Modern.az

“Mini müharibə” bizə nə verdi: təlaş, yoxsa döyüş ovqatı? - RƏYLƏR

“Mini müharibə” bizə nə verdi: təlaş, yoxsa döyüş ovqatı? - RƏYLƏR

5 Avqust 2014, 10:04


Üç gün davam edən sürətli atəşkəs pozuntusu cəmiyyətdə hansı ovqat yaratdı: təlaş, yoxsa döyüşkənlik? Modern.az saytı bu məqsədlə psixoloq və köhnə döyüşçüdən aldığı açıqlamaları sizlərə təqdim edir.

Elnur Rüstəmov (psixoloq): “Son günlər baş verən hadisələr insanların bir məqsəd uğrunda birləşə biləcəyini ortaya qoydu. Ancaq bu durumdan öz mənafeyi naminə istifadə etməyə çalışan üzdəniraq adamlar da oldu. Ümumən cəmiyyətin bir qismi bəzən sevinmək amilindən özlərini məhrum etdilər. Elələri var idi ki, hətta şən, ritmik musiqilərə də qulaq asmırdı. Ancaq çoxluq hərbi vətənpərvərlik musiqilərini dinləyirdi. Bütün bunlar insanların bir məqsəd altında birləşməyə qadir olduğunu göstərdi. Ancaq bir əsas məsələ var ki, qətiyyən emosiyalara qapılmaq olmaz. Çünki savaşın bir forması da kompüter arxasında gedən informasiya müharibəsidir. Belə məqamlarda şəxsi mənafelərə aludə olub emosional hərəkət etmək olmaz. Çünki burada söhbət bir xalqdan bir millətdən gedir. Savaş üçün önəmli olan soyuqqanlı olmaqdır. Əgər biz soyuqqanlı olacağıqsa inanıram ki, müsbət nəticə ala biləcəyik. Bu gün bizim ordumuz yüksək hazırlıq səviyyəsindədir, onlara əlavə köməyimiz onsuz da lazım deyil, özləri bizsiz də bacaracaqlar. Amma biz də informasiya savaşında səhv qərarlar qəbul edib onlarda çaşqınlıq yaratmayaq. Bəzi saytlar xəbər portalları öz “IP”lərini artırmaq hesabına yanlış informasiyalar yazırlar. Eybi yox, sən bir həftə reytinqdə geri düş, amma səhv informasiya vermə. Çünki burada söhbət vətəndən millətin mənafeyindən gedir.

Dəyanət Rzayev (psixoloq):Kraterin kənarında dayanıb vulkana baxmaqla televizorda vulkana baxmağın arasında çox fərq var. Adam hər iki halda tamamilə fərqli hislər keçirir.  Bu məsələlər də belədir. Bir var burda oturub rahat - rahat danışasan, bir də  var ki, hadisələrin içində olasan. Hadisələrin içində olarkən tamam fərqli şeylər hiss edəcəkdik. İnsanlarda psixoloji göstəricini yaradan səbəblərdən biri də hazırda ələ düşən yüksək şansla bağlıdır. Bildiyimiz kimi, ermənilərin əsas havadarı olan Rusiyanın başı Ukraynaya qarışdığından o hadisələrə müdaxilə edə bilmir. Belə olan halda bizim ordunun Qarabağın içərilərinə getmək şansı çoxalır. Bu da əslində cəmiyyətdə müsbət ovqat yaradıb.  Amma bu məqamda mən peşəkar ordunun tərəfindəyəm. Çünki onlar həm peşəkardırlar, həm buna görə maaş alırlar, həm də vətənpərvərlik hisləri çox güclüdür. Yoxsa ki, 18 yaşlı uşağın orada döyüşməsinin tərəfdarı deyiləm. Çünki 10 peşəkar öz işini 100 uşaqdan daha yaxşı görəcək. Mənim 44 yaşım var, sovet ordusunda xidmət etmişəm, orada öyrəndiklərim artıq çoxdan yadımdan çıxıb. Odur ki, bu gün səfərbərliyin əleyhinəyəm. Qoy peşəkar ordu öz işini görsün. Bu gün cəmiyyətdə Qarabağ məsələsi ilə bağlılığı olan ikinci istiqamət siyasət, diplomatiya yolu ilə torpaqların geri alınmasıdır. Şəxsən mən özüm də bunun tərəfdarıyam. Düzdür, bu gün müharibə etmək üçün əla şans yaransa da, mən məsələnin sülh yolu ilə həllinin tərəfdarıyam. Müharibə olursa da, peşəkar ordu ilə olması daha məqsədəuyğundur. Çünki hər xalqın etnosun özünün psixikası, xarakteri var. Bizim xarakterimiz də döyüşkən xarakterdir, amma biz bu gün onu öz içimizdə gizlətmişik. Hələ ki, ondan istifadə edə bilmirik. Birinci Qarabağ müharibəsi veteranlarının da bir neçəsinin etirazı, birinin özünü yandırması və s. cəmiyyətdə azacıq da olsa yanlış fikrə yol açdı.
Biz ünsiyyətdə oluruq. Elə adam var fikirləşir ki, görürsən getdim vuruşdum, amma nə olsun? Ailəm acından ölür. Odur ki bugünkü gündə peşəkar ordu döyüşsə, daha yaxşı olar. Amma ermənilərin bu gün bir balaca ağlı olsa, hansısa razılıq üçün danışığa cəhd edərlər”. 

Cəlaləddin Qasımov (yazıçı və  keçmiş döyüşçü): “Bir qrup insanlar, keçmiş döyüşçülər var ki, onlar savaşa hazırdır. Bir qrup gənc nəsil isə Qarabağın tarixini belə, bilmir. Çünki onlar gözlərini açandan TV-də, mətbuatda əsasən şou müğənnilərini görüb. Daimi vətənpərvərlik mövzusu bəzi qəzetlərdə,  saytlarda yer alır. Onlardan biri də sizin saytdır. Amma ən əsası isə müharibə başlasa, cəmi bir ay belə, çəkməyəcək. Azərbaycan ordusunun  gücü hər kəsə məlumdur. Ermənistanda isə əhali ancaq sabahını fikirəşir ki, sabah bir parça çörək tapa biləcəkmi...
Gəlin tarixə keçmişə qayıdaq -  hansı illərdə Azərbaycanda özbaşınalıq, hakimiyyətsizlik dövlətsizlik var idisə, o illərdə də  ermənilər bundan istifadə ediblər. 1915, 1917, 1992-ci illərdə hakimiyyətsizlikdən istifadə edən düşmənlər öz iç üzlərini göstərdilər, məkrli niyyətlərini bildirdilər. Biz dövlətimizə sahib çıxaraq, bir daha o günlərə  qayıtmamalıyıq”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi