Modern.az

“Məşhurların sevgi hekayələri” - İsmayıl Şıxlının tanış etdiyi İsa və Firuzə Muğannalar

“Məşhurların sevgi hekayələri” - İsmayıl Şıxlının tanış etdiyi İsa və Firuzə Muğannalar

21 İyun 2014, 09:44


Modern.az
saytı “Məşhurların sevgi hekayələri” rubrikasında mərhum xalq yazıçısı İsa Hüseynov (Muğanna) və Firuzə Hüseynovanın qanlı müharibə illərindən başlayan və yalnız bu ilin aprelin 1-də sona çatan uzunömürlü sevgi xatirələrindən söhbət açacaq.

Firuzə xanımla İsa Hüseynov əslində xalaoğlu - xalaqızı olublar.  Lakin həm o dövrün ailə - əxlaq kultları , həm də İsa ilə Firuzənin  daxili mənəvi dəyərləri sevgi anlamını yaxına buraxmayıb. Sonradan vaxt keçib, vədə ötüb. Zaman elə bir axara baş qoşub ki, bu məqamda insanlar ancaq yaşamaqla məşğul olublar. Daha doğrusu yaşamaq onların yeganə missiyası olub. Bəli, o zaman II Dünya müharibəsi başlayır. Firuzə xanımın zonada sayılıb-seçilən rəhbər işçilərindən olan atası və İsa Muğannanın ilk müəllimi, hörmət-izzətdə bacanağından geri qalmayan atası Mustafa müəllim davaya gedirlər. O ağır illər haqqında danışmaq üçün Firuzə xanım xatirələrindən boylanır:

“O vaxt İsa Bakı Dövlət Universitetində, mən isə Azərbaycan Tibb Universitetində oxuyurdum. Tanış olmağına tanış idik. Çünki, İsa mənim xalam oğlu idi. Ancaq bizim münasibətimizi yaxın edən İsmayıl Şıxlı oldu. O, İsanın qələm yoldaşı idi. İsmayıl Şıxlı həm İsanı, həm də məni çox istəyirdi. Eyni zamanda o, əsgərlikdən gələndə mən 10-cu sinifdə oxuyurdum. Mənə də dərs keçirdi. Onun sayəsində bizim münasibətimiz daha da yaxşılaşdı. Yaxşı ki, İsa ilə münasibətlərimiz yarandı. Çünki çox yaxşı insan idi. İsa ilə sevib ailə qurduq. Aramızda 2 yaş fərq var. Ancaq bizim çox çətin günlərimiz olub. O günlərə baxmayaraq, həmişə bir-birimizin yanında olduq.

Hər ikimizin də atası 1941-45-ci illərdə müharibəyə getdilər. Mənim atamın Qazaxda böyük vəzifəsi var idi. Həm Kənd təsərrüfatı texnikumunun direktoru idi, həm də raykomda şöbə müdiri idi. Anam isə müəllimə işləyirdi“.

Onların arasında o çağdan başlayan sevgi ta İsa Muğannanın ölümünə qədər davam edir. Mərhum yazıçı özü istər televiziya,  istərsə mətbuatdakı çıxışlarında bütün uğurlarının kökündə yalnız Firuzə xanımı görürdü.

“Bəxtim onda gətirdi ki, bu həyatı Firuzə ilə yaşadım” deyərdi tez-tez. Onların hər ikisi öz ailələrinin böyük övladları idilər. Odur ki, başsız ailənin bütün yükü yalnız bu iki nəfərin çiyninə düşürdü. Yazıçı özünün müharibə illərinə həsr etdiyi “Saz”, “Teleqram”, “Tütək səsi” kimi əsərlərdə bu çətinlikləri obrazların dili ilə təsvir edib. Biz isə Firuzə xanımın dilindən o çətinliklərə nəzər salaq:

“İsayla o qədər ağrılı-acılı günlər  gördük ki... İsanın da,  mənim də atam müharibəyə gedib qayıtmadılar. Davud Nəsib adında şair var idi, tanıyırdınızmı? Bax, o, kiçik qardaşım idi. Atam elə onun ancaq üzünü  görə bildi. Onların  evində İsa böyük uşaq idi, bizim evdə də mən. Onların hamısını böyüdüb ali təhsil verdik,  ailə sahibi elədik. Amma demək olar ki, indi onların böyük əksəriyyəti dünyadan köçüb. Mən bilmirəm nədir günahımız ki, onlar bizdən qabaq köçdülər, axıra qalan biz olduq.

Biz 7 uşaq idik. Hamısından böyük mən idim, ancaq hamısından axıra qalan və gec ailə quran mən oldum. Bir bacım Nəbi Xəzri, bir bacım da professor Cəlal Abdullayevlə ailə qurdu”.

Firuzə xanım təkcə onlara analıq etməyib. İsa Hüseynovla ikisi tanıdığımız çox yazıçı və şairə əl tutublar. O zaman övladları yox idi. Onun  əvəzinə hər ikisi hər bir gəncə valideyn qayğısı ilə yanaşırdılar. Övladın olmaması onların arasında heç bir mübahisə, umu-küsüyə yol açmır. Onsuz hər dəqiqə bir yerdə mübarizə aparırdılar.

Aprelin 2-də İsa Muğanna ilə vidalaşan zaman Firuzə xanımın cənazəyə yaxınlaşaraq sakit tərzdə nəsə deməsi yadımdan çıxmır. İndi də çalışıram, cəhd edirəm ki, o zaman görəsən Firuzə xanım İsa Muğannaya o cür sakitlik və əminliklə nə dedi. Telefonda soruşmağa da ürək eləmədim. Çünki çox kövrəlmişdi. Yəqin, dediyi sözlər arasında “özündən muğayat ol”  ifadəsi də var idi.
Burada Firuzə xanım İsasız birtəhər dözür. Qızının və nəvələrinin yanında bunu bacarır. Orada atalarının yanında İsa Firuzəsiz  necə qalır, necə bacarır, bu elə Firuzə xanımın özünə də çox maraqlıdır...

Elmin Nuri
Ulduz İbrahimova

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi