Modern.az

Qələbəyə inamla

Qələbəyə inamla

14 Avqust 2014, 14:28

Əsrlər boyu ər-igidlər- Babək, Cavanşir, Koroğlu, Tomris, Nəbilər kimi qəhrəmanlar yetirən xalqımız vətənpərvərlik ruhunda tərbiyələnərək, öz doğma elini, torpaqlarını, vətənini düşmənlərdən qoruyaraq azad etmişdir. Savaşlarda, cənglərdə cəsurluq göstərərək, adlarını qəhrəmanlıq dastanlarına qızıl hərflərlə yazmışlar. Tarixi şəxsiyyətlər sırasında bu gün adları iftixarla çəkilən Şah İsmayıl Xətai, Fətəlixan, Cavadxan, Hüseynqulu xan kimi igid oğullarımızin misilsiz sücaətləri, qəhrəmanlıqları bu gün torpaqları düşməndən azad edərək şəhid olmuş Vətən oğullarımız üçün əsl həyat məktəbi olub. Hərb tariximizin əvəzsiz xadimləri- Əliağa Şıxlinski, Səmədağa Mehmandarov, Cəmşid Naxçıvanski, Həzi Aslanov kimi sərkərdələrin igidlik cığırları ilə şəstlə irəliləyən bu günki əsgərlərimiz alqışa, dərin ehtirama  layiqdirlər. “Ümüdümüz sənədir,  Azərbaycan əsgəri”- deyən xalq şairi Qabil həqiqətən də yanılmayıb. Bu gün məhz Azərbaycan əsgəri düşmənin hər bir həmləsini məhv etməyə, dünya standartlarına cavab verən yeni hərbi texnikadan düzgün, məharətlə istifadə etməyə, vətən torpaqlarını qorumağa və azad etməyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın bir qarış torpağı da düşmənə verilməyəcək, torpaqlarımız düşməndən mütləq azad olunacaqdır. Bizim güclü, qüdrətli ordumuz var və dövlətimizin ərazi bütövlüyü, suverenliyi hər bir zaman təmin olunacaqdır.

Bəli, cənab Ali Baş Komandan doğru buyurursunuz. Bu gün Sizin müdrik, uzaqgörən siyasətinizi daim dəstəkləyən, Azərbaycanın bütün oğul və qızları, müsəlləh əsgər olaraq, Sizin tarixi həlledici əmrinizi gözləməyə səfərbərdir, Sizin ətrafınızda sıx birləşib, dövlətimizi, dövlətçiliyimizi daim qorumağa hazırdır.

Son zamanlar Ermənistan-Azərbaycan –Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan-Azərbaycan sərhəddində, eləcə də işğal olunmuş ərazilərlə təmas xəttində tez-tez baş verən hərbi insidentlər, ermənilər tərəfindən atəşkəsin kobud şəkildə pozulması istər mülki şəxslər, istərsə də hərbçilər arasında ölümlə, bəzi hallarda isə güllə yarası və ya mina partlaması üzündən xəsarət almalarla müşayiət olunur.

Düşmənə aman verməyən Azərbaycanın zabit və əsgərləri cəbhədə, döyüşdə, səngərdə igidlik, mübarizlik göstərərək, düşmənin həmlələrini dəf edir, onları saysız itgilərə məruz qoyur. Təəssüf ki, onlar arasında yaralananlar, şəhid düşənlər də vardır...

Bu ağrı-acı ilk növbədə o oğulları dünyaya gətirən, onlara süd verən müqəddəs, pak, qəhrəman analarımızın ürəyinə dağlar qoyur. Lakin bu əyilməz, mərd, məğrur şəhid analarımız başını daim uca tutur və hamını qisasa çağırır. Çünki, məhz tam qələbə, üç rəngli Azərbaycan bayrağının Xankəndində, Şuşada eləcə də işğal olunmuş və əsgərlərimiz tərəfindən isğaldan azad olunacaq digər torpaqlarda yellənməsi məhz analarımızın, qız-gəlinlərimizin ürəyinə məlhəm olacaq...

Müharibə mövzusu daim ədiblərimizin, şairlərimizin,  yazıçılarımızın, rəssamlarımızın, bəstəkarlarımızın, müğənnilərimizin yaradıcılığına sirayət edib. Onlar sənət əsərləri yaratmaqla yanaşı, həm də xalqımızı daim vətənpərvərliyə, qəhrəmanlığa ,cəngə çağırış eləyib. Eyni zamanda Azərbaycan xalqının sülhsevər, humanist bir xalq olduğunu da nümayiş etdirib. Bu dəmdə xatirimə hələ uşaq yaşlarında SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın ifasında sevə-sevə dinlədiyim sözləri tanınmış şair, ötən il 90 illik Yubleyini qeyd etdiyimiz Novruz Gəncəlinin “Ananın səsi” mahnısı düşdü;

“Ana qəlbim odlanır,
Söz düşəndə davadan.
Bəs deyilmi, qara torpaq
Su içdi göz yaşından.
Bəs deyilmi, ey insanlar,
Töküldü qan, axdı qan?

Yer üzündə dostu olsun,
Gərək insan insanın,
Qəlbimdəki bu arzular
Arzusudur, zamanın.

Mən anayam bu səsimdə
Yerin, göyün, dərdi var.
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar!

Silahları yandırın,
Ərşə qalxsın tüstüsü
Hər obada, hər bir eldə,
Qanad açsın sülh sözü
Üzü gülsün insanların,
Bayram etsin yer üzü.

Bu günlə səsləşən mahnıdır, deyilmi?! Məncə bu mövzuda ən yaxşı sözü təbii ki, şairlər deyir. Odur ki, istəkli oxuculara sənətinə, şəxsiyyətinə Ulu öndər, ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymət verilən xalq şairi Cabir Novruzun aşağıdakı şerini təqdim edirəm. Güman edirəm ki, bu şeirdə həm zəngin məna, həm də bir təsəlli vardır.

Qafar Əsgərzadə,
Pedoqogika üzrə fəlsəfə doktoru,
AJB-nin üzvü

HƏRBİN  ƏSL  FACİƏLİ QƏHRƏMANI  ANALARDIR...

Ən birinci anaları didir, yeyir müharibə,
Ən birinci analara dəyir onun güllələri...
Ən birinci anaların belin əyir müharibə,
Ən birinci anaların arzusunu kül eyləyir...

Nə zaman ki, oğulları cəbhələrə yola düşür,
Anaların bircə gündə qara teli ağa çalır...
Balaların sinəsini hədəf edən qarı düşmən,
Əvvəl,əvvəl analarn ürəyini nişan alır...

Anaların hərbdən böyük qəmi yoxdur, dərdi yoxdur,
Güllə dinsə, ilkin onlar şəhid olub yananlardır...
Davalarda kimlər udub uduzurlar fərqi yoxdur,
Davalarda hamıdan çox uduzanlar analardır...

Bütün qanlı çarpışmalar məhz onları hədəf edir,
-Oğul, oğul nalələri sinələrə dağlar qoyur...
Eh, nəinki məğlubiyyət ən müqəddəs qələbə də,
Anaları gözü yaşlı, anaları ağlar qoyur...

Nə edəsən heyiflər ki, yağını da yaradan var,
Canavarın anası da çox istəyir balasını...
Lap cəllada süd verən də olub ası, olub naçar,
Yəqin o da söyür hərbin ünvanına, qarasına...

Lap Hitleri doğan kəs də yəqin qanın düşməniymiş,
İnanmıram yer üzündə cəng istəyən ana ola...
Dava başsız başçıların fitnəsiymiş, işləriymiş,
Davalarda hamıdan çox analardır talan olan...

Ər oğullar döyüş üçün, vuruş üçün doğulsa da,
Bu mərdliyin ilk beşiyi, son ünvanı analardır...
Davalarda ad cıxaran qəhərmanlar çox olsa da,
Onun əsl faciəli qəhrəmanı analardır...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi