Modern.az

Qazaxdan gəlmişəm...

Qazaxdan gəlmişəm...

7 Avqust 2014, 17:25

Yusif Alı Afşar

Bu iki hissədən ibarət yazını yazarkən orta məktəbin 5-ci sinfində oxuduğum zaman mərhum atam İmrayıl müəllimin böyük ədibimiz Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalındakı “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” baş felyetonunu mənə əzbərlədərlətməsi yadıma düşdü. Bəlkə də o zaman həyatı olduğu kimi dərk etmədiyimdən bu öyrəndiklərim mənə, sadəcə, söz yığnağı kimi görsənirdi. Lakin yaşa dolduqca, həyatın zamandan asılılıq qrafikində rəhmətlik atamın və RƏHMƏTLİK Mirzə Cəlilin acısını dərk etməyə başladım. Kim nə istəyirsə onu deyir onu, onu çağırır. Həqiqətin nə olduğunu qətiyyən bilmək və ya öyrənmək istəmirik.

“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.

Bu girişlə özümü qətiyyən Mirzə Cəlilə oxşatmaq istəmirəm. Belə də ki, kiminsə acığına gəlsə də oxşadıram da. Çünki RƏHMƏTLİK Mirzə Cəlil özünü hər birimizə oxşada bilmişdi. Mənim də, sənin də, sizin də, hamımızın da daxilini göstərə bilmişdi... Sözümə kiminsə gülməyi gəlsə yenə də Mirzə Cəlil sözü ilə onu şallaqlayıram: “əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, onda aynanı qoyun qənşərinizə və baxın gül camalınıza...”

İlin günün bu gərgin vaxtında Ukraynada xristian terroristlərin meydana gəldiyi bir zamanda, Obamanın Putini acından öldürmək istədiyi bir dövrdə, İŞİD-in türkmənləri qırıb qurtardığı bir vaxtda, Bakıda özümə bir daxma tikmək istədiyim bir gündə Qazağa doğma yurdum Yuxarı Salahlıya gedəsi oldum.

Qazaxda nə gördüm?

1-ci yazı:

Əvvəlan, iqtisadi inkişafı ilə dünyaya səs salan Azərbaycanın iqtisadi qüdrəti Qazaxda çox da hiss olunmur. Şəhərin və kəndlərin daxili yolları bərbad haldadır. Əhali üçün iş yerləri çox azdır. Əhali əsasən sosial yardıma ümid bağlayır. Buna baxmayaraq, Qazaxda yaşayan hər bir Azərbaycan vətəndaşı ölkə rəhbərinin siyasi güc xarizması ətrafında sıx birləşiblər. Ulu öndər Heydər Əliyevin “Siz, əziz qazaxlılar, tək özünüzü deyil, bütün Azərbaycanı qoruyursunuz. Siz Azərbaycanın dayağısınız” deyimini özləri haqqında deyilmiş ən yüksək haqq sözü sanaraq dövlətimizə çox sadiq olan qazaxlılar yaşayırlar.  

Saniyən, Qazaxda respublikanın hər yerində olduğu kimi, əhalı səhiyyə problemi içində yaşayır. Sağlamlığında problemlər olan vətəndaşlar Qazax xəstəxanasına, Gəncəyə, Bakıya gəlsələr də bizim bəzi üzdəniraq “qəssəbşünas” həkimlərmizin “kəsilməlidir, götürülmləidir, gecikibdir” kimi vahiməli “diaqnoz”ları qarşılığında əlavə xəstəliklər qazanaraq kasıb küməsinə dönürlər. Döndüyündə isə qohum əqrabadan pul dilənib, dolanmaq məcburiyyətində qalırlar. Pulu olmayan ziyalı qohumlardan bir neçəsi isə ölkənin birinci xanımı, çox hörmətli Mehriban Əliyevaya kömək məktubu yazmalarını məsləhət görürlər. Xəstənin rəngi saraldıqca toplanan pula ancaq qısa müddətdə xarici pasport alaraq (ASAN xidməti yaratdığına görə Prezident İlham Əliyevə xalqın sevgi və duası sonsuzdur) xəstəni Gürcüstana, İrana aparmaq məsələsi meydana gəlir. Avropa standartlarına cavab verən diaqnostika aparatlarının diaqnoz kağızını da qoltuğuna vuran xəstə yiyəsi xəstəni və gündəlik 40-50 manat müqabilində kirayələdiyi tərcüməçini də götürüb bir taksi tutaraq Gürcüstana aparır. Tiflisin “sovetdən qalma” xəstəxanasının qapısından girən xəstənin üstünə gün doğur (əgər ona Azərbaycanda bıçaq vurulub, tərs müalicə etməyiblərsə). Məsələn, yaxın bir qohumumu səhfən prostatdan, mədədən, ürəkdən müalicə edən həkimlər ona bir çuval dərman içirdiblər. Son anda Gəncədə mədəsindən rentgen müayinəsindən keçən qohumuma “10-15 gün ömrün qalıbdır” deyiblər. Həkimlərin dediyinə görə sən demə, mədədə “xərçəng” öz işini görüb bitirib və mədə ən qısa zamanda götürülməlidir. Əməliyyat qiyməti də beş min manat. Xəstə qalır bir tərəfdə, qohum əqraba isə əməliyyat pulu toplamağa başılayır. Son anda bir nəfər rentgen müayinəsinin cavablarını da götürüb Tiflisdəki həkimin yanına qaçır. Gürcü həkim azərbaycanlı həmkarının diaqnozundan utanıb qızararaq, xəstənin mədəsində “xərçəng” deyil, sadəcə, mədə xorası (yazva) olduğunu bildirir. Bu xəbərə sevinən xəstə sahibi iri bir toğlu alır və qurban kəsərək camaata paylayır. Azərbaycanlı həkimin qorxulu diaqnozu sayəsində bir həftə qonşular evdə ət yeyir. Xəstə də tezliklə düzgün müalicə edilir, yenidən öz əvvəlki həyatına dönür və bir hektar bostan sahəsində əkdiyi satılmayan qarpızını “kürələməyə” başlayır.

Salisən, Qazağa getmə səbəblərindən biri də toylara dəvət və dünyadan köçmüş qohum əqrabanın yaxınlarına başsağlığı vermək idi. Mən ayağımı müqəddəs Qazax torpağına qoyduğum anda, bu alçaq ermənilər gecə atəşkəsi pozublarmış. Hörmətli müdafiə nazirimiz açıqlama verənə kimi Qazaxda şəhid olan əsgərimizin xəbəri ildırım sürəti kimi hər yana yayıldı. Avqustun 1-nə keçən gecə cəbhədə baş verən atışma məni 22 il öncəyə apardı. Güclü artilleriya atışması gedirdi. Gecənin qaranlığında sərhəd kəndlərindəki vəziyyəti izləmək üçün kəndimizin ən yüksək zirvəsi olan “Eşşəkuçan” dağına qalxdım. Öz həyat axarında olan İncə dərəsi kəndlərinin sakinləri Azərbaycan əsgərinin arxasında bir eşelon kimi dayanmışdı. Səhər açılanda kəndi başına götürən qara zurnada səslənən “Dan havası”nı eşitsən deyərdin ki, sanki dünən top mərmiləri bu kəndlərə atılmayıbmış... Kəmərliyə qarpız satmağa gedən Salahlı bostançıları axşam ermənilərin dağıtdığı evlərin qalıqlarını təmizləyən sakinlərə qarpız kəsərək ürəklərini sərnitmişdilər...


Həəə... Bax, Qazaxda bir-birini əvəzləyən həyat hadisələri dönəmində Bakıda böyük bir “izdiham” yaşanırmış. Sən demə sosial şəbəkələrdə dil pəhləvanlarımız şəhidlərmizə yas məqsədi ilə öz profillərinə qara lent bağlayıb (qeyrətlilərdən üzr istəyirəm) ermənilərə qarşı folklor nümunəmiz olan acı bayatılar söyləyirlərmiş. Mən də həmin dönəmdə Qazağın bir neçə sərhəd kəndlərinə getdim. İnanılmaz dərəcədə əziyyətlərə qatlaşan sadə kənd camaatını görüncə müqəddəs şəhidlərimizin ruhuna bir “fatihə” oxudum. Qazax camaatı dedi ki, Qarabağdakı qələbə Qazağın 6 kəndinin işğaldan azad olunmasından sonra baş verəcək. Feysbok səhifəmdə bu haqda bir neçə status yazıb paylaşdım. Jurnalist dostlarım bir-bir zəng edərək durum haqqında məlumat öyrənirdi məndən. Amma mən internetə daxil olarkən müxtəlif təyinatlı yanlış, dezinformasiya xarakterli məlumatlar oxuyurdum. “Qazaxda əhali köçürülür” deyə bir xəbər də rastıma çıxdı. Qazağın Məzəm kəndinə getmək istədim. Dedilər ki, kəndə girəcək yollar təhlükəli olduğuna görə post qurulub. Bir nəfər Quşçu Ayrım kəndindən olan kənd sakini isə kəndin erməni postlarına yaxın olduğuna rəğmən təhlükəli olduğunu bildirsə də, kənd camaatının 25 ildir belə yaşadığını söylədi... Amma insafən, digər xəbərlər yalan olsa da informasiya müharibəsi baxımından ruh yüksəkliyinə xidmət edən xəbərlər idi... Sadə vətəndaşlar toylarda, yas yerlərində Ağdam və Füzulinin işğaldan azad olunduğu xəbərini böyük sevinclə bir-birinə muştuluq edirdilər. İlahi, qələbə sevinci necə gözəl hiss imiş!...

Qazaxda ictimaiyyət arasında artıq yavaş-yavaş yayılmağa başlayan üzü saqqallı, bir birinə “əxi” deyən insanlar da meydana gəlir. Məsələnin köklü həll edilməsi baxımından dövlət nəzarətinin güclənməsi çox zəruridir. Çünki sadə vətəndaşların bu olaya qiymət verəcək qədər səlahiyyəti və bilik, məlumatı yoxdur... Uşuruma getmədən gənclərimizi bu fəlakətdən xilas etmək lazımdır. Bu işdə dövlət, ziyalılarla bir arada olmalıdır.

Millət o zaman millət olur ki, onun aydınları millət üçün canını fəda etsin!

Allah sənə rəhmət etsin Mirzə Cəlil!

2-ci yazı:

Avqustun 3-də axşam tərəfi çox acı bir xəbər Qazağa yayıldı. Yuxarı Salahlı kəndinin yuxarı başında, Kür çayının sahilinə Qazax rayonunun Çaylı kəndindən dincəlməyə gəlmiş bir ailənin 4 üzvünü qadalı-qanlı Kür çayı udmuşdu... Kürdə qurşağa qədər suya girib yuyunmaq istəyən 16 yaşlı oğlan ehtiyatsızlıqdan suyun axar hissəsinə yıxılmışdır. Oğlunun qışqıraraq axdığını görən ana fəryad edən oğlunu xilas etmək üçün özünü suya atır. Çayın axarı güclü olduğundan ana balaya kömək edə bilmədiyindən o da kömək istəmişdi. Bu dəhşətli səhnəni kənardan izləyən iki bacı özlərini tam unudaraq qardaşlarına və analarına kömək etmək üçün özlərini çaya atırlar. Ən dəhşətlisi isə yeni ailə qurmuş və 7 aylıq hamilə olan bacının özünü çaya atmasıdır. Bir az yuxarıda balıq tutan ata və kürəkən ani zaman kəsiyində baş verən bu dəhşətli səhnəni görüncə sahil boyu qaçaraq su altında boğulmuş əzizlərini axratmağa başlayırlar. İnsanın qanını iliyini donduran mənzərə idi. Bir ailədən ana, oğul, iki qız itirən ata fəryadını dilllə, söz ifadəsi ilə danışmaq mümkün deyil... Əl vurulmamış süfrə sanki öz səliqəliliyi ilə sahiblərini gözləyirdi... Ana və oğulun Kürdə qərq olmuş meyidləri qızlarından bir gün qabaq sudan tapıldı...

Altı günlük məzuniyyət günümdə bir birindən fərqli xəbərlərin və hadisələrin şahidi oldum. Avqustun 5-də Qazaxdan Bakıya gəlməyə hazırlaşırdım. Saat 22:20-də çıxan “Tiflis-Bakı” avtobusuna da yersifarişi etmişdim. Axşam saat 20:30 radələrində dostum Firdofsidən gələn zəng bütün ruhumu titrətdi. “Hardasan? Başmıza gələndən xəbərin oldumu?”... Onu kövrələn görməmişdim heç... Hıçqırıq boğmuşdu onu. “Ay Firdovsi nə olub dedim?”. Xəttin o başından gələn qırıq səsin içindən “Anarın qızı binadan yıxılıb, ölüb” cümləsini duydum... Dünya başıma fırlandı... Anamın “ay bala nə olub, ay bala nə olub” sözləri belə mənə yuxu kimi gəlirdi. Hər kəlməsinə həmən cavab verdiyim anamın üzündəki ifadəni və əsən əlini görüncə özümü toparlayıb, “Anar yazıq oldu dedim. Gül balası binmadan yıxılıb ölüb” dedim. Axşam dostumla Daş Salahlıya getdim. Anarın ata yurduna toplaşan qohum əqraba 5 yaşlı Cavidan balanı sonuncu dəfə qarşılamağa hazırlaşırdılar. “Ay bala, ay qızım, ay quzum” deyən xanımların nailəsi göyə ucalırdı... Böyük çardaq altında, bəzəkli taxtın üstündə, qırmızı ipək parçaya bükülmüş, ruhu Tanrının dərgahına qovuşmuş Cavidan balanın cismi kənd camaatının əhatəsində ağı deyilərək ağlanırdı. Əsmər nənənin “Ay qızım, sənin yerinə keşkə mən öləydim. Sənə hayıf, a balam” deməsi kişiləri də göz yaşlarına qərq etdi. Ayrılıq məqamında cənazə başında hönkür hönkür ağlayan Anarın gözlərində bir bala həsrəti alovlanırdı. Bayram babanın “getmə, getmə mənim gözəl balam” deməsinə baxan olmadı... Cavidan bala son mənzilinə yola salındı. Hər birimizin qisməti olacaq o gündə görüşənə qədər ata, əmi, baba və bizlər Cavidana əlvida dedik... Allah rəhmət etsin!

Bəli, həyat varsa təzadlar, uyğunsuzluqlar, ziddiyyətlər də olacaq. Bəlkə də bunlar heç də biz düşündüyümüz kimi paradoksial deyildir bizdən yuxarılarda. Amma biz insanlardan asılı olan çox incəliklər var. Tanrı naminə qəlbimizi saflaşdıraq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi