Modern.az

Ziya Bünyadovun tələbəsi Kazan Universitetində elmlər doktoru oldu

Ziya Bünyadovun tələbəsi Kazan Universitetində elmlər doktoru oldu

17 İyul 2014, 11:06

Moskvada -  dünyanın ən böyük meqapolislərindən birində kiçik bir Azərbaycan var. Təbii ki, qürbətdə qurub yaratdığımız bu “kiçik” Vətənimizin öz ziyalıları, müəllimləri, həkimləri, şair və rəssamları da vardır... Onlar Azərbaycanın adını yaşatmağı, öz hərəkət və davranışları ilə xalqımızın başını uca etməyi, incəsənətimizi və ədəbiyyatımızı qəriblikdə böyütməyə məcbur olduğumuz gəncliyimizə aşılamağı, eləcə də rus xalqına millətimizin gözəl adət-ənənələrini sevdirməyi özlərinə borc bilir və bu məsuliyyəti çiyinlərində şərəflə daşıyırlar.

Belə ziyalılarımızdan biri də, Azərbaycanın görkəmli tarixçisi, mərhum Ziya Bünyadovun tələbəsi, gözəl şair, publisist, Beynəlxalq Yazarlar və Publisistlər Assosiasiyasının üzvü, Moskva Şəhriyar Ədəbi Mədəni Cəmiyyətinin sədr müavini Əşrəf Hüseynlidir.

Əşrəf bəy yüzlərlə şeirin, çox sayda publisistik yazıların və eləcə də, monoqrafiyaların müəllifidir. Onun yaratdığı söz inciləri, nəinki qürbətdə yaşayan soydaşlarımızın, eləcə də Vətənimizdə neçə-neçə insanın dilinin əzbəridir. Onun vətənpərvərlik ruhu daşıyan poemaları Moskva səhnələrində öz ana dilimizdə səslənərək qəlbimizi fərəhlə doldurur:

“Səma intəhasız, kainat dərin...
Arzuya çatmağa zaman varmı ki?
Əlində qalmışam qəmin, kədərin,
Sənə qovuşmağa güman varmı ki?..”

Bu günlərdə xalqımızın dəyərli oğlu, gözəl alimimiz Əşrəf Hüseynli Kazan Dövlət Unuversitetində tarix elmləri doktoru dərəcəsini alıb. Onun, “Miskin Abdal və Ərəb xilafətinin tarixçəsi “ adlı elmi işi Rusiyanın bir çox görkəmli alimləri tərəfindən yüksək qiymətləndirilib.

Biz öz dostumuzu, qardaşımızı, Azərbaycanın adını vətəndən uzaqlarda yaşadan və dəyərləndirən hörmətli alimimizi ürəkdən təbrik edir, ona daha böyük uğurlar arzu edirik!

Afaq Şıxlı
Moskva

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi