Modern.az

Ağaclarla dərdləşmə

Ağaclarla dərdləşmə

7 Sentyabr 2014, 21:25

Cəlaləddin Qasımov


İnsan oğlu var olduğu gündən havaya, suya ehtiyac duyduğu kimi, yaşıllığa da ehtiyacı var. Havaların isti vaxtında kölgəsinə sığındığımız ulu çinarlar eyni zamanda bizim nəfəsimizdir... Çinarlar dedim, yadıma balaca vaxtı babamın məni dizlərinə sıxıb dedikləri düşdü:

- Bu çinara yaxşı bax bala, onu yaddaşına köçür. Çünki bu çinar bizim tariximizdir. Bizim millətin kitablara yazılmayan qəhrəmanlıqlarına tanıqdır bu çinar..! Neçə yüzil yaşı var. Hər yarpağına tarixin ayrı-ayrı yarpaqları köçüb... Nə zaman tarixi vərəqləməq istəsən, gəl, onların xışıltısına qulaq ver.

- Baba, ağaclar danışırmı?

- Danışır bala, bu sözümü yadından çıxarma, illər keçsə də, sən bu ağacların səsinə qulaq verməyi unutma..! Arada gəl ürəklərinə qulaq ver... ürək ver... dərdlərini dinlə... Tariximizi kitablardan deyil, bu ağaclardan öyrən, bala. Təsadüfi deyil, fateh dədələrimiz getdikləri torpaqlara çinar əkərdilər – köklü, kölgəli, uzunömürlü çinarları dövlət nişanı bilmişlər...

...Mən uşaq ilgisi ilə babamın dediklərini dinləyib, ağlımın bir qırağına yazmışdım... Başım dostlarımla oynamağa qarışsa da, böyüyəndən sonra bir gün şəhərin boğuq bürküsündən qaçmağa yer axtaranda, babamın dedikləri yadıma düşdü. Eləmə tənbəllik, üzü Əsrikə yol aldım. Nə qəribədir, mən babamın dediklərinə elə güvənmişdim ki, Əsrik meşəsinin qırağındakı ağaclıqda oturub onları dinləməyə başladım... Ağacların gövdəsindəki yaralar ilk dəfə gözümə çarpdı, Əsrik çayına atılan zir-zibil topdan diqqətimi çəkdi. Nə qədər səliqəsiz olduğumuzun fərqinə varıb, ağaclardan birinin gövdəsinə yaslanıb gözlərimi yumdum. Və… …gözlədiyim möcüzə baş verdi! – Ağaclar mənə ürək açıb, dərdləşirdilər...

***                                       

...Əsrik dərəsindəki kafelərin birindən boy göstərən Fıstıq ağacı dilləndi:

- Bax, dələduzun biri də gəlir…

Aşağıda bitmiş Palıd ağacları gülməyə başladı. Fıstıq:

- Siz niyə gülürsüz?!.

Palıdlar bir ağızdan dilləndi:

- Bizim gülüşümüz acıdır... – bu dələduzu yaxşı tanıyırıq. Atası ilə bundan qırx il öncə adlarını bizim gövdəmizə qazıyırdılar.

Yuxarıdakı Göyüş ağacı köksünü ötürdü:

- Mənim də tanıdıqlarım var, bax, onun adı Eldardı. Üç ildir, bizim dərimizi soyub adını yazır...

Ağacların ən cavanı Cökə:

- Baxın, maşından düşürlər, o körpə də yəqin onun oğludur. O da böyüyəndə, mən də sizin kimi, qollu-budaqlı, enli gövdəli ağac olanda, onun oğlu da mənim qabığımı soyub adını yazacaq.

Qələmə Ağcaqayın dilləndi:

- Sizin üç yüz ildən çox yaşınız var. Mənim ayağa qalxdığım elə üç ildir... Siz bilərsiz, bu adamlar bizdən nə istəyir? Niyə bizim dərimizi soymaqdan həzz alırlar? Guya adlarını sinəmizə həkk edəndə nə olur?! Bəs onlar bilmirlər ki, bu hərəkətləri bizi necə incidir? Məgər onların bir parça dərisini qoparsan, ağrısına dözə bilərlər?

Qoca Palıd sükunətini pozdu:

- Eh, mənim yaşım beş yüzili ötüb, hələ mən anlaya bilməmişəm onları. Bircə onu deyə bilərəm ki, biz insanların ürəyinin içini oxuyuruq, onların duyğularından xəbərimiz var. Onlar bizim nə çəkdiklərimizi bilirlərmi? – Xeyr!

Çay qırağından Fıstıq dikəldi:

- Görün kim gəlir, yenə ağacların qənimi ad yazanları bağışlamaq olar, bu gələn Tahirdi, bizim nəsildən neçə ağacı kəsib. Bax, indi ağacları gözünə kəsdirəcək, öz-özünə də deyəcək, “bu ağacdan beş villanın taxta-şalbanı çıxar”. Hələ bir-bir ağaclara baxacaq, hansında neçə kub taxta olduğunu hesablayacaq.

Deyirəm, heç olmazsa, dağ kəndlərinə qaz çəkilir. İnşallah, az qalıb, bütün kəndlər qazla təmin olunandan sonra bunların əlindən canımız vaxtsız odun olmaqdansa... qurtaracaq.

Ceyrançöldə, Kür qırağında, Şabadinli meşəsindən qonaq gəlmiş Qovaq ağacı:

- Biz o günləri gördük, yaşadıq, qaz olmayan vaxtlarda bizim nəslimizi kəsdilər.

Söyüd ağacı söhbətə qoşuldu:

- Qaz bir az da gec gəlsəydi bizim kökümüzü kəsmişdilər. Göl də bizim başımıza ayrı bir bəla oldu. Meşənin bir hissəsi suyun altında qaldı.

Şamlıq dərəsindən Vələs ağacı hay verdi:

- Biz insanlara necə başa sala bilərik ki, axı biz də canlıyıq, biz də yaşamaq istəyirik, sizə şüur verilib, ağıl verilib. Siz bilirsiz ki, ağaclar sizə oksigen verir. Yayda sərinləyirsiniz kölgəmizdə. Ekologiyanı pozub öz planetinizi dağılmaq təhlükəsilə qarşı-qarşıya qoyursunuz. Biz də Əsrik dərəsində yayın tez qurtarmağını gözləyirik, Tanrı xatirinə insanlar burdan, meşədən uzaqlaşsınlar... Görəsən insanlarla yaşayan ağaclar neyləyir?

Rayon mərkəzindən, istirahət parkından bağlantıya qoşulan Palıd ağacı:

- Bayaqdan sizə qulaq asırıq. Bizim parkda bir ağacın yarpağına da toxunulmur. Bizə hər gün su verib qayğımıza qalırlar. Biz yaz-qış insanlarla birlikdə oluruq. Nəinki insanlardan qaçmaq istəyirik... əksinə onlar olmayanda çox darıxırıq...

Azaflıda Çinar ağacı:

- Mən də beş yüzildən bəridir ömür sürürəm. Mənim kölgəmdə Şah İsmayıl Xətainin Qızılbaşlar Ordusu düşərgə salıb üç gün qonaq olub. Mən insanların bilmədiyi tarixdə iz olmayan qəhrəmanlar, şahlar, sultanlar görmüşəm. Hər zamanın özünə görə bir çağırışı var. Bu yüzillik də bizim dövrümüz, zamanımızıdr, deyə düşünürəm... Artıq dövlət ağacları qoruma altına alıb. O dövrlər geridə qaldı. Artıq insanlar bizə qayğıyla yanaşırlar, yanaşmalıdırlar..! Çünki insansız bir dünya heç kimə lazım olmadığı kimi ağacsız bir dünyanın da kimsəyə yararı olmaz.

Fıstıq üzünü Qoz ağacına tutdu:

- Sən niyə susursan, bə?

Qoz ağacı ağır-ağır dilləndi:

- Nə deyim axı?.. Onsuz da insanlar bizim səsimizi eşitmir. Elə onların sözü ilə desək, “sapı özündən olan baltalar” misalını onlara şamil eləmək lazımdır. Onların tamahı ekologiyanı pozub Yer kürəsini məhv edəcək. O adamlar ki, bir vaxtlar qoz ağacından qapı-pəncərə düzəldirdilər, indi qoz ağacı tüfəng qundağı üçün istifadə edilir. Özünüz bilirsiniz, bizim boyumuz qədər də kökümüz var. Köklərimizlə də Avropa maşınlarının içini bəzəyirlər. Bizə bəyəm heç söz yeri qoyublar ki, biz də nəsə deyək?!.

Fıstıq:

- Eh, bircə qış tez gəlsəydi… Bəlkə soyuq havalardan qorxub evlərinə yığışardılar, biz də bu Əsrik çayının qırağındaca rahat edəydik...

Qoz ağacı:

- Əsrik çayı, sən nə düşünürsən? İnsanların tamahına nə deyirsən?

Əsrik çayı:

- Nə deyim, ay Qoz ağacı, daha sözüm-gapım qalmayıb. Vaxtilə buraların ən təmiz çayı məniydim, indi çirkim başımdan aşır. Mən onlarla bulağın suyundan yaranıram. İnsanların min bir dərdinə dərman olan, dərələrdən axıb süzülən, qaynayan bulaqlardan… O sulardan ki, insanlar şəhərdə damlasına möhtacdır... amma mənim ətrafımda iki yüzdən çox kafe açdılar, hər gün yeyib-içib zibillərini başımdan aşağı axıdırlar. Mən elə günə qalmışam, deyəcək sözüm qalmayıb. Bəyəm mən onlara başa sala bilirəm ki, o zir-zibilinizi zəhmət çəkib bir quyu qazın və ora atın..?

Qoşadan bir ixtiyar Palıd dilləndi:

- A qadınız alem, siz çay qırağında rahat yerdəsiniz, hələ narazılıq da eləyirsiniz? Biz sınırdayıq, hanı o dinsiz-imansız ermənilərlə burun-burunayıq. İmansızlar meşələri yandırmaqla məşğuldular.

Qarabağın Topxana meşəsindən Palıd ağacının ruhu dilə gəldi:

- Bir az da məni düşünün. Qarabağın qazı kəsildi. İndi bütün qışı ağacları kəsib tökəcəklər... Görəsən, nə vaxt can Azərbaycan öz torpaqlarına yiyə dura biləcək?!. O dinsizlərə həddini nə vaxt bildirib bu torpaqlardan qovacaq?!.

Göyüş ağacı:

- Qarabağda ermənilər qalıb ki?!. Qazın kəsilməyi onları pis günə qoyub, köçürlər. Mən bir il, bir qış qalıb, deyirəm ki, Azərbaycan öz torpaqlarına sahib çıxacaq. İmansız ermənilər meşədə ağacı balta əvəzinə avtomat silahlarla “doğrayırlar”, yıxılandan sonra baltanıı çıxarıb qol-qanadını doğrayıb odun edirlər.



***

Babam haqlıymış. Ağacların da dili varmış. Dil deyirdilər, danışırdılar öz aralarında. Hayqırırdı ağaclar, kimi dost, kimi də düşmən əlindən… Biz insanlarsa onların səsinə qulaqlarımızı elə bərk yummuşduq ki, sinələrinə adlarımızı deyil, dərdlərimizi qazıdığımızdan xəbərimiz olmamışdı…

Əsrik dərəsinin qırağında dərd çəkirdi ağaclar, bizim insan olduğumuzu çoxdan unutduğumuzdan xəbərsiz…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi