“Özüm də həmişə bu barədə düşünürəm ki, doğulduğum və bu gün işğal altında olan kəndə getmək lazımdır. Yuxularımda da tez-tez ora üz tuturam”.
Bunu Modern.az-a son bir neçə gündə ermənilərin girov götürdüyü Kəlbəcər sakinləri ilə bağlı açıqlamasında yazıçı-publisist, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli deyib. O, həmin insanların hisslərini anladığını dilə gətirib: “Çox acı bir həqiqətdir ki, insanlar doğulduğu yerlərə getmək istəyirlər”.
2010-cu ildə yazdığı “Gözlərinə gün düşür” hekayəsinə nəzər salan E. Hüseynbəyli əsərdəki hadisələrin bu gün baş verdiyini vurğulayıb:
“Demirəm ki, hekayəm öncə görümdür, uzaqgörən yazıçı fəhmidir. Bu reallıq və gerçəklikdir ki, insanlar doğulduqları yerdə ölməlidirlər. İndi bu müharibə şəraitində olmalıdırmı, gedib döyüşməlidirlərmi, ya düşməni öldürüb yerlərinə qayıdıb öz əcəlləri ilə ölməlidirlər, yaxud da ki, bax belə xırda dəstələr halında, fərd halında qurbanmı getməlidirlər. Hekayəm bir yazıçı təxəyyülünün məhsuldur. Amma oradakı hadisələr bu gün baş verir. Mənim də qəhrəmanım, işğal altında olan torpaqlarımıza getmişdi və atasının məzarı üstündə vəfat etmişdi”.
Yazıçının fikrincə, bütün qaçqın və məcburi köçkün olmaq eyni hissləri yaşamaqdır: “Talelər eynidir, insanları birləşdirən, eyni hissləri yaşadan bir situasiyadır. Münaqişə hər-hansı bir yolla həll olunmalıdır. İstər güzəştli, istərsə də müharibə yolu ilə. Atəşkəsin üstündən 20 il keçib və bu istiqamətdə, yəni torpaqlarımızın geri qaytarılması istiqamətində irəliləyiş yoxdur. Danışıqlar hələ ki, bir nəticə verməyib. Ermənistan öz işğalçı siyasətini davam etdirir. Torpaqlarımız işğal altındadır, insanlarımız öz yerindən, yurdundan ötrü darıxırlar. Ora qayıtmaq istəyirlər demək olar ki o yerlərlə yaşayırlar. Ona görə də bu cür hadisələr baş verməlidir”.
Rüfanə GÜNƏŞ