Fəxrəddin Orxan
Bu günlərdə məşhur elm ünsürü Alim Biəməllə görüşdüm. Fürsəti fota verməyib ondan eksklüziv müsahibə aldım.
Müxbir: - Yoldaş Gülümsərovun ən layiqli davamçısına eşq olsun! Kişi, haralarda olursan? Niyə gözə dəymirsən?
Alim Biəməl: - Ayə, bütün millət bilir ki, mən “Qədim atalar sözlərinin müasir şərhi” mövzusunda doktorluq dissertiyası yazıram. Başın haqqı, başım elmi araşdırmalara elə qarışıb ki, başımı qaşımağa vaxt da tapmıram.
Müxbir: - Araşdırmaların ucundan-qulağından bizə də anlat.
Alim Biəməl: - O da baş üstə. Mən deyim, sən yaz.
1. “Aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı.”
Kiçik məmur cənab Qaqaşov ayın başında dözlət büdcəsindən oğurladığı və işçilərin maaşından kəsdiyi pulları cibinə qoyub gedir böyük məmur cənab Dadaşovun qulluğuna. Ordan çıxıb evlərinə dönəndə baxır ki, cibində bir qəpik də qalmayıb.
2. “Eşşək nə qanır ki, zəfəran nədir?”
Yəni, Danabaş kəndinin bələdiyyə sədri Xudayar bəy demokratiyanın nə olduğunu bilməyib, bilmir və bilməyəcək.
3. “Nəfsi Həzrət Əlinin qılıncından da itidir”
Bax, bu atalar sözü müasir məmurlarımızın tərcümeyi-halında “həbsdə və xaricdə olanı yoxdur” cümləsini əvəz eləyir. Vəzifədə böyümək üçün əsas arqumentdir.
4. “Sağ əlin verdiyini sol əl bilməli deyil”
Bu dəyərli kəlam isə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparanların “İnsaf” nizamnaməsinin əlavə bəndidir. Milli mentalitetimizə uyğun qəbul olunub.
5. “Kor kora kor deməsə bağrı çatlayar”
Rüşvətxor hakim rüşvətxor məmura həbs qətimkan tədbiri seçəndə adamların biri-birinə göz vurub ürəklərindən keçirtdikləri atalar sözüdür ki, günümüzdə çox aktual səslənir.
6. “Evində yox urvalıq, könlündən keçir darğalıq”
Bu atalar sözü də akademik olmaq istəyən savadsızlara, Hacı adını almaq istəyən allahsızlara, istedadsız şairlərə, müğənnilərə, vecsiz vəzifə sahiblərinə, arı kimi güldən şirə çəkib bal istehsal eləmək arzusuna düşən, lakin qanqal yeyib peyin buraxan uzunqulaqlara aiddir.
7. “Toyuq qaz kimi yerimək istədi, öz yerişi də yaddan çıxdı”
Yəqin özün bilirsən də, ayə, Azərbaycan Avropaya inteqrasiya eləyəndən sonra mənəviyyatımızda aşınmalar, bəzi yerlərimizdə qaşınmalar başlandı. Allah axırını xeyir eləsin.
8. “Arığın qoruqda nə işi var ki, vurub qıçını sındırdılar”
Bu atalar sözü əslən şamaxılı olan və vurulub kənara atılan sabiq vəzifə sahiblərinə, eləcə də perspektivli kadrlara aiddir.
9. “Azacıq aşım, ağrımaz başım.”
Elə bu söz də yuxarıdakılara ünvanlanıb.
10. “Saxla samanı, gələr zamanı.”
Vallah, elə bu söz də...
11. “Quş quşluğa qonar, daş daşlığa yağar”
Qardaşım, bu atalar sözündən yerlipərəstlik qoxusu gəlir. Mənasını açsam öldürərlər, açmasam ölərəm.
12. “Getdim kabab qoxusuna, gördüm ki, eşşək dağlanır”
Bu isə sırf siyasətə yönəlikli atalar sözüdür. Belə ki, müstəqil olandan Qarabağ eşqiylə çox beynəlxalq təşkilata baş vurmuşuq. Hələ ki, bir faydası yoxdur. Yəqin, Avrasiya birliyində də Orta Asiya eşşəklərini dağlayacaqlar.
13. “Kabab tüstüsü göz çıxartmaz”
Şərhə ehtiyac yoxdur. Kabab tüstüsü göz çıxartsaydı məmurlarımız kor, oğulları Koroğlu olardı.
14. “Şamaxı batan kimi batdı...”
(Yenə də qaldı gələn sayımıza.)