Modern.az

Azərbaycan dilini hansı yazıçı daha yaxşı bilir? - SORĞU

Azərbaycan dilini hansı yazıçı daha yaxşı bilir? - SORĞU

Ədəbiyyat

12 Avqust 2014, 13:03


Modern.az
saytı Azərbaycan ədəbiyyatında (nəsrində) ana dilini gözəl bilən və onun incəliklərindən ustalıqla istifadə edə bilən yazıçıların kimliyi barədə sorğu keçirib. Sorğuda yaşlı və gənc ədəbi nəslin nümayəndələri iştirak edib:

Firuz Mustafa: “Burada konkret bir ad çəkmək risk, bəlkə də məsuliyyətsizlik olardı. Amma mən belə hesab edirəm ki, Azərbaycan dili özünün bütövlüyünü, nəsr və dramaturji başlanğıcını Axundovdan götürür. Sonrakı mərhələdə Vəzirov, Haqverdiyev, Mirzə Cəlil, Çəmənzəminli, Rəhimov, İbrahimov, Şıxlı, Muğanna, Əhmədli və başqaları dilimizin incəliklərindən bacarıqla istifadə ediblər. Əgər fikir verdinizsə, mən yalnız dünyasını dəyişən nasirlərin adını xatırlatdım... Amma bu, o demək deyil ki, müasir dövrdə yaşayan yazıçılarımız bu sahədə az iş görürlər. Yox, elə deyil. Lakin belə hesab edirəm ki, hər bir əsərin insan kimi taleyi olur; onun oxucu təfəkküründə "oturuşması", "özünə yer etməsi” üçün müəyyən zaman və dövr lazımdır.”

Aslan Quliyev: “Ədəbiyyatımızda iki yazıçı – İsa Hüseynov və Sabir Rüstəmxanlı dilin incəliklərindən həmişə məharətlə, ustalıqla istifadə eləmələrinə görə məni heyrətləndiriblər”.

Saday Şəkərli: “Dili həqiqətən az yazıçı-şairlərimiz mükəmməl bilir, söhbət konkret dil bilən yazıçılardan gedirsə, mən Mövlud Süleymanlının, Nəriman Əbdülrəhmanlının adını çəkərdim”.

Fərid Hüseyn: “Əli Vəliyev, Kamal Abdulla, Mövlud Süleymanlı, Fəxri Uğurlu, son əsərini hesaba almasaq Əkrəm Əylisli”.

Əsəd Qaraqaplan: “Sovetlərin qurulmasıyla  kolxoz yazıçı, şairləri Azərbaycan dilinin anasını ağlatdı. Ona görə də üstündən 70 il keçməsinə rəğmən, hələ də bizdə gerçək ana dilində tam mükəmməl  nə isə yaza bilən çox az yazıçı, şair var idi. Amma müstəqillik dönəmində bir çox şair və yazıçı gerçək ana dilimizi bizə qaytarmağa başladı. Bunların içində Rafiq Tağı, Salam Sarvan, Xanəmir, Aqşin, Şərif və s. adını göstərmək olar”.   

Cavid Zeynallı: “Söhbət “60-cılar”dan gedirsə, Əkrəm Əylisli və Mövlud Süleymanlının adını çəkə bilərəm. 

Dilqəm Əhməd: “Bu, bir qədər qəliz məsələdir. Sovet hökumətinin qurulmasından sonra Azərbaycan Türkiyə və İslam mühitindən ayrıldıqdan sonra ədəbiyyatımızda gerçək ana dilimizdə şerlər, əsərlər yazılmağa başladı. Amma İslam və Türkiyə mühiti ilə əlaqə qırılmamışdı. Məsələn, Hüseyn Cavid yenə də köhnə ənənə ilə yazırdı və əsərlərinin sonunda "imlasına toxunulmasın" deyə not buraxırdı. Ona görə də bu gün Hüseyn Cavid şəxsən mənim üçün bir qədər maraqsızdır. Bildiyiniz kimi, təmiz ana dilində, doğma türkcəmizdə sadə yazmağı Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"lə başladı. Bununla bağlı Mirzə Cəlil "Xatirat"ımda maraqlı qeydlər edib. Mənim üçün "Füyuzat" məktəbi önəmli olsa da, onların dili Azərbaycan türkcəsi deyildi. Amma sovetlərin ilk dönəmlərində yazan şairlərə baxsaq, bugünkü anlamda ortaq türkcə ilə yazan adam Almas İldırım olub. Almasın dili mənim üçün ən üstünüdür. Sanki qədim türk dilindən müasir Azərbaycan dilinə qədər hər şey bir-birinin içindədir. Sovet dönəmində Azərbaycan dili ilə bağlı ən önəmli xidmətlərdən biri Səməd Vurğuna aiddir. Səməd Vurğunun mənasız, özünə əziyyət verərək yazdığı şerləri demirəm. "Azərbaycan", "Yadıma düşdü" və bu kimi qəbildən olan şerlərini nəzərdə tuturam. Eyni zamanda Süleyman Rüstəmi də qeyd edə bilərik. Nəsrdə isə İsa Muğannanı düşünürəm. Müasir dönəmə gəldikdə isə yeni yazarlarımızı kifayət qədər oxumadığımdan bir fikir deməkdə çətinlik çəkirəm. Bircə onu deyə bilərəm ki, müasir ədəbi dilimiz çox qəliz, çirklidir. Şerdə vəziyyət yaxşıdır, amma nəsrdə problemlər olduğunu düşünürəm". 

Emin Piri: “Mənə elə gəlir ki, ana dilin incəliklərini bilən və ya bunu əsərlərində istifadə edən yazıçımız Mövlud Süleymanlıdır. Amma bir sıra müəlliflərin də adını çəkmək olar. Heç nəyə baxmayaraq Əkrəm Əylislini burada ön sıralara əlavə edə bilərik. Anar, Məmməd Oruc, Sabir Əhmədli və s. Müasir gənclikdən isə Cavid Zeynallının yazılarının şirin dil üslubunu xüsusi qeyd edərdim. Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Kəramət Böyükçöl… Pərvinin isə nəsrində poetik dil üslubunu qeyd edərdim. Unutduğum imzalar ola bilər”. 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi