi dəyərdən uzaqdır.
***
Bütün yaxşı işlər – inamın, bütün pis işlər – inamsızlığın gerçəkliyidir.
***
Mütləqə İnam – insan inamının mütləqliyidir.
***
İdrakın mütləqliyinə yetməyən – inamın mütləqliyinə yetə bilməz.
***
İdrakın mütləq həddi – inamın mütləq həddidir.
***
Ruhsal idraka yetməyən – ruhsallığı yaşaya bilməz.
***
Mənəviyyatın və iradənin özülü – inam və idrakdır.
***
Mənəviyyatsızlıq və iradəsizliyin kökündə inamsızlıq və idraksızlıq dayanır.
***
İnama və idraka yetməyən – mənəviyyat yanğılısı ola bilməz.
***
İnam və idrak – varlıqdır, inamsızlıq və idraksızlıq – yoxluqdur.
***
İnanan və dərk edən – varlığı tapır, inanmayan və dərk etməyən – yoxluğa düşür.