Yenə qurultay yaxınlaşır. Yazıçıların ən sevimli bayramı. Sovet dövrü lap keyfdəydik. Qurultaydan iki gün qabaq Heydər Əliyev bütün yazıçıları bir zala yığardı. “Kimin nə problemi var?” deyə sual verərdi. Hərənin ağzından bir avaz gəlirdi. Hamısına da diqqətlə qulaq asıb yoluna qoyardı. Ki, qurultayı bazara döndərməsinlər.
Qurultaya bir gün qalmış isə görkəmli yazıçılarımızı qəbul edirdi. Dinləyirdi. Birində mən də iştirak etmişdim. Bəxtiyar dedi ki, bəs mollalar yaman qudurub. Heydər müəllim də cavab verdi ki, maşınla dalıyca gedib gətirirsiniz, məclisin yuxarı başında otuzdurursunuz, qəbir üstünə gedəndə ən yaxşı maşında qabaqda əyləşdirirsiniz, yola salanda da cibinə pul basıb, hələ ehsandan pay da qoyursunuz. Sonra da mənə deyirsiniz ki, mollalar qudurub. Çağırmayın, qudurmasınlar.
Bir görkəmli yazıçımız, deyəsən Mirzə İbrahimov idi. Dedi ki, xaricdəydim. Bir gözəl mədəni yer gördüm. Elə bildim ki, mağazadır. Dedim girim uşaqlar üçün pay-puş alım. İçəri girəndə nə görsəm yaxşıdır? Demə bura ictimai tualet imiş. Bakıda da bu cür tualetlər tikmək lazımdır.
Mən də durub Nəsiminin Hələbdəki məzarını ziyarətə gedən vaxt SSRİ-nin Suriyadakı səfiri Keşokovun Heydər Əliyevə 1974-cü ildə göndərdiyi salamı 1976-cı ildə sahibinə çatdırdım. Nə isə. Hər şeydən danışdıq, təkcə ədəbiyyatdan başqa.
Çünki o vaxt yazıçılar ədəbiyyatdan danışmırdılar, ədəbiyyat o qədər güclü idi ki, özü hər gün danışırdı. Qurultayda ondan danışmağa ehtiyac qalmırdı. Yox, elə bilməyin ki, problem yox idi. Var idi. Məsələn, biri deyirdi ki, Moskvadakı qurultaya niyə axı mən nümayəndə kimi yox, həmişə qonaq qismində getməliyəm. Mən də “deleqat” olmaq istəyirəm, mandat qaldırmaq istəyirəm. Yaxud da ki, kitabım gələn ay çıxır, “Azərbaycan” jurnalı isə 3-4 aydır ləngidir ki, kitab çıxandan sonra bəhanə eləyib çap eləməsin, filan qədər də pul arada batsın.
Qurultay günü isə Heydər Əliyev gəlib şəxsən otururdu rəyasət heyətində. Ta qurultay qurtaranacan, səsvermə bitənəcən, bəzən gecə saat 1-in yarısınacan. Çünki, yazıçıları çox sevirdi. İstəmirdi ki, hər hansı bir sözə görə sonra cavab versinlər. O qədər xatirələr var ki. Arada yada salıb danışırıq.
İndi sizdə qurultay yaxınlaşır. Haqq dünyasında qurultay-zad yoxdur. Özümü Axirət dünyası Yazıçılar Birliyinin sədri elan eləyib oturmuşam yerimdə. Sağ olsunlar, dəyib toxunan yoxdur. Niyə də dəysinlər, axı. Hökumət maşınım yox, 4 nömrə hökumət telefonum yox, deputat seçmirlər, fəxri ad üçün təqdimat yazmıram, ev növbəsinə götürmürəm, mükafat siyahısına ad salmıram, gənc yazıçılar da yoxdur ki, savaşım. Çünki hamımız yaşlıyıq. Büdcədən də pul ayırmırlar ki, qəzet-jurnallara bölüşdürüm. Sadəcə quru adım var.
Elə bilməyin ki, burdayıq deyə sizinlə maraqlanmırıq. Qurultayqabağı biz də yığışdıq. Müzakirə etdik ki, kim sədr olsun? Vurduq, çıxdıq yenə də Anar uyğun gəldi. Yox, Rəsulla, Nigar cınqırların da çıxartmadılar. Sadəcə məmnun oturub tamaşa edirdilər. Səsə qoyduq. Hamı Anarın namizədliyini dəstəklədi. Bircə nəfərdən başqa. Heç atası Süleyman Rəhimova da qulaq asmadı. Yəqin başa düşdünüz də... Şamo Arifi deyirəm.
Mahir, oğlum, bizim bu qərarımızı yazıçılarımıza da çatdır. Çox dağa-daşa düşməsinlər, elə Anar deyib dursunlar. Yazıçıların birliyi xatirinə. Seçiləcək birinci katib də qoy varis olsun. Yəni ki, gələcək sədr. Fikrət Qoca yəqin ki, inciməz məndən.
Mahir, sən özün də Anara səs ver. İncikliyi qoy kənara. Nə olsun ki, Yazıçılar Birliyinin üzvü deyilsən. Axı, mənim varisimsən. Mandat qaldırma, əlini qaldır. Özün də bilirsən ki, ilk gündən Anara həmişə arxa olmuşam, dəstəkləmişəm.
Bu qədər. Hamınıza uğurlar. Birliyimizin də yubileyi mübarək. Növbəti qurultayda görüşənədək.
Hörmətlə: Axirət dünyası Azərbaycan Yazıçılar İttifaqının adından - QABİL
16 iyun 2014-cü il