Modern.az

“Sensasiyalı kitablar” – Özü özünə zülm edən İsa Hüseynov - RUBRİKA

“Sensasiyalı kitablar” – Özü özünə zülm edən İsa Hüseynov - RUBRİKA

Ədəbiyyat

19 Avqust 2014, 12:18


Modern.az-ın “Sensasiyalı kitablar” rubrikasında 1950-ci illərin ədəbi hadisəsi olmuş İsa Hüseynovun “Yanar ürək” povestindən danışılacaq. 1957-ci ildə yazılan povestdə yazıçı rəhbər şəxslərdən tutmuş, onlara yarınmaq istəyən sıravi yazıçılar və jurnalistlərə qədər hamının tənqid hədəfinə çevrildi. “Yanar ürək” əsəri ilə bağlı mərhum İ. Hüseynov ölümündən bir neçə il əvvəl danışarkən qeyd etmişdi: “1957-ci ildə “Yanar ürək ” povesti çap olunanda çox böyük tənqidlərə məruz qaldı bu əsər. Jurnalistlər, tənqidçilər, Mərkəzi Komitə tənqid elədi. Hətta bunun sədası Moskvaya qədər getdi.

Ordan tənqidçilər gəldi. Raykom katibini mənfi surət kimi vermişdim. Bu o dövr üçün görünməmiş şey idi. Ümumiyyətlə, Sovet vaxtı doğru söz demək mümkün deyildi. Süleyman Rəhimov 5 cildlik “Şamo” romanını yazdı. Bu, inqilaba həsr olunmuş əsər idi. Mehdi Hüseynin “Səhər” romanı da eləcə. Bundan başqa Əli Vəliyevin, Əbülhəsənin romanları ədəbiyyatın birinci inkişaf dövrünə təsadüf edir. Bunlar romandırlar, müəyyən problemləri qoymuşdular, ancaq həqiqi ədəbiyyat yoluna gəlməmişdilər. Mən onlara qiymət verir, xatirələrini əzizləyirəm. Mirzə İbrahimov, Mehdi Hüseyn haqqında xüsusi portret məqalə yazmışam. ədəbiyyatın o dövründə inkişafa xidmət edən yazıçılar olublar. Amma bizim nəslimiz tamam başqa yolla getdi. Fərqli əsərlər yaratdıq”.

Ədəbiyyatşünas alim, filologiya elmlər namizədi Məti Osmanoğlu isə əslində “Yanar ürək”in  yaratdığı sensasiyaya aparan yolun başqa müəlliflərdən keçdiyini də qeyd edir: “Azərbaycan ədəbiyyatında 1950-ci illərin sonuna doğru köklü yeniləşmə iki böyük təsir gücündən qaynaqlanırdı: Birincisi, Bədii düşüncənin daxili tələbatı, qanunauyğun təkamül ehtiyacı; İkincisi, 1956-cı ildə kommunist partiyasının XX qurultayında sonra Stalinin şəxsiyyətinə pərəstişin tənqidi ilə bağlı bütün sovet məkanında yaranmış yeni mənəvi iqlim. Mənə elə gəlir ki, Səməd Vurğunun “Aygün” poemasının yaranması ilə  Azərbaycan ədəbiyyatında ilk ciddi sensasiyalı hadisə 1952-ci ildə baş vermişdi. Əsər çap olunar-olunmaz Mircəfər Bağırovun şəxsi tapşırığına əsasən, dərhal “qaralama” kampaniyası başlamış, qısa müddətdə şairin əsərləri teatrların repertuarından, kitabları satışdan yığışdırılmışdı. O vaxt Sovet İttifaqı Kommunist Partiyasının ideoloji rəhbəri Suslovla məsləhətləşmədən sonra Səməd Vurğun “bəraət” ala bilmişdi. “Aygün” isə Azərbaycan ədəbiyyatına yeni bir başlanğıc gətirdi və bu əsərin sonradan Azərbaycan nəsrinə, xüsusilə İsa Hüseynovun  yaradıcılığına ciddi təsiri oldu.

XX qurultaydan sonra bütün sovet ədəbiyyatında olduğu kimi Azərbaycan ədəbiyyatında da xalq və rəhbər mövzusuna yeni bir münasibət, baxış bucağı formalaşmağa başladı. Mirzə İbrahimovun “Böyük dayaq”, Mehdi Hüseynin “Qara daşlar” (bir qədər sonra isə “Yeraltı çaylar dənizə axır”) kimi əsərləri bu havanın içindən yaranmışdı və ədəbi mühitə təsirsiz qalmır, ədəbi mühiti öz arxasınca aparırdı“. Amma təbii ki, “60-cılar” nəslinin yaranmasına səbəb olan İsa Hüseynov yaradıcılığı ən böyük sensasiyaya səbəb oldu. Məti Osmanoğlu da zamanın fonunda bu rezonansın gətirdiyi dalğadan bəhs edir. Həmin dövrdə, heç şübhəsiz, ədəbiyyatımızda ən böyük sensasiyanı İsa Hüseynov  “Kabus” və “Yanar ürək” povestləri ilə yaratdı və istər Stalinin, istərsə də Mircəfər Bağırovun “ifşa olunmasına” özünün “vətəndaşlıq” borcu kimi yanaşan Azərbaycan ədəbi ictimaiyyəti çaş-baş şəkildə bu əsərləri qavraya, qəbul edə, özünə yaxın buraxa bilmədi. Cəmiyyətin içindəki qara qüvvəni – kabusu bədii təhlilin işığına tutan, insanların yoluna yanar ürəyin alovu ilə məşəl tutmağa çalışan  İsa Hüseynova qarşı kəskin tənqid kampaniyası başladı. Həmin vaxt faktiki olaraq “Kabus” əsərinin çapı qadağan edildi, “Yanar ürək”sə yenidən işlənildi və “Kabus”dan bəzi fraqmentlər daxil edilməklə povest romana çevrildi. Bu roman istər problematikasına, qoyduğu məsələlərin çəkisinə görə, istərsə də poetikası, bədii keyfiyyətləri baxımından Azərbaycan ədəbiyyatında yeni və fərqli bir hadisə idi. İsa Hüseynov bədii yaradıcılığın diqqətini ideologiyadan, quruculuqdan, dağıdıcılıqdan insana, insanın içinə, ruhuna, faciəsinə yönəltdi (heç təsadüfi deyil ki, ədib həmin illərdə yazdığı “Teleqram” povestini ömrünün son illərində “Faciə” adı ilə nəşr etdirdi).

Bu əsərlərin müzakirəsi zamanı İsa Hüseynovu ən çox müdafiə və himayə edən Mehdi Hüseyn olmuşdu və ədəbi həyatın bir sensasiyası da bununla bağlı baş verdi. İndi bəzilərinin mahiyyətini bilmədən çeynəyib saqqız kimi çürütdükləri “qazaxşina” anlayışı məhz o vaxt, özü də ən “yüksək səviyyədə” dövriyyəyə buraxıldı. 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının ideoloji şöbəsinin müdiri Şapiro Moskvadan Bakıya gəldi, “Mehdi Hüseynin yerliçiliyə qapılıb İsa Hüseynovu kollektivə qarşı qoyması” məsələsi müzakirə olundu...


Lakin ədəbiyyatşünas alimin toxunduğu bir detal da var. Bu da ondan ibarətdir ki, İsa Hüseynov ona qarşı çıxanlarla yanaşı özü də özünə pislik edib. Təfərrüatını isə bu cür açıqlayır: “Ancaq sonradan zaman öz hökmünü verdi, ədəbiyyatın yönü dəyişdi və həm ”Yanar ürək”, həm də İsa Hüseynovun digər əsərləri layiqli qiymətini aldı, dəfələrlə nəşr edildi və yeni oxucu nəslinin yetişməsində mühüm rol oynadı. ”Yanar ürək” Azərbaycan xalqının yaddaş dəyərinə çevrildi... Zənnimcə, “Yanar ürək”lə bağlı sovet ideologiyasının gücü çatmayan ən böyük sensasiyanı da elə İsa Hüseynovun özü yaratdı: 1980-ci illərin ortalarında bu əsərin mətni əsasında müəllif ədəbiyyat tariximiz üçün yeni mərhələ təşkil edən “İdeal” romanını yazdı və “Yanar ürək”dən, eləcə də bir sıra əsərlərindən imtina etdi. Bu İsa Hüseynovun ikinci sensasiyalı imtinası idi: “Yanar ürək” yarananda özünün çox populyar olan “Dan ulduzu” və “Bizim qızlar” povestlərindən də imtina etmişdi...”  

Elmin Nuri  

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI